AZ

Maykl Kanniqem: Tənqidləri oxumuram, onlar yaradıcılıq prosesinə mane olur... Müsahibə

Kulis.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

6 noyabr məşhur "Saatlar" əsərinin müəllifi, Pulitzer mükafatı laureatı, yazıçı Maykl Kanninqemin doğum günüdür.

Kulis.az bu münasibətlə Sergey Kumışın yazıçı ilə müsahibəsini ixtisarla təqdim edir.

- “Vəhşi qu quşu və digər nağıllar” kitabınız sanki sizin əvvəlki romanlarınızdan fərqli olaraq bir az sehrli, nağıl atmosferindədir. Niyə bu dəfə məhz klassik nağıllara müraciət etdiniz?

- Mən sadəcə sevdiyim nağılları yenidən danışmaq istədim. Onları uşaqlıqdan çox sevirdim və bəzilərini dəfələrlə oxutdururdum. Bəlkə də bu kitabda mən özümə bir az daha çox azadlıq verdim — nağıl yazmaq elə bir şeydir ki, orada həm dərinlik, həm də oyun var. Əgər nağıl yazmaqdan zövq almırsansa, deməli, nəsə düz getmir.

- Sizin əsərlərinizdə dilin melodikası, səsi çox vacibdir. Hiss olunur ki, sizin üçün söz yalnız məna deyil, həm də musiqidir. Bu doğrudurmu?

- Bəli, tamamilə razıyam. Mənim üçün səs mənadan öncə gəlir. Proza da musiqi kimidir: cümlə yalnız fikir bildirməməli, həm də səslənməlidir. Mən tələbələrimə tez-tez deyirəm ki, yaxşı cümlə elə olmalıdır ki, onu həmin dili bilməyən adama oxuyanda da o, onun havasını duya bilsin.

- Yazı zamanı musiqiyə qulaq asdığınızı demisiniz. “Çalarlar”, “Gecə başlayır”, “Evin kənarında” kimi romanlarınızda fərqli melodiyalar var idi. Bəs “Vəhşi qu quşu və digər nağıllar”ı yazanda nə dinləyirdiniz?

- Bu dəfə klassik musiqidən uzaq dayanmaq istədim. Ona görə daha çox müasir qrupları dinləyirdim: TV on the Radio, Alabama Şeyks, "Florence and the Machine" və başqaları. Mənim üçün musiqi sadəcə fon deyil – kitabın daxili ritmini müəyyən edən başlanğıcdır.

- Gəlin, bir az kitabın quruluşundan danışaq. “Vəhşi Qu Quşu və digər nağıllar” on nağıldan ibarətdir – hamısı klassik süjetlərin yeni yozumlarıdır. Burada Andersen də var, Qrimm qardaşları da, Janna-Mari Leprens de Bomond və Uilyam Ceykobs da. Bu nağılları necə seçdiniz? Niyə məhz bunlar?

- Mənim üçün xüsusi bir seçim prinsipi yox idi. Hətta desəm ki, onları bir mövzu birləşdirir, bu da tam doğru olmaz. Sadəcə, uşaqlıqdan ən çox sevdiyim nağılları seçdim. Uşaqlar, ümumiyyətlə, qəribə məxluqlardır. Mən isə, görünür, daha da qəribə idim – eyni hekayələri yenidən və yenidən oxumağı xahiş edirdim.

- Sizin əvvəlki romanınız “Qar Kraliçası” da Andersenin eyni adlı nağılından ilhamlanmışdı, baxmayaraq ki, bu təsir orada daha incə hiss olunur. Görünür, son illərdə əsərlərinizdə mistik, izaholunmaz bir istiqamətə meyil var. “Qar Kraliçası”ndakı Barrett Mixsin daxili aydınlanması ilə “Vəhşi qu quşu”ndakı sehr – əslində eyni təbiətli hadisələr deyilmi?

- Bəli, tamamilə doğrudur. Son vaxtlar məni getdikcə daha çox sehr və izaholunmaz hadisələr maraqlandırır. Amma bu, dini və ya ezoterik mənada deyil. Mənim üçün maraqlı olan – adi məntiqlə açıqlanmayan, lakin varlığını hiss etdiyimiz hadisələrdir. Bunu “transsendent olanın varlığı” da adlandırmaq olar. Mən özümü heç cür böyük Qabriel Qarsia Markeslə müqayisə etmirəm, amma etiraf etməliyəm ki, onun ustalıqla yaratdığı magik realizm məni getdikcə daha çox cəlb edir. Bəlkə də məsələ sadəcə ondadır ki, yeddi-səkkiz kitab yazandan sonra mən başa düşdüm: dünyanın adi, izaholunan tərəflərinin də bir sonu var. Və o sərhəddən o tərəfə baxmaq çox maraqlıdır.

- Nağıllarınızda və romanlarınızda qəhrəmanlarınız sanki bir ideala, gözəlliyə doğru can atırlar. Onlar üçün bu nə deməkdir?

- Gözəllik mənim üçün sadəcə estetik anlayış deyil. Bu, dünyanın içindəki bir harmoniya hissidir – işığın və qaranlığın, kədərin və sevincin tarazlığı. Mənim qəhrəmanlarım bu tarazlığı axtarırlar. Bəziləri ona bir anlıq da olsa yaxınlaşır. Məncə, gözəlliyə can atmaq – insan olmağın əsas hissəsidir.

- Əsərlərinizdə hadisəslərin çoxu Nyu-Yorkda baş verir. Niyə məhz bu şəhər?

- Çünki mən onu ən yaxşı tanıyıram. Nyu-York mənim üçün sadəcə fon deyil, canlı bir varlıqdır. Mənim yazılarımda bu şəhərin səsi, ritmi, xaosu və gözəlliyi var. Əgər mən hadisəni başqa şəhərdə qurmağa çalışsaydım, bu, yalan kimi səslənərdi.

- Siz illüstrator Yuko Şimizu ilə də işləmisiniz. Onu necə seçdiniz?

- Sadəcə internetdə axtarış etdim və onun işlərini gördüm. Mənə qaranlıq, yaddaqalan və bir az təhlükəli gözəlliyi olan təsvirlər lazım idi. Yuko kitabı oxuyandan sonra razılaşdı və bu, əsl yaradıcılıq əməkdaşlığına çevrildi.

- Sizcə, istedad nədir?

- Məncə, istedad - prosesin özünə sonsuz maraqdır. Mən yazdıqlarımdan hər zaman razı qalmıram, amma marağım heç vaxt azalmır. Ola bilsin ki, məhz bu, istedadın özüdir.

- Oxucularla münasibət sizin üçün vacibdirmi?

- Bəli, yalnız oxucu ilə əlaqə vacibdir. Mən artıq çoxdan tənqidləri oxumuram, onlar yaradıcılıq prosesinə mane olur. Amma tanımadığım insanlardan gələn məktublar, onların kitablarımda öz həyatlarını tapdıqlarını bilmək – bu, yazıçı üçün ən böyük mükafatdır.

"Aldadılmağıma icazə verdim" - Günter Qrass özünü niyə bağışlamırdı?

Firəngiz Mütəllimova: "Təhminə obrazına məni çəkəcəkdilər, yataq səhnəsini göstərdilər, dedim..." - Müsahibə

"İndi onu səngərdə bəs üşütmürmü qar, külək?" - Günün şeiri

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
2
kulis.az

3Mənbələr