AZ

Azarkeşlərdən “Qarabağ”-“Çelsi” oyununa reaksiya: “Fəxr edirik, qürur duyuruq!”

Dünən axşam Bakıda baş tutan “Qarabağ” - “Çelsi” oyunu futbol ictimaiyyətində böyük maraq doğurdu. Ağdam təmsilçisi bu dəfə də güclü rəqib qarşısında əzmkarlıq və taktiki düşüncə nümayiş etdirdi. Oyun ərzində həm müdafiədə, həm də hücumda intizamlı çıxış edən “Qarabağ” azarkeşlərinə qürur anları yaşatdı. Ağdam təmsilçisi İngiltərə nəhəngi qarşısında 1 xal qazanaraq Avropa arenasında öz dayanıqlığını bir daha nümayiş etdirdi.

Redaktor.az matçdan sonra paytaxt sakinləri arasında sorğu keçirib. Fərqli yaş qruplarından olan azarkeşlər oyuna və nəticəyə münasibətlərini bildiriblər.

13 yaşında olan məktəbli Əli bildirdi ki, oyun çox gərgin idi, amma "Qarabağ" sona qədər mübarizə apardı:

"Mən hər qol imkanında sanki meydanda idim. Fəxr edirəm ki, belə komanda bizimdir!"

"Mənə görə, "Qarabağ"ın oyun strategiyası çox bəyəndiyim kimi deyildi, ötürmə zəif idi. Amma yenə də nəticə sevindiricidir, şükür ki, udduq. Əsas odur ki, komandamız Avropa nəhəngləri ilə eyni səviyyədə oynayır", - deyə universitet tələbəsi Aysel fikirlərini bölüşdü.

Qəssab Baba dayı isə dedi ki, son günlər ət bazarında olan durğunluq onun kefini pozsa da, Qarabağ ona sanki motivasiya oldu: "Bu komanda təkcə futbol yox, həm də ruh deməkdir. Onlara baxanda insan qürur duyur, çünki Qarabağ adı səslənir".

"Hakimlər bir neçə epizodda tərəfkeşlik etdilər. Qarşı tərəfin oyunçuları millimizin futbolçularına qarşı kobudluq etdilər, amma sarı kart belə verilmədi. Buna baxmayaraq, uşaqlar dözümlülük və peşəkarlıq göstərdilər. Mənim üçün nəticə ikinci plandadır. Əsas odur ki, "Qarabağ" meydanda öz gücünü, əzmini göstərdi. Bu, təkcə idman deyil, həm də Vətən sevgisidir", - deyə keçmiş hərbçi Elçin bəy bildirdi.

Nuriyyə NATİQQIZI

Seçilən
28
redaktor.az

1Mənbələr