"Son günlər AzTV sədri Rövşən Məmmədovun "helikopter almaq istəyi" və yaradıcı işçilərə verdiyi qonorarlara görə tənqidlər gündəmdədir. Amma məsələ bir qədər fərqli görünür. Düşünürəm ki, əslində AzTV-nin, eləcə də İTV-nin və digər televiziya kanallarını belə bir təşəbbüsə görə təqdir etmək daha doğru olardı".
Adalet.az xəbər verir ki, bunu İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, əgər məqsəd televiziyanın çəkiliş və texnoloji imkanlarını genişləndirmək, ucqar və çətin ərazilərdən, xüsusilə regionlardan və Qarabağdan operativ görüntülər əldə etməkdirsə, bu, normal və hətta zəruri texniki qərardır.
"Dünyanın əksər güclü TV kanalları hava çəkilişləri üçün, operativlik üçün helikopterlərdən istifadə edir. Regionda, dünyada informasiya savaşının getdiyi bir zamanda TV-lərin rəqabətə davamlılğı üçün innovasiyalar və texnologiyalar, dron və helikopter kimi vasitələr mühüm əhəmiyyət kəsb edir.
Dronun da, helikopterin də və çəkiliş üçün nəzərdə tutulmuş “AzTV avtobusu”nun da öz funksionallığı var. Söhbət dronla toy çəkməkdən deyil, operativ xəbər istehsalından gedir. Bəlkə də tənqid olunmalı olan helikopterin alınması deyil, bu cür təşəbbüslərin ictimaiyyətə düzgün izah edilməməsidir. Fikrimcə, AzTV rəhbərliyi məsələni şəffaf və əsaslandırılmış şəkildə təqdim etsəydi, "helikopter" mübahisəsi bu qədər böyüməzdi".