AZ

66 rayon dotasiyasız qalacaq Ekspert səbəb AÇIQLADI

ain.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dünənki iclasında müzakirə olunmuş “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində 66 rayon və şəhərə dotasiya (yardımı) ayrılmayacağı nəzərdə tutulub. 2026-cı ildən bir çox rayon büdcədən dotasiya almadan fəaliyyət göstərəcək. Məqsəd regionlarda maliyyə dayanıqlığının təmin edilməsi və müstəqil iqtisadi inkişafdır. 

Hələ ki, dotasiya tətbiq edilən yeganə rayon Xocavənddir.

İqtisad elmləri doktoru, professor Zahid Məmmədov Modern.az-a mövzu ilə balı açıqlamasında qeyd edib ki, rayonlarda təsərrüfat subyektləri fəaliyyət göstərirsə, iqtisadi biznes strukturları işləyirsə, özünü maliyyələşdirməlidir. Eyni zamanda hər bir rayon gəlirinə uyğun xərcləmələr etməlidir:

“Rayonlar gecə-gündüz təkliflərlə çıxış etməlidir. Rayon icra başçıları daim Bakıya gəlib-getməlidirlər.  Zavod-fabriklərin açılması, istehsal müəssisələrinin fəaliyyətinin bərpası istiqamətində təkliflər verməlidirlər. Rahatlıqla orada əyləşib Bakıdan toplanılan vergi ilə fəaliyyət göstərmək olmaz”. 

Zahid Məmmədov qeyd edib ki, rayon rəhbərləri mübarizə aparmalıdırlar ki, insanlar ora köçmək istəsinlər. Çünki insan olan yerdə inkişaf da olur:

“Bunun üçün bütün şərait yaradılmalıdır. ABŞ-yə baxın. Görün, nə qədər qubernator var? Uzağa getməyin, Türkiyənin bələdiyyəsinə baxın. Görəcəksiniz ki, mənzillərin qiymətində dinamik artım müşahidə olunur.  Bu onunla əlaqədardır ki, bələdiyyə sədrləri rayona qayğı göstərirlər. İnfrastrukturu tam mənası ilə qürurlar.

Yaxşı, bu qədər vəzifədə qalırsınız, bəs niyə irəliləyiş yoxdur, nə baş verir?”

İqtisadçı əlavə edib ki, vəsait dövlətindir və Azərbaycan unitar Respublikadır. Regionlardakı proseslərin şəffaflığına mərkəzdən nəzarət olmalıdır. Eyni zamanda rayonlarda qanun çərçivəsində, müstəqil maliyyə azadlığı siyasətinə heç kim mane ola bilməz.

Bəzi bölgələrə maliyyə ayrılmasını əsaslandıran Z.Məmmədov deyib ki, əgər rayon yeni salınıbsa, ona dotasiya ayrılması normal haldır və zəruridir. Uzun müddət mövcud olan, tarixi fəaliyyəti olan rayona dotasiya verilməməlidir. 

İqtisadçı icra hakimlərinin fəaliyyəti ilə bağlı heç bir analitik yazının müəllifi olmadıqlarını irad kimi bildirib. 

Z.Məmmədov hesab edib ki, Xocavəndə dotasiya verilməsinin davam etdirilməsi istisna hal kimi işğaldan azad olunması ilə bağlıdır. 

Cavid Zahidoğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
modern.az

2Mənbələr