AZ

Süni intelleklə bağlı Azərbaycan alimlərinin fəal iştirakını gözləyirik - Deputat

Yazını böyüt
Yazını kiçilt

"Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında Azərbaycan Prezidenti İlham Əliyevin texnoloji inkişaf, rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizliklə bağlı dedikləri təkcə elmə aid məsələ deyildi. İndi biz tarixin elə bir mərhələsindəyik ki, dövlətimizin gələcəyinin necə olacağı, daha dəqiqi olub-olmayacağı texnoloji inkişafdan, rəqəmsallaşmadan, süni intellekti təbii intellektin kontrolunda saxlamaq bacarığımızın səviyyəsindən və kibertəhlükəsizliyimizi özümüzün təmin edə bilib-bilməyəcəyimizdən asılıdır. Dövlət başçımızın bu haqda dedikləri əslində alimlərə, ilk növbədə də gənc alimlərə təşəbbüs göstərmələri üçün edilən çağırış idi".

Bunu Hafta.az-a açıqlamasında deputat Sahib Alıyev bildirib.

O, prezidentin çıxışına istinadən deyib ki, 10 il bundan əvvəl süni intellekt barədə heç kim heç nə danışmırdı. Bu gün artıq bu, ölkələrin gələcək inkişafının ayrılmaz hissəsidir:

"Biz burada geri qalmamalıyıq. Ona görə dövlət lazımi addımları atır. Biz hər zaman əsas aparıcı xəttin, yəni, "mainstream"in, əgər belə demək mümkündürsə, arxasınca gedirik və geri qalmamalıyıq. Azərbaycanda süni intellektin həm inkişafı, həm də həyatda, iqtisadiyyatda, texnoloji inkişafda tətbiqi bu gün reallıqdır və əlbəttə ki, biz burada Azərbaycan alimlərinin fəal iştirakını gözləyirik".

Deputat kibertəhlükəsizliklə bağlı məsələyə də diqqət çəkib. İndi dünyada kiberhücumların geniş vüsət aldığını deyən S.Alıyev vurğulayıb ki, Azərbaycan da bu hücumlara bu il məruz qalmışdı:

"Kibertəhlükəsizlik Mərkəzinin yaradılması vaxtında atılmış addımdır. Biz beynəlxalq tərəfdaşlarla, bu sahədə böyük təcrübəyə malik olan şirkətlərlə çox geniş proqramlar üzərində işləyirik ki, özümüzü maksimum dərəcədə qoruya, müdafiə edə bilək. Çünki kibertəhlükəsizlik, virtual təhlükəsizlik deyil. Bu, hər bir ölkənin fiziki təhlükəsizliyidir. Bu gün həm müharibələrin aparılma qaydaları dəyişir, təhlükələrin mənbələri dəyişir, ümumiyyətlə dünya dəyişir. Ona görə bu sahəyə əgər lazımi diqqət göstərilməsə, heç bir başqa müdafiə imkanı bizi böyük problemlərdən qoruya bilməz. Kibertəhlükəsizliklə bağlı dövlət və elm ictimaiyyəti birgə işləməlidir. Əlbəttə ki, eyni zamanda, bizə qarşı kiberhücumlar təşkil edən ölkələr, ya tərəflər, ya qurumlar cəzasız qalmamalıdır. Biz həm özümüzü müdafiə etməliyik, həm də bizə zərər vermək istəyənlərə layiqli cavab verməliyik".

Seçilən
40
hafta.az

1Mənbələr