Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən Qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məbləğdə icbari tibbi sığorta üzrə sığorta haqları ödəyəcəklər.
KONKRET.az xəbər verir ki, onlar tərəfindən sığorta haqqının ödəmək öhdəliyi təqvim ili ərzində yarandıqda, həmin şəxslər üçün sığorta haqqı 12-yə bölünməklə öhdəliyinin yarandığı ay da daxil olmaqla ilin sonunadək növbəti ayların sayına vurulmaqla hesablanacaq (aylıq təxminən 16 AZN-red). Bu şəxslər tərəfindən sığorta haqqının ödənilməsi müddətləri pozulduqda, müəyyən olunmuş sığorta haqqının 10 faiz həcmində əlavə sığorta haqqı ödəyəcəklər.
Bu zaman isə sual yaranır. Əgər vətəndaş işləmirsə, bu məbləği necə ödəyəcək?
Məsələ ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafa Milli.Az-a açıqlamasında bildirib ki, bütün hallarda işləməyən vətəndaşlara müəyyən güzəştlər nəzərdə tutulmalıdır.
Onun sözlərinə görə, bir insan işləmirsə, ondan sığorta və ya digər ödənişləri tələb etmək məntiqsizdir.
Deputat qeyd edib ki, cərimə məsələsi də bu baxımdan yenidən düşünülməlidir:
“Ola bilsin ki, sığorta sistemi daxilində müəyyən imkanlar var, amma istənilən halda məntiqli yanaşma ondan ibarətdir ki, işsiz əhali üçün sığorta daha çox sosial dəstək xarakteri daşıyır”.
F.Mustafa əlavə edib ki, əgər insan ödəniş edə bilmirsə və buna görə sığortadan istifadə hüququndan məhrum ediləcəksə, bu, həmin vətəndaşın sistemdən kənar qoyulmasıdır:
“Dəyişiklik müzakirə olunmalı məsələdir. Bunun ictimai müzakirəyə ehtiyacı var. Çünki biz bütün aztəminatlı insanları diqqətdən kənar saxlaya bilmərik”.