Qasım Hacıyev: “Bu məsələdə şübhəsi olanlar Prezidentin bu bəyanatından öz paylarını götürməlidir və bilməlidirlər ki, Qərbi azərbaycanlılar heç vaxt məqsədlərindən geri çəkilməyəcək”
Qərbi Azərbaycana qayıdış konsepsiyası mövcuddur və soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıtması məsələsi aktualdır. Buna baxmayaraq, son günlər bəziləri iddia edirlər ki, onların indiki Ermənistan ərazisinə qayıtması məsələsi qapanıb, guya Qərbi Azərbaycan İcmasının sonu çatıb və sair.
Guya Qərbi azərbaycanlıların geri qayıdışı məsələsi siyasi və ictimai gündəlikdə artıq yoxdur. Təbii ki, bu iddialar absurddur. Bu fikirdə onların layiqli cavabını Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı verib və Qərbi azərbaycanlıların geri qayıdış məsələsinin baş vereəcəyini bəyan edib.
Prezident İlham Əliyev çıxışında bildirib: “...Ermənistanda da yaşayıb, amma oradan qovulub. Amma əminəm ki, yenə də yaşayacaq. Çünki biz bu gün bütün qonşu ölkələrlə sərhədlərimizin o tayında görürük ki, orada Azərbaycan əhalisi öz əzəli tarixi torpaqlarında yaşayır və yaşadıqları ölkələrdə ləyaqətli vətəndaşlar kimi yaşayırlar. Azərbaycanlılar heç vaxt separatizm xəstəliyinə düçar olmamışlar. Bizim xalqımız yaşadığı ölkələrin dövlətçiliyinə töhfə verib və bu gün heç bir ölkədə azərbaycanlılar heç bir dövlət üçün, heç bir başqa xalq üçün problem yaratmır və yaratmayacaq. Ona görə azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır. Mən bunu artıq bir müddət bundan əvvəl demişəm. Biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq, tanklarla yox, avtomobillərlə qayıtmalıyıq. Bunu etmək üçün, əlbəttə ki, əsas vəzifə dövlətin üzərinə düşür. İctimai təşkilatlar və eyni zamanda, Azərbaycan alimləri, mən bilirəm və izləyirəm ki, bu istiqamətdə bir çox elmi əsərlər yaradıb. Onların sayı daha çox olmalıdır. Həm elmi əsərlər, sərgilər, təqdimatlar, tarixi xəritələrin dərc edilməsi. Təkcə XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. O xəritələrdə Sevan gölü adlı göl yoxdur. O xəritələrdə Göyçə gölüdür və bütün digər bizim istifadə etdiyimiz tarixi toponimlərimiz orada öz əksini tapıb. O xəritələri biz tərtib etməmişik ki, kimsə desin biz burada saxtakarlıq eləyirik…”
“Ermənistan dövləti Qərbi azərbaycanlıların geri qayıdışını təmin etməlidir, bu onun borcudur”
Tarix elmləri doktoru, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan Prezidentinin söylədiyi haqlı fikirlərdən Ermənistan nəticə çıxarmalıdır: “Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər tamamilə həqiqətdir. Qərbi Azərbaycana qayıdış Böyük Qayıdışın tərkib hissəsidir. Həqiqətən də bu belədir. Bu məsələ cənab Prezident tərəfindən aktuallaşdırılıb və bu istiqamətdə də işlər gedir. Bu tam yerində verilmiş bir təklif oldu. Bu, beynəlxalq hüquqa tam olaraq uyğundur. Prezident beynəlxalq aləmdə baş verənləri, nəticələri dərindən bilir. Azərbaycan Prezidenti Qərbi Azərbaycana qayıdış kimi həssas məsələyə həmişə böyük diqqətlə yanaşıb. Bu gün xalqımızın iki böyük problemi qalıb. Biri Cənubi Azərbaycanla Şimali Azərbaycanın birləşməsidir ki, bu nə qədər gerçəkləşməyib tarixlər boyu öz aktuallığını saxlayacaq. İkincisi isə azərbaycanlıların ləyaqətli şəkildə Qərbi Azərbayana qayıtması məsələsidir. İndiki Ermənistan ərazisi tarixən Azərbaycan türklərinin ata-baba yurdu olub, oralar bizim qədim torpaqlarımızdır. Bunu dünya da, ermənilər də bilir ki, bu torpaqlara onlar (haylar) XIX əsrdə gəliblər, ondan əvvəl orda cüzi sayda din xadimlərindən və tacirlərdən başqa erməni olmayıb, onlar orda kütləvi şəkildə yaşamayıblar. Qərbi Azərbaycanda heç bir qədim erməni izi olmayıb. Amma indi gəlib orda məskunlaşıblar və torpaqlarımıza yiyələniblər. İstəsələr də, istəməsələr də orda yaşamağa məcburdular, çünki XIX əsrdə böyük imperialist dövlətlər onları ora köçürüb yerləşdirib. Ermənilər unutmamalıdır və bütün dünya da bilməlidir ki, indiki Ermənistan ərazisi Azərbaycan türklərinin ata-baba yurdlarıdır. Böyük Qaydışın tərkibində Azərbaycan türklərinin geri qayıdışı da var. Zəngəzur yolu açılandan sonra soydaşlarımızın geri qayıdışı məsələsi daha da öz hədəfinə yaxınlaşmış olar. Azərbaycan Respublikasında yaşayan və hələ də öz tarixi irsini qoruyub saxlayan, nəsillərin əmanətlərini yaşadan, daşıyan soydaşlarımız öz ata-baba yurdlarına qayıdıb orda yaşaya bilərlər. Bu onların haqqıdır, beynəlxalq səviyyədə təsbit olunan hüquqlarıdır. Bunu azərbaycanlılara heç kim qadağan edə bilməz.
Prezident İlham Əliyev doğru olaraq vurğuladı ki, azərbaycanlıların Ermənistana qayıdışı erməni xalqını və Ermənistan dövlətini qorxutmamalıdır. Azərbaycan türkləri öz ata-baba yurdlarına qayıtmaq istəyirlər və bu da onların halal haqlarıdır.Qərbi azərbaycanlıların geri qayıdışı məsələsi reallaşacaq. Prezident açıq şəkildə dedi ki, soydaşlarımız dinc şəkildə öz ata-baba yurdlarına qayıdacaq. Bu məsələdə şübhəsi olanlar Prezidentin bu bəyanatındanöz paylarını götürməlidir və bilməlidirlər ki, Qərbi azərbaycanlılar heç vaxt məqsədlərindən geri çəkilməyəcək. Bu xoşməramlı məqsədin həyata keçməsi üçün Azərbaycan dövləti, cənab Prezident çalışır”.
Qərbi Azərbaycandakı toponimlərimizin kitablarda, məqalələrdə, elmi məruzlərdə, başlıcası isə insanlarımızın yaddaşında yaşadığını deyən Q.Hacıyevin sözlərinə görə, o toponimlər o torpaqların sahiblərinin Azərbaycan türkləri olduğunu bir daha sübut edir. Ermənilərin uzun illər mifik düşüncələrlə yaşadığını, azərbaycanlıların izlərini sildiklərini, toponimlərimizə qarşı təcavüzkar münasibət bəslədiklərini deyən Q.Hacıyev qeyd etdi ki, onlar nə qədər saxtalaşdırma işləri aparsalar da Azərbaycan toponimlərini tarixdən, mənbələrdən və xəritələrdən silə bilməzlər, çünki onlar özümüz tərəfindən deyil, başqa xalqların nümayəndələri tərəfindən Azərbaycan toponimləri kimi sənədlərə daxil edilib. “Qərbi Azərbaycanda minlərlə, onminlərlə Azərbaycan toponimləri var ki, onların adlarını biz bir-bir bilirik və kitablarda, məqalələrdə yazmışıq. Ermənilər isə saxtakarlıqlarından qalmır və özlərindən 11 “Ermənistan dövləti” “icad” ediblər. Bunlar hamısı saxtakarlıqdır. Ermənistan dövləti, ermənilər saxtakarlıqdan əl çəkib uydurmalardan imtina etsələr yaxşı olar.Ermənistan dövləti Qərbi azərbaycanlıların geri qayıdışını təmin etməlidir, bu onun borcudur”-deyə Q.Hacıyev bildirdi.
İradə SARIYEVA