AZ

Bunu da gördük: Şükr və təşəkkür edən Ermənistanla ... qarşı-qarşıyayıq

Ermənistan hökuməti ölkəyə idxal olunan Rusiya mənşəli taxılın Azərbaycandan tranzit marşrutu ilə çatdırıldığını rəsmi şəkildə təsdiqləyib. İrəvan rəsmiləri bildiriblər ki, regionda mövcud nəqliyyat əlaqələrinin konfiqurasiyası və alternativ marşrutların məhdudluğu fonunda bu istiqamət hazırda ölkə üçün ən sabit və iqtisadi baxımdan sərfəli xətt hesab olunur.

Musavat.com xəbər verir ki, bu prosesin praktik mərhələyə keçdiyini göstərən ən mühüm fakt isə artıq ilk dəmir yolu yükünün Ermənistan ərazisinə daxil olmasıdır.

Ermənistan mətbuatının yaydığı məlumata görə, təxminən 1 000 ton buğda yüklü 15 vaqondan ibarət qatar dünən Ermənistanın “Ayrum” sərhəd stansiyasına çatıb. Yükü Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan şəxsən qarşılayıb.

Ermənistan

Nazir belə deyib: “Bu, tarixi gündür. Təxminən 35 ildə ilk dəfə olaraq Azərbaycandan gələn yük dəmir yolu ilə Ermənistana çatdı. Bu marşrut stabil və davamlı tədarükə imkan verir.”

Rəsmi məlumatlara əsasən, buğda Rusiyadan göndərilib və Azərbaycan ərazisindən keçən dəmir yolu xətti ilə Gürcüstan üzərindən Ermənistana daşınıb. Ermənistan Kənd Təsərrüfatı Nazirliyi bildirir ki, bu tranzit xətti ölkənin ərzaq təminatında əsas rol oynayır və logistik cəhətdən ən məqsədəuyğun istiqamət sayılır.

Musavat.com-a görə, Azərbaycan burada humanitar yardım göstərmir və ya xüsusi güzəşt tətbiq etmir. Söhbət sırf regional tranzit idarəetməsi və nəqliyyat şəbəkəsinin koordinasiyasından gedir. Azərbaycan bölgədə əsas logistika mərkəzi və nəqliyyat-kommunikasiya dəhlizlərinə nəzarət edən aparıcı güc kimi çıxış edir.

Qazaxıstan

Analitiklər vurğulayırlar ki, Ermənistan uzun illər təcrid vəziyyətində yaşadığından, Rusiya ilə quru əlaqəsinin yeganə real alternativi məhz bu tranzit xəttidir. Türkiyə ilə sərhədlərin bağlı qalması isə İrəvanın ticarət və logistik manevr imkanlarını məhdudlaşdırır. Buna görə də Azərbaycan üzərindən tranzitin açıq qalması Ermənistan üçün strateji iqtisadi məcburiyyət kimi qiymətləndirilir.

Hazırkı proses, həmçinin, regionda uzun müddətdir müzakirə edilən kommunikasiyaların açılması ideyasının artıq praktik mərhələyə daxil olduğunu göstərir. Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən keçən dəhlizlərin fəaliyyəti Cənubi Qafqazda iqtisadi və logistika reallıqlarını faktiki olaraq yenidən formalaşdırır.

Musavat.com

Seçilən
12
musavat.com

1Mənbələr