AZ

Hüquqi hasar ... Kişi hamam tikib, suyu qızdırıb, dəsmalını asıb, sənədləri hələ “kargüzarlıqda islanır”

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Ağsu rayonunda bir kişi ailəsi üçün hamam və ayaqyolu tikdi. Amma dövlət sənədlərində bu, elə yazıldı ki, sanki "ölkənin təbii sərvətlərini mənimsəyib".

Şahmar Abbasovun günahı nə idi?

Sadəcə torpaq sənədi bir az gecikib, o da “çıxarış gələnəcən hasarı çəkim” deyib. Amma qonşu sağ olsun, dövlətin bütün sistemini hərəkətə gətirib. Sanki adam “hamam” yox, “nüvə reaktoru” tikibmiş. Nəticədə cinayət işi açılıb.

Ən ironik hissə budur ki, iş məhkəməyə çatanda artıq sənədlər düzəlmiş olub, çıxarış da verilib, yəni artıq hər şey qaydasında olub. Məhkəmə də baxıb gülümsəyib deyib ki, “A kişi, indi sən torpağın sahibisən, daha niyə mühakimə edək?”

Bu hadisə bir daha sübut edir ki, bəzən bizdə dövlət prosesi ləng gedir. Kişi hamamı tikib, suyu qızdırıb, dəsmalını asıb, sənədlər isə hələ “kargüzarlıqda islanır”. Bu ölkədə bəzən təmizlik də riskli işə çevrilir. Adam hamam tikir, dövlət onu “cinayətkar” kimi görür. Bəlkə də növbəti dəfə kimsə ayaqyolu tiksə, “ekoloji fəlakət törətməkdə” ittiham ediləcək.

Əslində gülməlidir, amma bir az da düşündürür ki, bizdə bəzən bir torpaq parçası üçün illərlə sənəd gəzirsən, amma bir imza üçün həyat dayanır. Şahmar kişi sadəcə yaşamaq, rahatlıq yaratmaq istəyirdi. Dövlət isə ona dedi: “Gözlə, kağız gəlir.”

Hamam hazır oldu, sənəd sonra gəldi. Axırda da işə xitam verildi. Deməli, nə hamam günahkar idi, nə də adam. Günah sadəcə sistemdə idi.

Leyla Mirzə, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
bizimyol.info

1Mənbələr