AZ

"Prezident İlham Əliyev Azərbaycan alimləri üçün strateji yol xəritəsini müəyyən etdi"

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 noyabr 2025-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında etdiyi çıxış həm məzmun, həm istiqamət, həm də gələcəyə baxışı ilə çox mühüm sənəddir. Bu çıxışda dövlət başçısı həm keçmişi xatırlatdı, həm bu günün nailiyyətlərini vurğuladı, həm də gələcək inkişafın əsas strateji istiqamətlərini göstərdi. Dövlət başçısının çıxışındakı hər bir fikir elmin, texnologiyanın, milli iqtisadiyyatın, mədəniyyətin və dövlətçilik düşüncəsinin bir-birinə bağlı olduğunu sübut edir.


Prezident çıxışının əvvəlində vurğuladı ki, Azərbaycan Milli Elmlər Akademiyası 80 il ərzində böyük yol keçib, ölkənin elmi və intellektual inkişafında mühüm rol oynayıb. Müxtəlif dövrlərdə, fərqli ictimai-siyasi sistemlərdə yaşasaq da, Azərbaycan heç vaxt elmini diqqətdən kənarda qoymayıb. Bu, dövlətçilik düşüncəsinin mərkəzində bilik və elmi təfəkkürün dayanmasından xəbər verir.

Prezident çıxışında Ulu Öndər Heydər Əliyevin elmin inkişafına göstərdiyi diqqəti xüsusi olaraq vurğuladı. 1970-ci illərdə məhz Ulu Öndərin təşəbbüsü ilə Akademiyanın strukturu təkmilləşdirilib, yeni tədqiqat institutları yaradılıb, elmi kadrların hazırlanması üçün böyük vəsait ayrılıb. Minlərlə azərbaycanlı gəncin o dövrdə Sovet İttifaqının aparıcı ali məktəblərinə göndərilməsi bu günün elmi kadr potensialının əsasını qoyub.

Bu siyasət müstəqillik illərində də davam etdirilib, artıq Azərbaycan gəncləri dünyanın ən qabaqcıl universitetlərində təhsil alaraq vətənə qayıdır, ölkənin inkişafına bilavasitə töhfə verirlər. Bu, elmin nəsillərarası davamlılığını təmin edən ən vacib amildir.

Prezidentin “Azərbaycan alimləri bundan sonra da ölkənin uğurlu inkişafına öz töhfələrini verəcəklər” fikri həm motivasiyaedici, həm də real əsasa malikdir. Bu gün gənc alimlər üçün yaradılan təqaüdlər, qrantlar, beynəlxalq proqramlar göstərir ki, dövlət bu sahəyə strateji baxır.

Həmçinin, cənab Prezident çıxışı zamanı onu da xatırlatdı ki, müstəqilliyin ilk illəri çox ağır keçib, ölkə həm iqtisadi, həm də sosial böhran içində olub. Bu dövrdə məhz Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtmaqla ölkəni böhrandan çıxardı və onun inkişafını təmin etdi. O dövrdə xəzinə boş, resurslar məhdud olsa da, dövlət elmdən imtina etmədi. Bu, dövlətin strateji düşüncəsinin sübutudur. Uzunmüddətli vədədə dövlətin inkişaf və tərəqqiyə nail olması və güclü olması üçün elmin dirçəldilməsi vacibdir.

Son on ildə Azərbaycan elminə ayrılan maliyyə vəsaiti iki dəfədən çox artıb. Akademiyanın binaları yenidən qurulub, laboratoriyalar müasirləşdirilib, elmi kitabxana və Milli Ensiklopediya üçün yeni binalar inşa edilib.

Prezidentin qeyd etdiyi kimi, 2009-cu ildə yaradılan Elm Fondu alimlər üçün qrant imkanlarını genişləndirib, elmi layihələrin dəstəklənməsinə şərait yaradıb. “Elm haqqında” qanun, Elmin İnkişafı üzrə Milli Strategiya və Dövlət Proqramları elmin idarə edilməsində sistemli çərçivə formalaşdırıb. Bu islahatlar nəticəsində Azərbaycan elmi yalnız daxili deyil, beynəlxalq miqyasda da rəqabətə çıxıb.

Dövlət başçısı eyni zamanda onu da xatırlatdı ki, on il əvvəl Akademiyanın 70 illiyində o, elmin inkişafına dair hədəflər qoymuşdu. Bu gün həmin məqsədlər reallaşmaqla yanaşı, Azərbaycan özünün müstəqilliyi tarixində ən parlaq qələbəsini də əldə edib. Torpaqlarımız azad olunub, suverenliyimiz tam bərpa edilib. Prezident haqlı olaraq dedi ki, “bizim qədər parlaq və tam qələbə qazanan ikinci ölkə olmayıb”. Bu Qələbə elmin və texnologiyanın da gücü ilə təmin olunub, çünki müasir müharibələrdə yüksək bilik, texnologiya və informasiya üstünlüyü həlledici rol oynayır.

Texnlloji inkişafın vacibliyinə diqqət yetirən Prezident İlham Əliyev çıxışında texnoloji inkişafın dövlətin əsas prioriteti olduğunu bildirdi. O, vurğuladı ki, bu gün hər bir ölkənin iqtisadi və təhlükəsizlik gücü onun texnoloji imkanlarından asılıdır. Azərbaycan alimləri bu istiqamətdə ön sırada olmalı, müasir tələblərə uyğun yeniliklər irəli sürməlidirlər. Dövlət isə onların fəaliyyətinə maddi və təşkilati dəstək verməlidir. Beləliklə, elmi biliklə iqtisadi artım arasında möhkəm körpü yaradılmalıdır.

Prezident çox mühüm bir fikri dilə gətirdi: “Tükənməz sərvət intellektual potensialdır, amma yalnız ona sərmayə qoyularsa.” Bu, Azərbaycanın gələcək strategiyasının mahiyyətini ifadə edir. Təbii sərvətlər bir gün tükənə bilər, lakin elmə, təhsilə və gənclərə qoyulan sərmayə əbədi dəyər yaradır. Bu gün dövlətin əsas vəzifəsi insan kapitalını inkişaf etdirmək, gənc beyinlər üçün imkanlar açmaq, elm və texnologiya arasında əlaqəni gücləndirməkdir.

Prezident İlham Əliyev çıxışı zamanı həmçinin qeyd etdi ki, on il əvvəl süni intellekt anlayışı az tanınırdı, amma bu gün o ölkələrin inkişafının ayrılmaz hissəsinə çevrilib. Azərbaycan bu sahədə geri qalmamalı, süni intellekt texnologiyalarını iqtisadiyyatın və idarəçiliyin bütün sahələrində tətbiq etməlidir.

Rəqəmsallaşma da artıq dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Rəqəmsallaşmış sahələrdə işin keyfiyyəti və səmərəsi yüksəlir. Bu səbəbdən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaradılması müasir dövrün tələblərinə tam uyğundur. Prezident alimləri bu sahəyə daha fəal qoşulmağa çağırdı.

Çıxış zamanı o da aydın oldu ki, Kibertəhlükəsizlik sahəsində atılan addımlar da Prezidentin xüsusi diqqət mərkəzindədir. Dövlət başçısı qeyd etdi ki, bu məsələ yalnız virtual təhlükəsizlik deyil, həm də hər bir ölkənin real müdafiə sisteminin tərkib hissəsidir. Azərbaycan bu sahədə böyük təcrübəyə malik beynəlxalq şirkətlərlə əməkdaşlıq edir və özünü qorumaq üçün geniş proqramlar həyata keçirir. Alimlər və mütəxəssislər bu istiqamətdə dövlətlə birgə işləməli, həm müdafiə, həm də cavabvermə imkanlarını gücləndirməlidirlər.

Prezident çıxışında həm də qeyd etdi ki, artıq Azərbaycan hərbi sənaye sahəsində böyük irəliləyiş əldə edib. Dövlət və özəl sektor bu sahədə sıx əməkdaşlıq edir. Özəl şirkətlərin bu prosesə cəlb olunması rəqabəti artırır, innovasiyaları sürətləndirir.

Bu gün Azərbaycan bir çox ölkələrə hərbi təyinatlı məhsullar ixrac edir və pilotsuz uçuş aparatlarını öz istehsalı ilə təmin edir. Bu həm iqtisadi, həm texnoloji, həm də strateji baxımdan çox mühüm hadisədir. Prezident alimləri bu istiqamətdə də aktiv fəaliyyətə səslədi.

Dövlət başçısı bildirdi ki, elm iqtisadiyyat və sənaye ilə sıx bağlı olmalıdır. Əldə edilən elmi nəticələr yalnız kitab səhifələrində qalmamalı, praktiki həyatda və istehsalatda tətbiq edilməlidir. Bu məqsədlə dövlət qurumlarına alimlərlə daha sıx əməkdaşlıq etmək tapşırığı verildi. Bu, ölkədə innovasiya iqtisadiyyatının formalaşmasına, yeni texnologiyaların və məhsulların yaranmasına xidmət edəcək.

Qeyri-neft sektorunun inkişafına da diqqət yetirən Prezident İlham Əliyev qeyd etdi ki, bu gün Azərbaycanın iqtisadi göstəriciləri müsbətdir. Neft hasilatının azalması ümumi daxili məhsula təsir etsə də, qeyri-neft sektoru iqtisadiyyatın əsas hərəkətverici qüvvəsinə çevrilib.

Xarici borcumuzun çox aşağı səviyyədə olması, valyuta ehtiyatlarımızın 80 milyard ABŞ dollarını keçməsi, iqtisadi sabitlik və dayanıqlılıq ölkəmizin tam müstəqil iqtisadi siyasət yürütməsinə imkan verir. Bu da elmin və texnologiyanın inkişafına maliyyə təminatı yaradır.

Tarix, milli kimlik və dilin qorunmasına xüsusi diqqət yetirən Prezident İlham Əliyev çıxışında tarixi həqiqətlərin təhrifinə qarşı elmi faktlarla cavab verməyin vacibliyini vurğuladı. Azərbaycan xalqının tarixən və indiki dövrdə də böyük coğrafiyada yaşadığını və hazırkı dövrdə də bizim hüdudlarımızın o tayında hər istiqamət üzrə Azərbaycan əhalisinin yaşadığını vurğulayan Prezident İlham Əliyev azərbaycanlı əhalinin Ermənistandan qovulmasına diqqət çəkdi, amma əminliyini də ifadə etdi ki, azərbaycanlı əhali o torpaqlarda yenə də yaşayacaq. Dövlət başçısı qeyd etdi ki, biz bu gün bütün qonşu ölkələrlə sərhədlərimizin o tayında görürük ki, orada Azərbaycan əhalisi öz əzəli tarixi torpaqlarında yaşayır və yaşadıqları ölkələrdə ləyaqətli vətəndaşlar kimi yaşayırlar. Azərbaycanlılar heç vaxt separatizm xəstəliyinə düçar olmamışlar. Bizim xalqımız yaşadığı ölkələrin dövlətçiliyinə töhfə verib və bu gün heç bir ölkədə azərbaycanlılar heç bir dövlət üçün, heç bir başqa xalq üçün problem yaratmır və yaratmayacaq. Ona görə azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır. Mən bunu artıq bir müddət bundan əvvəl demişəm. Biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq, tanklarla yox, avtomobillərlə qayıtmalıyıq. 

Azərbaycan alimlərinin bu istiqamətdə bir çox elmi əsərlər ərsəyə gətirdiyini vurğulayan Prezident İlham Əliyev qeyd etdi ki, bu əsərlərin sayı daha çox olmalıdır, elmi əsərlər, sərgilər, təqdimatlar, tarixi xəritələrin dərc edilməsi istiqamətində işlər davam etdirilməlidir. Dövlət başçısı qeyd etdi ki, təkcə XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. O xəritələrdə Sevan gölü adlı göl yoxdur. O xəritələrdə Göyçə gölüdür və bütün digər bizim istifadə etdiyimiz tarixi toponimlərimiz orada öz əksini tapıb. O xəritələri biz tərtib etməmişik ki, kimsə desin biz burada saxtakarlıq eləyirik. Bunu çar Rusiyası edib. Həmin o çar Rusiyası ki, vaxtilə erməniləri İrandan və Şərqi Anadoludan gətirərək bizim Qarabağ torpağında yerləşdirib ki, burada etnik və dini tərkib dəyişsin. Yəni, bu xəritələr tamamilə tarixi həqiqətə əsaslanan xəritələrdir. Ona görə biz bunu təbliğ etməliyik, tədqiq etməliyik. Daha çox elmi əsərlər, daha çox hətta kiçikhəcmli bukletlər hazırlanmalıdır ki, həm Azərbaycan gəncləri öz tarixini yaxından bilsinlər, həm dünya ictimaiyyəti bilsin və eyni zamanda, indiki Ermənistana bizim qayıdışımız da tamamilə məntiqli və ədalətli səslənsin. Ona görə Azərbaycan tarixi ilə bağlı bax, bu istiqamətdə əlbəttə ki, əlavə addımlara ehtiyac var.

Artıq 30 ildən çoxdur ki, Azərbaycanın müstəqil dövlət kimi yaşadığını və Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində Azərbaycanın bugünkü qədər güclü olmadığını xüsusi olaraq vurğulayan dövlət başçısı müstəqil Azərbaycanın tarixini tədqiq edən, təbliğ edən bir çox sanballı əsərlərə böyük ehtiyac olduğunu da vurğuladı. Dövlət quruculuğu, iqtisadi və sosial dəyişikliklər, qazandığımız böyük tarixi Zəfər, əldə etdiyimiz diplomatik uğurlar bu tədqiqatların əsas mövzusu olmalıdır.

Prezident İlham Əliyevin çıxışında Azərbaycan dilinin saflığının qorunması məsələsi də xüsusi olaraq vurğulandı. Prezident vurğuladı ki, dil milli kimliyin əsas dayağıdır və hər bir vətəndaş onun təmizliyinə məsuliyyətlə yanaşmalıdır. Xarici sözlərin yersiz istifadəsi milli dilə zərər vurur, buna görə alimlər, müəllimlər və media nümayəndələri bu istiqamətdə birlikdə çalışmalıdırlar.

Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi yığıncağındakı çıxışı elmin, texnologiyanın, tarix və mədəniyyətin, iqtisadiyyatın və milli kimliyin vahid ideya ətrafında birləşdiyini göstərir. Burada əsas fikir budur: Azərbaycanın gələcəyi intellektual potensiala, texnoloji yeniliyə, elmi düşüncəyə və milli dəyərlərin qorunmasına əsaslanmalıdır. Prezident İlham Əliyevin bu çıxışı, həmçinin Azərbaycan alimləri üçün strateji proqram xarakteri daşıyır. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan alimlərinin əldə eydiyi elmi biliklər cəmiyyətə, iqtisadiyyata və dövlətə fayda verməli, xalqın rifahına və tərəqqisinə xidmət etməlidir. Ali məqsəd güclü, müasir və dinamik inkişaf edən Azərbaycana bu yolda xidmət etmək və töhfə vermək olmalıdır.

Vasif Qafarov

Milli Məclisin deputatı,

Tarix elmləri doktoru

Seçilən
1
1
manset.az

2Mənbələr