AZ

İdarə Heyətinin sədri: Hazırda donor gözləyənlərin sayı 1000 nəfərdən çoxdur

Bakı, 5 noyabr, AZƏRTAC

Hazırda Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə ən çox müraciətlər böyrək köçürülməsi və sümük iliyi transplantasiyası ilə bağlı daxil olur. Xroniki böyrək çatışmazlığı ilə yaşayan insanlar üçün donor tapılması həyati əhəmiyyət daşıyır. Sümük iliyi transplantasiyası isə daha çox leykemiya, limfoma və aplastik anemiya kimi ağır hematoloji xəstəliklər zamanı həyata keçirilir. Bir çox hallarda xəstənin yeganə sağalma şansı məhz uğurlu transplantasiyadır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında canlı yayım zamanı Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova səsləndirib.

Onun sözlərinə görə, hazırda donor gözləyənlərin sayı 1000 nəfərdən çoxdur: “Uyğun donorun tapılması bəzən bir neçə ay, bəzi hallarda isə illər çəkə bilər. Buna görə də cəmiyyətin könüllü donor qeydiyyatına aktiv yanaşması çox vacibdir”.

Yeganə Abbasova qeyd edib ki, son illərdə Azərbaycanda orqan donorluğu mövzusuna maraq nəzərəçarpacaq dərəcədə artıb, vətəndaşlar həm qanunvericilik, həm də donor olma prosedurları barədə daha çox məlumat əldə etməyə başlayıblar: "Aparılan maarifləndirici tədbirlər, media layihələri və aidiyyəti qurumların mütəxəssislərinin çıxışları donorluq mövzusu ilə bağlı məlumatlılığın yüksəlməsinə mühüm təsir göstərib. Bu cür məlumatlandırma işi cəmiyyətin məsələyə daha şüurlu və obyektiv yanaşmasına şərait yaradıb. Eyni zamanda, cəmiyyətdə humanizm, paylaşma və sosial dəstək dəyərlərinin güclənməsi də diqqətəlayiqdir. İnsanlar daha çox anlayırlar ki, orqan bağışlamaq bir insanın həyatını xilas etmək və ona ikinci bir şans vermək deməkdir. Bu düşüncə, tədricən, daha geniş yayılır və qəbul olunur. Nəticə etibarilə, donor olmaq istəyənlərin sayı ildən-ilə artır. Gözlənilir ki, bu müsbət tendensiya gələcək illərdə də davam edəcək və cəmiyyətdə orqan donorluğuna münasibət daha da müsbət şəkildə formalaşacaq".

İdarə Heyətinin sədri bu günlərdə Qafqaz regionunda ilk dəfə olaraq Azərbaycanda icra edilən meyit donorun ürək transplantasiyası əməliyyatı barədə də danışıb: “Bu əməliyyat yüksək peşəkarlıqla icra olunub və Azərbaycan səhiyyə sisteminin tarixi uğurudur. Əməliyyata rəhbərlik edən həkimlərin düzgün koordinasiyası sayəsində, eyni zamanda, dəqiq diaqnostika və yüksək texnoloji imkanlarla prosesi təhlükəsiz şəkildə idarə etdilər. Xüsusilə nazirliyin Koordinasiya Mərkəzi, donor və qəbul edən xəstəxanalar, logistika və reanimasiya komandaları arasında vaxtın düzgün idarəedilməsi və informasiya axınının qüsursuzluğu əməliyyatın taleyini müəyyən edib. Bu inteqrasiya olunmuş koordinasiya sayəsində 19 yaşlı bir gəncin həyatı xilas edilib”.

Yeganə Abbasova donor ailəsinin göstərdiyi insanpərvərlik və yüksək humanizm addımını xüsusi vurğulayaraq deyib ki, bu nəcib təşəbbüs minlərlə insan üçün ümid mənbəyidir: “Həkimlər və tibb personalı donor ailəsinə dərin minnətdarlığını bildirir, bu fədakarlığın dəyərini xüsusi vurğulayırlar. Cəmiyyətimizi orqan donorluğu barədə daha çox məlumatlanmağa və məsuliyyətli qərarlar verməyə çağırırıq. Unutmayaq ki, donorluq haqqında vaxtında verilən qərar sabah kimin üçünsə həyat deməkdir”.

Seçilən
24
azertag.az

1Mənbələr