AZ

Karo Paylan Türkiyə–Ermənistan münasibətləri barədə danışdı: “Sərhədin açılmasını gözləyirəm”

Musavat.com xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sabiq deputatı Karo Paylan noyabrın 5-də mediaya açıqlamasında Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə dair fikirlər səsləndirib. Paylan bildirib ki, uzun illərdir iki ölkə arasında dialoq və əlaqələrin bərpası istiqamətində çalışır və sərhədlərin açılmasını real perspektiv kimi görür.

Onun sözlərinə görə, yaxın aylarda bu sahədə müəyyən irəliləyişlər mümkündür:

“Düşünürəm ki, gələn ilin yanvar və ya fevral aylarında müsbət hadisələrin şahidi olacağıq. Əgər proses plan üzrə getsə, əvvəlcə sərhəd üçüncü ölkə vətəndaşları üçün açılacaq. Bir neçə ay sonra isə Türkiyə və Ermənistan vətəndaşlarının da sərhəddən keçməsi mümkün ola bilər.”

Paylan münasibətlərin bərpasını dəstəklədiyini bildirərək bu istiqamətin gələcəkdə daha geniş regional proseslərə təsir göstərə biləcəyini vurğulayıb.

Sabiq deputat prosesin qarşısında mövcud olan siyasi maneələrə də diqqət çəkib. Onun sözlərinə görə, Türkiyə və Azərbaycanın regional siyasətdə birgə mövqeyi, Ermənistan-Azərbaycan münasibətlərindəki həssas məqamlarla birbaşa bağlıdır:

“Ermənistan–Türkiyə münasibətlərində maneə Azərbaycan, Ermənistan–Azərbaycan münasibətlərində isə maneə Türkiyə ola bilər. Hazırda proseslər paralel şəkildə gedir və qarşıdakı aylar hər iki istiqamət üçün həlledici ola bilər.”

Qeyd edək ki, Azərbaycan tərəfi münasibətlərin normallaşmasını Ermənistanın ərazi iddialarından və revanşist ritorikadan tam imtinası, delimitasiya və sülh sazişi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə şərtləndirdiyini bəyan edir.

Musavat.com

Seçilən
22
musavat.com

1Mənbələr