AZ

Trampla bağlı İLGİNC AÇIQLAMA 

ABŞ-də ikinci dəfə Ağ Evə sahib olan Donald Tramp üçün keşməkeşli prezidentlik dönəmi başlaya bilər. Belə ki, ölkəsində keçirilən qubernator seçkisində iki ştatda qadın namizəd, Nyu-Yorkda isə müsəlman əsilli namizəd respublikaçılar üzərində qalib gəliblər. Bu da andiçməsinin üzərindən 10 ay keçməmiş Trampa bir xəbərdalıq siqnalı kimi qəbul olunur.

MUTELLİM.jpg

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli Musavat.com-a açıqlamasında bildirib ki, ABŞ siyasətində Tramp hələ də balansı bəlli olmayan siyasətçi kimi qalır:

“Donald Tramp ziddiyyətli fikirləri ilə ABŞ cəmiyyətinə narahatlıqlar yaşatmaqdadır. Halbuki insanlar rahat həyat tərzini daha üstün tuturlar. Ona görə də getdikcə məğlubiyyətin acısını yaşayacaq. Tramp təkcə fiziki olaraq deyil, düşüncəsi ilə də qocalmış Bayden iqtidarına qalib gəldi.

Seçicilər iki pis arasından yaxşı olana səs verdilər. Ona görə də Tramp 2024-cü il prezident seçkilərində qalib gəldi. Birləşmiş Ştatların tarixində həmişə bir tendensiyanı müşahidə etmək mümkün olub. Əgər prezident seçkilərində Respublikaçılar qalib gəliblərsə, Konqresdə yerlərin çoxunu Demokratlar tutublar. Bu ölkədə idarəetmədə avtoritarizmin və özbaşınalıqların qarşısını alıb. Demokratların hakimiyyəti dönəmində də Nümayəndələr Palatasında və Senatda Respublikaçılar kifayət qədər səsə sahib idilər. Tramp prezident seçiləndən sonra bu nisbət dəyişməyə başlayıb.

Noyabrın 4-də üç ştatda Demokratların namizədi qalib gəlib. Bundan bir neçə ay əvvəl Nümayəndələr palatasına boşalan yerlərə keçirilən seçkilərdə Demokratların namizədləri qələbə çalmışdı. Məsələyə bu aspektdən yanaşsaq, Trampın ciddi məğlubiyyətə uğradığını deyə bilmərik. Bununla belə, bütün bunlar Tramp iqtidarının apardığı siyasətin ölkə daxilində kifayət qədər dəstək qazanmadığını sübut edir.

Bu tendensiya davam edərək Trampın hakimiyyətinə son qoya bilərmi? Burada hər şey Demokratlardan asılıdır. Əgər onlar növbəti prezident seçkilərinə güclü xarakteri, yüksək potensialı ilə seçilən, müasir siyasi prosesləri obyektiv dəyərləndirə bilən, ABŞ-nin maraqlarını qoruya biləcək potensiala malik namizəd çıxara bilməsələr, Tramp yenə qalib gələcək. Lakin ABŞ xalqı ölkədə siyasi qüvvələr arasında balansı qoruyub saxlayacaq və Konqresdə Demokratların qalibiyyətini təmin edəcək”.

Cavanşir ABBASLI
Musavat.com

Seçilən
36
musavat.com

1Mənbələr