AZ

Zəfərin Gününün beşinci ildönümünə həsr olunmuş tədbir keçirildi - FOTOLAR

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatında Şanlı Zəfərin beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdən öncə Yasamal rayonunda yerləşən Şəhidlərin Xatirə Kompleksi ziyarət olunub, şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib. Daha sonra YAP Yasamal rayon təşkilatının inzibati binasında yerləşən Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi dərin ehtiramla yad olunub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin, eləcə də Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti və şanlı Azərbaycan Ordusunun rəşadəti nəticəsində ərazi bütövlüyümüz bərpa olunub. O qeyd edib ki, Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrilib və xalqımızın “dəmir yumruq” ətrafında birliyinin təcəssümüdür.

Vurğulanıb ki, 44 günlük haqq mübarizəsində tarix yazan Ordumuz güclü dövlət və güclü ordu strategiyasını, milli birlik, həmrəylik və iradə vəhdətini bütün dünyaya nümayiş etdirdi. Rayon təşkilatının sədri işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərindən, eləcə də Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının əhəmiyyətindən danışıb.

Bəxtiyar Nəbiyev çıxışında qeyd edib ki, 2023-cü il sentyabrın 19-20-də aparılan lokal antiterror tədbirləri nəticəsində Azərbaycan suverenliyini tam bərpa edib və bununla Cənubi Qafqazda sülhün bərqərar olması üçün əsaslı zəmin yaradılıb. 2023-cü il oktyabrın 15-də Ali Baş Komandan, Prezident İlham Əliyevin Ağdərədə, Xocalıda, Əsgəranda, Xocavənddə və Xankəndidə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdığını xatırladan natiq bunun müasir tariximizin ən şərəfli səhifələrindən biri olduğunu qeyd edib.

Sədr əlavə edib ki, bu Qələbə həm də Azərbaycan dövlətçiliyinin bərpa edilməsində mühüm mərhələdir və 2024-cü il 19 sentyabr tarixində qəbul edilən “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncam bu ideyaların davamıdır. Həmin sənəd xalqımızın öz taleyinə sahib çıxmaq iradəsini ifadə edir və müstəqil dövlətimizin hüquqi-siyasi təməlini möhkəmləndirir.

Artıq 2024-cü ildən etibarən 20 sentyabr - Dövlət Suverenliyi Günü kimi qeyd olunur və bu tarix müstəqil Azərbaycanın şanlı tarixində əbədi qalacaq.

Tədbirdə Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Nurlan Mustafayevin anası, “Hüseyn Cavid 33A” (“Bakı Metropoliteni” QSC) ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini Rahilə Ramazanova çıxış edərək bildirib ki, Azərbaycanı Qələbəyə aparan bu şanlı yolun təməli Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyəti ilə qoyulub. O qeyd edib ki, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin düşünülmüş və düzgün strategiyası nəticəsində Azərbaycanın əzəli torpaqları işğaldan azad edilib.

R.Ramazanova bildirib ki, Prezidentin “dəmir yumruğu” ətrafında birləşən xalqımız, şəhidlərimiz, qazilərimiz, əsgər və zabitlərimiz öz vətənpərvərliyi və mərdliyi ilə tariximizin ən şanlı səhifələrini yazaraq gələcək nəsillərə örnək olublar.

Qeyd edək ki, 8 Noyabr -Zəfər Günü ərəfəsində YAP Yasamal rayon təşkilatı tərəfindən yardım aksiyası da təşkil olunub. Aksiya çərçivəsində Yasamal rayonunda yaşayan şəhid ailələri və qazilər ziyarət olunub, onlara bayram sovqatları təqdim edilib.

Seçilən
6
2
unikal.az

10Mənbələr