AZ

"Qarabağ" Avropanı təəccübləndirməkdə davam edir - Ertem Şenerin təbirincə desək, "pes etmek yok"

Böyük nəticələr qazanıldıqca, klub özü də böyüyür, başqalarının gözündə də böyüyür. Bu "Qarabağ" bizim gözümüz önündə böyüdü. Yıxıla-yıxıla böyüdü, zaman-zaman haqsızlıqlara uğraya-uğraya böyüdü, amma böyüdü! 

Məsələ udub-uduzmaq deyil. Bu dəfə heç-heçə elədik. Qarşıda qələbələr də olacaq, məğlubiyyətlər də. Amma ötən gün biz "Çelsi"yə meydan oxuyan, heç nədən çəkinməyən "Qarabağ" gördük. Seviniləsi, öyünüləsi məqam məhz budur. Qapımız önündə çətin anlar da yaşadıq, rəqibə qapısı önündə çətin anlar da yaşatdıq. 

"Qarabağ" Avropanı təəccübləndirməkdə davam edir. Oyundan qabaq "Çelsi"nin baş məşqşisi Entso Mareska hansısa çalışdırıcının 17 il bir klubda işləməsini heyrətamiz hadisə adlandırmışdı. Dünən meydanda həmin 17 ilin bəhrəsini gördü "Qarabağ" rəhbərliyi, nəticəsini də Mareska.

Qurban Qurbanov komandanı əla hazırlamışdı bu oyuna. Xüsusən də mental cəhətdən. "Qarabağ" yenik duruma düşəndə belə, oyundan düşmədi. Sürət anlamında ağır keçən oyunun yükünü sona qədər daşıya bildi komandamız. 

Və Ertem Şener! Türkiyədən məhz "Qarabağ"a görə ölkəmizə gəlmiş həmkarımız matçın şərhində iştirak etdi. Əslində, bu şərhi yaşadı desək, daha doğru olar. Təşəkkür, abi. Gələn ayaqların, danışan dilin var olsun! 

Başqan Tahir Gözel oyundan sonra deyib ki, daha dörd xal qazanılsa, 24-lüyə düşmək üçün yetərli ola bilər. Hamımız ümidliyik, bunu bacararıq. Mübarizə davam edir. Qurban Qurbanovun ordusu sona qədər savaşacaq. Hər nə olsa da, Ertem Şenerin təbirincə desək, "pes etmek yok"!!!

Emin Abbasov

 

saytlarin hazirlanmasi

Seçilən
21
sportal.az

1Mənbələr