AZ

Sosial layihələr rifahı yüksəldir, məmnunluğu artırır

Qarabağ və Şərqi Zəngəzura qayıdanlar da zəruri xidmətlərlə əhatə olunur

Dinamik iqtisadi inkişafı və beynəlxalq münasibətlər sistemində nüfuzlu mövqeyi ilə seçilən, öz ərazi bütövlüyünü, bununla ədaləti və beynəlxalq hüququ təmin etmiş qalib Azərbaycan dövləti vətəndaş rifahının təminatı istiqamətində mühüm irəliləyişlərə yol açan güclü sosial siyasət həyata keçirir.

Azərbaycanın sosial siyasət modeli həm regional, həm də beynəlxalq səviyyədə dayanıqlılıq, ədalətlilik və innovativ idarəetmə nümunəsi kimi dəyərləndirilir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar, əsasən, təqaüdlərin artırılması, sosial yardımların ünvanlı və şəffaf şəkildə verilməsi, əmək bazarının inkişafı, yeni iş yerlərinin yaradılması və məşğulluq proqramlarının genişləndirilməsi kimi sahələri əhatə edir. Əsas məqsəd əhalinin rifahını yüksəltmək və sosial-iqtisadi dayanıqlılığı təmin etməkdir.

Azərbaycan brendi olan və artıq dünya ölkələrinin maraq göstərdiyi, BMT-nin dəstəklədiyi «ASAN xidmət», Dayanıqlı Operativ Sosial Təminat (DOST), özünüməşğulluq proqramının tərkib hissəsini təşkil edən Ailə Biznesinə Asan Dəstək (ABAD) kimi layihələrin qabaqcıl təcrübə olaraq beynəlxalq səviyyədə öyrənilməsi, yayılması ölkəmizdə aparılan sosial islahatlara verilən dəyərdir.

Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan DOST Agentliyi sosial xidmətlərin göstərilməsində yeni yanaşma formalaşdırdı. Layihə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsüdür. 2019-cu ilin mayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ilk DOST Mərkəzi istifadəyə verildi və bununla da dövlət sosial xidmətlərinin göstərilməsində şəffaflıq, operativlik və vətəndaş məmnunluğuna əsaslanan “bir pəncərə” prinsipi reallaşdırıldı. Dövlət başçısı mərasimdə bildirmişdi: “Bizim siyasətimiz demək olar ki, DOST mərkəzlərində öz əksini tapır – islahat, innovasiya, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə, yeni texnologiyalar, gənclərin bu işlərə cəlb olunması, könüllülərin fəaliyyəti. Yəni bu mərkəzlər müasir Azərbaycanın simasını əks etdirir”.

Hazırda DOST mərkəzləri əmək, məşğulluq, sosial müdafiə, reabilitasiya və əlillik sahələrində 13 istiqamət üzrə 161 adda xidmət təqdim edir. Ölkə üzrə fəaliyyət göstərən 7 DOST mərkəzi, Zəngilanın Ağalı kəndində “Smart DOST” xidmət məntəqəsi, Qarabağ Regional DOST Mərkəzinin Şuşa filialı və Kəlbəcər DOST məntəqəsi vasitəsilə 3,9 milyondan çox vətəndaş bu xidmətlərdən faydalanıb, vətəndaş məmnunluğu səviyyəsi isə 98,6 faizdir. Ümumilikdə, 14 regional DOST mərkəzi və 64 filialın istifadəyə verilməsi planlaşdırılır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində işğaldan azad olunmuş Qarabağ və ətraf rayonlarımız yeni görkəm alır, ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Sosial xidmət infrastrukturunun bərpası da prioritet istiqamətlərdəndir. Bu məqsədlə “Qarabağ və Şərqi Zəngəzur” DOST proqramı həyata keçirilir. DOST konsepsiyası Azərbaycanın gələcəyə baxışının sosial simvoluna çevrilib – ədalət, şəffaflıq, operativlik və vətəndaş məmnunluğu prinsipləri üzərində qurulmuş bu model sosial rifahın təminatında yeni mərhələdir. Proqramın təqdimatı 2024-cü ilin yayında Şuşada baş tutub.

2022-ci ilin mayında Zəngilan rayonunun Ağalı kəndində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılan ilk “Smart DOST” məntəqəsi “Ağıllı kənd” layihəsinin mühüm tərkib hissəsidir. “Smart DOST” sistemi vətəndaşlara onlayn rejimdə 100-dən çox xidmətdən yararlanmaq imkanı yaradır. Burada müraciətlər virtual formada qəbul olunur, sosial agentlər məsafədən xidmət edir, texniki dəstək üçün yerli əməkdaş fəaliyyət göstərir. Bu model gələcəkdə Qarabağ və Şərqi Zəngəzurun digər şəhərlərində də tətbiq ediləcək.

2023-cü il avqustun 7-də Bərdədə istifadəyə verilən Qarabağ Regional DOST Mərkəzində Bərdə, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Xocalı, Şuşa, Xocavənd, Ağdərə rayonları və Xankəndi şəhər sakinlərinə xidmət göstərilir. 80 nəfərdən ibarət işçi heyətin, 30 könüllünün çalışdığı bu Mərkəz hər gün təqribən 250-300 vətəndaş qəbul edir. Son iki ildə 160 minə yaxın vətəndaşa xidmət göstərilib, vətəndaş məmnunluğu səviyyəsi isə 99,8 faiz təşkil edib.

Mərkəzin nəzdində Qarabağ Regional Peşə Hazırlığı Mərkəzi də fəaliyyət göstərir. 7 emalatxana, 8 sinif və təlimat otağı, eləcə də Peşəyönümü və Karyera Mərkəzi, inzibati və texniki otaqlardan ibarət Mərkəzdə 20-dək əməkdaş çalışır. Burada 48 peşə istiqaməti üzrə tədrisin həyata keçirilməsi, bir dəfədə 300, ildə 1200 nəfərin peşə hazırlığı keçməsi üçün hər bir şərait yaradılıb. Qarabağ Regional DOST Mərkəzində fəaliyyət göstərən “RehaPoint” – Reabilitasiya Məntəqəsində isə bölgə sakinlərinə reabilitasiya xidmətləri göstərilir.

Dövlət başçısının iştirakı ilə 2024-cü il iyulun 5-də Şuşa şəhərində Dövlət Xidmətləri Mərkəzi istifadəyə verilib. Bu Mərkəzin tərkibində yaradılan Qarabağ Regional DOST Mərkəzinin Şuşa filialı azad edilmiş ərazilərdə sosial xidmətlərin bərpasında mühüm addım olub. Burada DOST xidməti ilə yanaşı, “ASAN xidmət”, “KOB evi” və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin bölmələri fəaliyyət göstərir. Mərkəzin işçi heyətinin hamısı Şuşa şəhərinin sakinləridir ki, bu da yerli məşğulluğun artırılmasına xidmət edir.

Böyük Qayıdış Proqramına uyğun olaraq Kəlbəcər rayonunda əhali üçün dövlət xidmətlərinə rahat çıxış imkanı yaradılıb. 2025-ci ilin avqust ayında fəaliyyətə başlayan Kəlbəcər DOST məntəqəsində doğma yurdlarına qayıdan sakinlərə “bir pəncərə” prinsipi əsasında, müasir, çevik və şəffaf mexanizmlərlə xidmət göstərilir. Burada məşğulluq, sosial müdafiə və digər xidmətlərlə yanaşı, sahibkarlıq təşəbbüslərinə dəstək imkanları da yaradılıb. Kəlbəcər DOST məntəqəsi Qarabağ Regional DOST Mərkəzinin xidmət əhatəsini genişləndirərək bölgədə sosial xidmətlərin keyfiyyətini daha da yüksəldir. Bu, DOST konsepsiyasının işğaldan azad edilmiş ərazilərdə genişlənməsinin növbəti mərhələsidir.

Qarabağ və Şərqi Zəngəzurda sosial xidmət infrastrukturunun bərpası dövlət siyasətinin prioritet istiqamətlərindəndir. “Qarabağ və Şərqi Zəngəzur” DOST proqramının icrası nəticəsində bu bölgələrdə vətəndaşlara şəffaf, sürətli və innovativ sosial xidmətlər təqdim olunur. Qarabağ və Şərqi Zəngəzurda DOST infrastrukturunun genişləndirilməsi üçün hazırda işlər davam edir.

Mustafa KAMAL
XQ

Seçilən
35
1
xalqqazeti.az

2Mənbələr