AZ

Müsəlman Mamdaninin Nyu-Yorkdakı qələbəsi dünyaya nə mesaj verir?

18 oktyabr 1991-ci ildə Uqandada anadan olmuş 34 yaşlı müsəlman Zohran Kuame Mamdani Trampın ciddi və açıq şəkildə əks mövqe tutması, hətta “ona səs verən yəhudi axmaqdır”, “o seçilərsə, ona fond ayrılmayacaq” kimi fikirlər səsləndirməsinə, Nyu-Yorklulara müraciət edərək ona səs verməmələri ilə bağlı çağırışlarına baxmayaraq Nyu-York meri seçildi. Önəmli hadisədir. Niyə?

Mamdani müsəlmandır, Uqandada anadan olub, yəni hər hansı bir aparıcı ölkədə anadan olmayıb ki, həmin ölkənin lobbisi və ya diasporunun ciddi dəstəyi oldu fikirlərinə yer ayrılsın;

Mamdani yəhudilərə qarşı sərt mövqe sərgiləyir. Nyu-Yorkda 100-dən çox yəhudi ravvini İsrail hökumətinə müraciət edərək onun seçilməməsi üçün yardım istəmişlər;

Tramp Mamdaninin seçilməməsi üçün əlindən gələn hər şeyi etdi;

Nyu-Yorkda həm çoxlu müsəlman, həm də çoxlu yəhudi var. Bu o deməkdir ki, seçkilərdə xristian ABŞ vətəndaşlarının rolu böyük oldu. Çünki Mamdani rəqibləri qarşısında böyük fərqlə qalib gəldi;

Nyu-York şəhərinin tarixində həm ən gənc, həm də ilk müsəlman mer oldu.

Müsəlman olması, yəhudilərə qarşı sərt mövqe tutması, gənc olması, ABŞ Prezidentinin açıq-aşkar ona qarşı olmasına baxmayaraq Mamdani niyə qalib gəldi? Və oxucularımızın verə biləcəyi digər önəmli sual: “Nyu-York merinin kim olmasının bizə nə dəxli var?”

Mamdani özünü sosial-demokrat adlandırır;

Mamdani özünü kasıb və orta təbəqənin tərəfdarı kimi görür;

Gəlir və sərvət bərabərsizliyinə qarşıdır (bu səbəbdən Tramp onu kommunist adlandırır);

Bir çox sosial vədlər verdi. Məsələn, Nyu-York ictimai nəqliyyatının daha sürətli və pulsuz olacağı ilə bağlı;

Əsas diqqətini Nyu-Yorkun fəhlə-işçi sinfinə ayıracağını bildirib;

Yəhudi lobbisi onun seçilməməsi üçün həqiqətən əlindən gələni etdi? Ravvinlərin müraciətinə baxmayaraq yəhudi lobbisinin bu işə ciddi şəkildə qarışması ilə bağlı kəskin fikir söyləmək doğru olmaz. Hər bir halda, kəskin fərqli nəticə buna şübhə etməyə əsas verir;

İsrail hər hansı bir mənfi fikir bildirib? Mətbuatda şəxsən mən tapmadım;

Tramp 20 yanvarda hakimiyyətə gəldikdən sonra ilk böyük məğlubiyyətini yaşadı. O, bu məsələni özü üçün prinsipial məsələ hesab edirdi;

Hətta özünü sosial-demokrat adlandırmasına, bəzən də Trampın sözləri ilə desək, kommunist fikirlərinə və Nyu-York elitasının da ona qarşı kəskin bir mövqe tutmasına baxmayaraq digər 2 əsas rəqibinə (1 deyil, 2 əsas rəqib və digər 6 kiçik partiyadan 6 rəqib) qarşı ilk turda (50,4% səslə) qalib gəldi.

Qeyd etdiklərim və etmədiyim bir çox amilləri, o cümlədən 36 gündür davam edən hökumət qapanması (shutdown) və Trampın reytinqinin indiyə qədər ən aşağı həddə düşdüyünü nəzərə aldıqda, ABŞ-da əhvali-ruhiyyənin ciddi şəkildə dəyişdiyini görürük. Rusiya–Ukrayna müharibəsində dəyişkən və sürüşkən mövqeyi səbəbindən Rusiyanın irəliləməsini və pərakəndə, plansız tarif siyasətini yəqin ki, Trampa bağışlaya bilmirlər. Hətta Çinlə yaxınlaşma da Trampa kömək edə bilmir (bunun səbəblərinə öncəki yazılarımda geniş toxunmuşam). Bu səbəbdən Mamdaninin seçilməsi Tramp üçün ilk siqnal oldu. 2026-cı ilin ara seçkilərində Respublikaçıların qalib gəlmə ehtimallarının da aşağı düşdüyünü nəzərə alsaq (bu halda Tramp Konqresdə də səs çoxluğunu itirəcək), 2026-cı ilin sürprizlər ili olacağını görə bilərik.

Hökumət qapanması (büdcənin qəbul edilməməsi səbəbindəndir ki, haqqında öncəki yazılarımda geniş toxunmuşdum) nəticəsində 750 min məmur evə göndərilmişdir. Artıq orduya maaşların verilməsi dayandırılıb. Bir çox əsas statistik məlumatların verilməsi dayanıb. Hava məkanının yaxın günlərdə bağlanması gözlənilir. Nəticədə, qlobal iqtisadiyyatda 2026-cı ildə ciddi sürprizlərin ola biləcəyi ehtimalı da artır. Trampın 2026-cı ildə Konqresdə dəstəyini itirməsi halında isə indiki kimi sərbəst addımlar atması demək olar ki, mümkün olmaya bilər. Maaşların kəsilməsi kredit və ipoteka ödənişlərinə mənfi təsir etməkdədir ki, bu da maliyyə sistemində ciddi narahatlıq doğurur.

Digər məsələ. Mamdaninin qalib gəlməsi dünyanın bir sıra ölkələrində sosial görüşlərin yenidən ön plana çıxmasını alovlandırır. ABŞ-ın özündə də digər ştatlarda əhvali-ruhiyyə ciddi şəkildə dəyişməkdədir.

Bütün bunları qısaca icmallaşdırsaq, deyə bilərik ki, 2026-cı il 2025-ci ildən daha fərqli və dinamik keçəcək.

Müəllif: Elman Sadıqov İqtisadçı-ekspert

Seçilən
42
1
banker.az

2Mənbələr