Dövlət başçısı İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında bir daha bildirdi ki, Azərbaycanda hərbi sənaye sürətlə inkişaf edir və artıq uzun illər ərzində bu sahəyə böyük vəsait ayrılır, bu sahədə fəaliyyət göstərən şirkətlərin fəaliyyəti təkmilləşir
Tarixi Zəfərimizin beşinci ildönümünü böyük qürur hissi ilə qeyd edirik. Artıq ötən beş ildə Azərbaycanın tarixinə şanlı Qələbəmizin davamı olaraq suverenliyimizin tam bərpası yazıldı. Beş il bundan öncə Azərbaycanın imza atdığı Zəfərdən bəhs edərkən ilk olaraq onu şərtləndirən amillərə xüsusi diqqət göstərməyə böyük zərurət duyulur. Çünki Azərbaycan bu Zəfərə nail olmaq üçün 30 il böyük səylər göstərdi. Dövlət başçısı İlham Əliyev bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında Azərbaycanın bütün sahələrdə qazandığı uğurlardan geniş bəhs edərək bildirdi ki, bizim qədər parlaq, tam və mütləq Qələbə qazanan ikinci ölkə olmayıb. Son 10 il ərzində həm dünyada, həm Azərbaycanda köklü dəyişikliklər baş vermişdir. Dünya iqtisadiyyatı tamamilə dəyişmiş, dünyada gedən siyasi proseslər, müharibələr, hərbi toqquşmalar, beynəlxalq hüququn pozulması, mövcud olan qaydaların tamamilə aradan qaldırılması göz önündədir. Azərbaycana gəldikdə, son 10 il bizim üçün inkişaf və zəfərlərlə zəngin illər olmuşdur. Əsas vəzifə - torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası, suverenliyimizin bərpası layiqincə təmin edilmişdir. Bu gün Azərbaycan bütün suveren torpaqlara sahibdir. Ərazimizdə işğalçı qüvvələr, xarici hərbi birləşmələr yoxdur. Bu gün biz bu torpaqlarda qurub-yaradırıq. Biz bir neçə gündən sonra şanlı Zəfərimizin beşinci ildönümünü qeyd edəcəyik. Son beş il ərzində dünyada bir çox yerlərdə müharibələr, toqquşmalar, münaqişələr baş verirdi və hər şey müqayisə ilə ölçülür.
44 günlük İkinci Qarabağ müharibəsində tarix yazan Azərbaycan Ordusunun keçdiyi inkişaf yolundan, həmçinin bu sahədə mövcud yeniliklərdən, Azərbaycanın müharibə təcrübəsindən bəhs edəb cənab İlham Əliyev qeyd etdi ki, Azərbaycanda hərbi sənaye sürətlə inkişaf edir və artıq uzun illər ərzində bu sahəyə böyük vəsait ayrılır, bu sahədə fəaliyyət göstərən şirkətlərin fəaliyyəti təkmilləşir. Eyni zamanda, bu yaxınlarda biz bu sahəni özəl sektor üçün də açmışıq. Çünki bu istiqamətdə ən böyük uğurlar əldə etmiş ölkələrdə hərbi təyinatlı məhsullar məhz özəl şirkətlər tərəfindən istehsal olunur. Ona görə biz də burada lisenziyaları verməklə özəl sektoru cəlb etmişik. Eyni zamanda, mənim tərəfimdən də onlara çağırış olub.
Reallıq budur ki, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi daha geniş vüsət alıb. Təbii ki, işğal dövründə ordu quruculuğu bir nömrəli vəzifə idi və ordumuzun, bütün Silahlı Qüvvələrimizin torpaqlarımızın azad olunması üçün hazırlıq işlərinə xüsusi önəm verilirdi və buna nail olduq. Yeni döyüş birləşmələrinin, ilk növbədə, Komando Qüvvələrinin yaradılması döyüş qabiliyyətinin artırılması üçün önəmli amillərdən biridir. Bu gün Silahlı Qüvvələrimiz vahid proqram əsasında inkişaf etdirilir və yaxın gələcəkdə ordumuz yeni, yüksək səviyyəyə qalxacaq. Cənab İlham Əliyevin çıxışlarında qeyd etdiyi kimi, bu gün Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür.
30 il davam edən işğal dövründə hər gün, hər ay bizi qələbəyə yaxınlaşdırdı. Hər ay, hər il Azərbaycan daha da güclənir, Ermənistan daha da zəifləyirdi. Bunu bu məsələ ilə məşğul olan bütün maraqlı qurumlar, ölkələr də görürdü. Hadislərin də gedişi təsdiqlədi ki, Ermənistan heç bir sahədə Azərbaycan ilə rəqabət aparmaq imkanında deyil. Onların əsas ümidi xarici qüvvələrə, erməni lobbisinə, onun havadarlarına və bəzi başqa ölkələrin dairələrinədir. Azərbaycanın isə gücü xalqımız, haqq və ədalət, beynəlxalq hüquqdur. Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ilə ərazi bütövlüyümüzü və ədaləti bərpa etdi. Böyük qətiyyətlə və inamla səsləndirilən bu fikirlər Azərbaycanın diplomatik mübarizədə, eyni zamanda, döyüş meydanında Qələbəsinin təqdimatıdır. 30 ildə dünyanın ən nüfuzlu dövlətlərinin edə bilmədiklərin Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə etdi, BMT qətnamələrini təkbaşına icra edərək bir daha dünyaya nümayiş etdirdi ki, ədalət və beynəlxalq hüquq deyilən məfhumlar var və onların düzgün dəyərləndirilməsi, tətbiqi üçün vahib mexanizm lazımdır. Dünyanın yaşadığı beynəlxalq hüquq problemi özünü baş verən hadisələrin dəyərləndirilməsində qabarıq şəkildə bürüzə verir. Dövlət başçısı İlham Əliyevin ən yüksək tribunalardan bəyan etdiyi kimi, bəzən BMT qətnamələri 1-2 saat ərzində icra edilir, Azərbaycana gəldikdə isə 28 il gözlədik.
Artıq 5 ildir ki, bayramlarımızı Zəfər ruhunda qeyd edirik. 8 Noyabr-Zəfər Günümüz əldə olunan uğurlarla bağlı bir ümumiləşdirmə aparmağı, qarşıdakı dövr üçün prioritetləri açıqlamağı bir zərurətə çevirir. Reallıq budur ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alıb, 44 günlük İkinci Qarabağ müharibəsində tarix yazıb, işğala son qoyaraq, Böyük Qayıdışa yol açıb.
Müstəqilliyimizin ilk illərində mövcud ictimai-siyasi gərginlik digər sahələrdə olduğu kimi, ordu quruculuğu istiqamətində də uğursuzluqlara səbəb olmuşdu. Həmin dövrdə Silahlı Qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəçisinə çevrilməsi məlum olaylardandır. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bu sahədə də mövcud vəziyyətin yaxşılaşdırılmasına, ordunun maddi-texniki bazasının formalaşdırılmasına, gənclərdə vətənpərvərlik hissinin daha da yüksəlməsinə böyük stimul oldu. Ümummilli Lider Heydər Əliyev bildirirdi: «Bizim məqsədimiz müharibə etmək deyil. Ordumuzun yaranması, formalaşması, möhkəmlənməsi yalnız və yalnız Azərbaycan Respublikasının müstəqilliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını təmin etmək üçün lazımdır. Biz düşdüyümüz vəziyyətdən sülh yolu ilə çıxmaq istəyirik.» 1994-cü il mayın 12-də dahi şəxsiyyət Heydər Əliyevin böyük səyləri nəticəsində Ermənistanla atəşkəs sazişinin imzalanması bir daha ölkəmizin sülh siyasətinə sadiqliyini dünyaya nümayiş etdirdi. Məsələninin danışıqlar yolu ilə həllində maraqlı olduğunu bəyan edən rəsmi Bakı, eyni zamanda, müstəqilliyimizin, dövlətçiliyimizin qarantı kimi ordunun möhkəmlənməsini prioritet məsələ kimi öndə saxladı.
Nizami Silahlı Qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması üçün təxirəsalınmaz vəzifələrin həyata keçirilməsi, xalq-ordu birliyinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər müsbət nəticəsini göstərdi. Ölkəmizdə keçirilən möhtəşəm hərbi paradlar, Beynəlxalq Müdafiə sərgiləri ordu quruculuğu istiqamətində aparılan islahatların hesabatı kimi dəyərləndirilir. İqtisadi inkişafı və müdafiə qüdrəti ilə regionda fərqlənən bir ölkəyə rəhbərlik edən, Heydər Əliyev siyasətinə sadiqliyini atdığı hər bir addımında təsdiqləyən Ali Baş Komandan İlham Əliyevin bütün bayram tədbirlərində hərbi gücümüz barədə söylədiyi qətiyyətli fikirlər, keçirilən hərbi paradlarda nümayış etdirilən ən müasir hərbi texnika, döyüş silah və sursatı bir daha belə əminlik yaradırdı ki, biz hərb istəmirik, amma hərbə hər an hazırıq. Aparılan sülh danışıqları səmərə verməyəcəyi təqdirdə Azərbaycan işğal altında olan torpaqlarını hərb yolu ilə azad etmək gücündə olduğunu qazandığı qələbələrdə təsdiqlədi. Belə ki, 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizə qədər 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt əməliyyatı Azərbaycan Ordusunun güclü, peşəkar ordu olduğunu nümayiş etdirmişdi. Lakin işğalçı dövlət bu əməliyyatlar zamanı aldığı dərslərdən nəticə çıxarmayaraq 2020-ci ilin 27 sentyabr tarixində Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutarkən belə əks-hücum əməliyyatı ilə üzləşəcəyini düşünmürdü. Artıq Azərbaycan dövlətinin, xalqının səbir kasası dolmuşdu. Azərbaycan Ordusu hər zaman Müzəffər Ali Baş Komandanın «Hücum!» əmrini gözləyirdi və həmin an gəlib çatdı.
44 gün davam edən əks-əməliyyatlar nəticəsində Füzulinin, Ağdamın, Cəbrayılın, Kəlbəcərin, Qubadlının, Zəngilanın, Şuşanın, Hadrutun… 300-ə yaxın kəndinin, strateji yüksəkliklərin işğaldan azad olunması ilə bölgədə yeni geopolitik mənzərə yaradan Azərbaycan Ordusunun uğurları dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin 22 illik Prezidentlik dövrünün 17 ilinin məhz ərazi bütövlüyümüzün bərpası işinə hazırlığa yönəldildiyini təsdiqləyir. «Şuşasız bizim işimiz yarımçıq olar» söyləyən Ali Baş Komandan İlham Əliyev adını torpaqlarımızın xilaskarı kimi tarixə yazdırmaqla Ulu Öndər Heydər Əliyevin vəsiyyətini də yerinə yetirdi. Döyüş əməliyyatlarında ordumuzun ən müasir hərbi texnika və avadanlıqlarla təchiz olunması, yüksəkdəqiqlikli silahlardan istifadə, mövcud nizam-intizam Qələbənin başlıca amilləri olmaqla Qarabağla bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilsə də, icra mexanizmi «unudulan» qətnamələrin yerinə yetirilməsini reallaşdırdı.
Azərbaycan əsgəri şanlı Qələbəmizlə torpaqlarımızın işğaldan azad etmək qüdrətində olduğunu bir daha təsdiqlədi. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bildirir ki, müasir, mütəşəkkil ordu yaradılması Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Qeyd edək ki, hələ Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə gərgin səyləri nəticəsində Cəmşid Naxçıvanski adına hərbi lisey yaradılmışdı. Azərbaycanın müstəqil gələcəyini düşənən Ümummilli Lider ordumuzun gənclərimizin sayəsində formalaşacağını önə çəkərək belə bir məktəbin yaradılmasını zəruri hesab etmişdi. Ordumuzda xidmət edən zabitlərin əksəriyyətinin Ümummilli Liderin yaratdığı və Azərbaycanın hərb tarixində xüsusi yeri olan Cəmşid Naxçıvanski adına hərbi liseyin kursantları, quru qoşunların, hərbi hava və hərbi dənizçilik məktəblərinin məzunlarıdır. Son illərdə imkan və potensialı daha da artan Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Ali Hərbi Dənizçilik, Ali Hərbi Təyyarəçilik məktəblərinin kursant və şahinləri hər zaman döyüşə hazır olduqlarını keçirilən hərbi paradlarda nümayiş etdirirdilər.
Hərbi hazırlığı, Vətənə bağlılığı ilə fərqlənən, beynəlxalq təhlükəsizliyin qorunmasında fəal iştirak edən Silahlı Qüvvələrimizin sülhməramlıları, Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının, Dövlət Təhlükəsizliyi Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının bölmələri, Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının çevik hərəkət qüvvələri, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının, Müdafiə Nazirliyinin xüsusi təyinatlıları, Silahlı Qüvvələrin dəniz piyadaları da Ali Baş Komandanın əmrinə hazır olduqlarını, bir qarış torpağımızın belə düşmənə verilməyəcəyini bildirirdilər. Bu gün Zəfərimizin doğurduğu sevinci dövlətimizin başçısı İlham Əliyev Silahlı Qüvvələrimizin döyüş ruhunun daha da artırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atdığı addımları ilə nümayiş etdirir.
Daim müdafiə qüdrətimizin artırılmasını Azərbaycan dövlətinin daxili məsələsi olduğunu önə çəkən cənab İlham Əliyevin vurğuladığı kimi, ölkəmizdə ordu quruculuğu prosesi uğurla gedir. Bu gün Azərbaycanda nizami ordu vardır. Ordumuzda peşəkarlıq, döyüş qabiliyyəti, ruh yüksəkliyi yüksək səviyyədədir. 44 günlük İkinci Qarabağ müharibəsi bunu bir daha təsdiqlədi.
Reallıq budur ki, son illərdə artan maddi imkanlarımız hesabına ordunun maddi-texniki bazası möhkəmlənmiş, hərbçilərin yaşayış və məişət məsələlərinə, sosial müdafiəsinə diqqət artırılmışdır. Bu gün prioritet məsələlərdən biri ordu quruculuğu, digəri isə Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir. Dövlət büdcəsindən ayırmalarda da bu, özünü təsdiqləyir.
Azərbaycan döyüş meydanında istədiyinə nail oldu. Diplomatiyada, siyasi müstəvidə gücünü göstərdi. 44 günlük İkinci Qarabağ müharibəsi dövründə «Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir» söyləyən dövlət başçısı İlham Əliyev bu gün yazılan Zəfər tarixinin fonunda azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən bəhs edir. Artıq beş ildir bu torpaqlarda qurub-yaradırıq, keçmiş məcburi köçkünlər mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdırlar. Cənab İlham Əliyev çıxışlarında bu məqamı xüsusi vurğulayır ki, keçmiş məcburi köçkünlərlə görüşlər əsnasında demişdim ki, siz öz torpaqlarınıza qayıdacaqsınız, belə də oldu: “Demişdim, biz heç vaxt imkan vermərik ki, ərazimizdə ikinci erməni dövləti yaradılsın, belə də oldu. Biz demişdik ki, düşməni torpaqlarımızdan qovacağıq, düşməni torpaqlarımızdan qovduq, Azərbaycan Bayrağını bizim tarixi torpaqlarımızda qaldırdıq. Yəni, bu, böyük tarixi nailiyyətdir. Bu şanlı tarix Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.»
Arxada qalan hər il hər bir sahədə Azərbaycanın davamlı uğurları, yeni-yeni hədəfləri ilə xarakterizə olunur. Azərbaycan ərazi bütövlüyünü bərpa etsə də bu gün ordumuzun gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Dövlət başçısı İlham Əliyev AMEA-nın 80 illik yubiley yığıncağında onu da qeyd etdi ki, bu gün özəl şirkətlər artıq hərbi təyinatlı məhsulların istehsalı ilə məşğul olmağa başlamışlar. Hələlik bu proses icra mərhələsindədir, amma yəqin ki, yaxın gələcəkdə bir çox Azərbaycan şirkətləri artıq dünya səviyyəli keyfiyyətli hərbi təyinatlı məhsullar istehsal edəcəklər. Eyni zamanda, dövlət xətti ilə bu istiqamətdə işlər aparılır və biz öz hərbi imkanlarımızı artıq böyük dərəcədə yerli istehsal hesabına genişləndiririk, öz tələbatımızı böyük dərəcədə ödəyirik. Artıq bir çox ölkələrə hərbi təyinatlı məhsul ixrac edirik və qarşıya vəzifə qoyulub ki, həm daxili tələbatı ödəmək, həm də ixrac etmək üçün bizdə bu istiqamətdə çox ciddi sənaye klasteri yaradılsın: “Çünki bu, çox gəlirli sahədir və nəzərə alsaq ki, bu gün dünyanın bütün yerlərində müharibələr alovlanır, dayanmır, əfsuslar olsun ki, hərbi təyinatlı məhsullara bundan sonra da ehtiyac olacaq. Ona görə bu istiqamətdə bu gün biz çox fəal işləyirik. Yenə də deyirəm, biz təbii ki, dövlət və özəl şirkətlərimizi, eyni zamanda, Azərbaycan alimlərini bu istiqamətə dəvət edirik.”
Prezident İlham Əliyev pilotsuz uçuş aparatlarının istehsalına başlanıldığını da qeyd etdi. “Bizim şanlı Vətən müharibəmiz. Bildiyiniz kimi, onun hər bir mərhələsi, hər bir günü öyrənilir, öyrənilib və bir çox beynəlxalq hərbi ali məktəblərində də tədqiq edilir. O cümlədən pilotsuz uçuş aparatlarının tətbiqi. Müharibədə məhz birinci biz bunu tətbiq etmişik. Bu gün müasir müharibələri bunsuz təsəvvür etmək mümkün deyil” söyləyən cənab İlham Əliyev qeyd etdi ki, bunun təməlini biz qoymuşuq və bu gün bu istiqamətdə Azərbaycanda çox böyük işlər görülür. Biz bu məhsulları həm xarici bazarlardan tədarük edirik, eyni zamanda, özümüz də bir çox növdən ibarət pilotsuz uçuş aparatlarını istehsal etməyə başlamışıq və bunu davam etdirəcəyik. Burada da təbii ki, Azərbaycan elmi ictimaiyyəti üçün çox böyük fəaliyyət meydançası yaradılır.
Ordu quruculuğu bütün dövrlərdə aktuallığını qoruyur. Müstəqilliyimizin və suverenliyimizin qarantı olan Silahlı Qüvvələrimizin maddi-texniki bazadının möhkəmləndirilməsi istiqamətində atılan addımlar davamlıdır. Tarixi Zəfərimizdən əvvəl Silahlı Qüvvələr Günündə keçirilən hərbi paradlar, Beynəlxalq Müdafiə sərgiləri Azərbaycan Ordusunun gücünü nümayiş etdirməklə yanaşı, həm də torpaqlarımızın işğaldan azad ediləcəyinə, Qələbəyə böyük inam yaradırdı. Şanlı Qələbəmizdən sonra onun beynəlxalq aləmə təqdimatında 2020-ci il 10 dekabr tarixində keçirilən Zəfər paradı, həmçinin Vətən müharibəsində ordumuzun göstərdiyi şücaəti, qəhrəmanlığı nüçayiş etdirdi. Həmin paradda Azərbaycan Ordusunun 44 günlük müharibədə Ermənistan silahlı qüvvələrinin məhv edilmiş, yaxud qənimət kimi götürülmüş silah-sursatı nümayiş etdirildi. Vətən müharibəsində tarixi Zəfərimizin üçüncü ildönüçü ilə əlaqədar hərbi parad 2023-cü ildə Xankəndidə keçirildi. Müzəffər Ali Baş Komandan İlham Əliyev həmin paradda bildirdi ki, XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. Bunu biz hamımız yaxşı bilirik, bunu dünya da bilsin. Biz istədiyimizə nail olduq, beynəlxalq hüququ, tarixi ədaləti, milli ləyaqətimizi bərpa etdik, düşmənə onun yerini göstərdik: “Düşmən bizim qabağımızda diz çökdü və bu gün mən burada müzəffər Silahlı Qüvvələrin qarşısında çıxış edirəm. Yəni, biz bütün vəzifələri icra etmişik, ancaq bununla bərabər, bundan sonra da ordu quruculuğu məsələləri bizim üçün prioritet məsələlərdən biri olacaq. Bunu hamı bilsin və heç kim bunu unutmasın.”
Prezident İlham Əliyev AMEA-nın 80 illik yubiley yığıncağında bir daha bildirdi ki, bir neçə gündən sonra biz tarixi Zəfərimizin beş illiyini qeyd edəcəyik. Hərbi parad təşkil ediləcək. Beş il əvvəl, 2020-ci ilin dekabrında Zəfər paradı keçirilmişdir. 2023-cü ildə Xankəndidə hərbi parad keçirilmişdir ki, Azərbaycanın suverenliyi tam bərpa edilmişdir. Bir neçə gündən sonra Azadlıq meydanında hərbi paradın keçirilməsi böyük hadisədir, qürurverici hadisədir. Azərbaycan xalqı bu Şanlı Zəfərlə bundan sonra əbədi fəxr edəcək.
Yeganə Əliyeva, “İki sahil”