AZ

Ermənistan və Gürcüstan arasında gərginlik Növbəti münaqişə başlayır?

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Ermənistan və Gürcüstan arasında diplomatik gərginlik yaranıb. Belə ki, Ermənistanın Avropa strukturlarının Gürcüstan hakimiyyətinə qarşı qəbul edilən qətnamələrə dəstək verməsi Tbilisidə narazılıq doğurub. 28–30 oktyabr tarixlərində İrəvanda keçirilən Avronest Parlament Assambleyasının sessiyasında Gürcüstan hökumətinin legitimliyini şübhə altına alan sənəd qəbul edilib və Ermənistan nümayəndə heyəti həmin qətnamənin lehinə səs verib.

Gürcüstan parlamentinin vitse-spikeri Nino Tsilosani bu addımı kəskin tənqid edərək bildirib ki, erməni deputatların mövqeyi rəsmi İrəvanın, o cümlədən baş nazir Nikol Paşinyanın siyasəti ilə ziddiyyət təşkil edir.

Hazırda iki qonşu ölkə arasında diplomatik münasibətlərdə gərginlik müşahidə olunur. Proses regionda yeni qarşıdurmaya səbəb ola bilərmi? Cənubi Qafqaz yeni siyasi böhran ərəfəsindədir?

Globalinfo.az-a danışan politoloq Elman Telmanoğlunun sözlərinə görə, Gürcüstan parlamentinin vitse-spikeri Nino Tsilosaninin sərt reaksiyası göstərir ki, Tbilisi bu addımı haqlı olaraq dostluq münasibətlərinə zidd hesab edir:

“Siyasi müstəvidə baş verənlər regionda yeni qarşıdurma ehtimalını artırmasa da, münasibətlərin soyumasına səbəb ola bilər. Ermənistanın Avropa strukturları ilə yaxınlaşması fonunda, Gürcüstanın Qərb institutlarına münasibətdə ehtiyatlı mövqeyi iki ölkə arasında siyasi xətt fərqini dərinləşdirir.

Elman Telmanoğlu

Hazırkı vəziyyət diplomatik böhran xarakteri daşıyır və daha çox ritorika səviyyəsində qalacaq. Lakin tərəflər arasında dialoq bərpa olunmazsa, bu, iqtisadi və regional əməkdaşlığa da mənfi təsir göstərə bilər. Regionda yeni münaqişə riski real görünmür, amma siyasi soyuqluq Cənubi Qafqazda inteqrasiya proseslərini ləngidə bilər.

Nəticə etibarilə, Ermənistan və Gürcüstan arasında yaranan bu diplomatik gərginlik yeni hərbi və ya ciddi siyasi qarşıdurmaya çevrilməyəcək. Lakin münasibətlərdə müvəqqəti soyuqluq və etimadın azalması müşahidə oluna bilər. Bu isə region üçün müsbət hal kimi qiymətləndirilmir”.

Safura Bənnayeva

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
globalinfo.az

1Mənbələr