Bakı, 6 noyabr, Gözəl Ağayeva, AZƏRTAC
Hazırda türk dillərinin ümumi tarixinin, quruluşunun yeni üsullarla araşdırılmasına ehtiyacımız var. Gənc tədqiqatçılar bu istiqamətlərə diqqət yetirməlidirlər.
Bu fikri AZƏRTAC-a müsahibəsində Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri filologiya elmləri doktoru, professor Məhərrəm Məmmədli söyləyib.
Müasir texnologiyanın türkologiyaya tətbiqinin zəif olduğunu diqqətə çatdıran professor deyib: “Gənc tədqiqatçılar süni intellekt vasitəsilə türk dillərinin korpuslarını, qədim türk abidələrinin korpuslarını yarada bilərlər. Beləliklə, türkologiya daha da inkişaf edər. Görkəmli türkoloqların dil korpusunu yaratmaq mümkündür. Gənclərimiz bu sahələrdə böyük müvəffəqiyyət qazana bilərlər”.