AZ

ADY: Ermənistana gedən yük qatarında 1000 tona yaxın Qazaxıstan taxılı var

Azərbaycandan tranzitlə Ermənistana gedən yük qatarında 1 000 tona yaxın Qazaxıstan taxılı var.

“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin oktyabrın 21-də Qazaxıstanda dövlət səfərində olarkən bəyan etdiyi kimi, Azərbaycan Ermənistana yüklərin tranziti ilə bağlı işğaldan bəri mövcud olan məhdudiyyətləri aradan qaldırıb: "Artıq Azərbaycandan tranzit keçməklə yüklər Ermənistana göndərilir. Rusiyadan Azərbaycan ərazisindən tranzit keçməklə 1048 ton 800 kq taxıl yüklü 15 vaqon ötən gün Böyük Kəsik stansiyasından Ermənistana göndərilib. Yüklər Gürcüstana, oradan isə Ermənistana daşınır.

Həmçinin Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistana daşınmasına başlanılıb. Qazaxıstandan göndərilən 1000 tona yaxın taxıl yüklü 15 vaqon noyabrın 5-də Azərbaycana daxil olub. Qatar artıq Biləcəri stansiyasındadır. Biləcəri–Hacıqabul–Böyük Kəsik marşrutu ilə hərəkətini davam etdirəcək və yüklər Böyük Kəsik stansiyasından yola salınacaq. Həm Rusiya, həm də Qazaxıstandan Azərbaycan vasitəsilə Ermənistana yüklərin növbəti partiyalarının göndərilməsi gözlənilir".

Xatırladaq ki, Azərbaycan ərazisindən keçməklə Ermənistana Qazaxıstan taxılı daşıyan 15 vaqondan ibarət yük qatarı Biləcəri Dəmiryol Stansiyasından yola düşüb.

Seçilən
4
16
ikisahil.az

10Mənbələr