AZ

Parik biznesi ilə məşğul olan gəncin fırıldağı ifşa olundu – TƏFƏRRÜAT

Kəlbəcər rayon sakini, 1991-ci il təvəllüdlü Ağa Məmmədov biznes qurmaq adı ilə Anar Məmmədova qarşı dələduzluq edib.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, o, Türkiyədən ölkəyə süni saç gətirərək satacağına, satışdan yaxşı qazanc əldə edərək zərərçəkmiş şəxsə xeyir verəcəyinə dair yalan vəd verib.

2021-ci il iyul ayının ortalarından Nərimanov rayonu ərazisində hissə-hissə olmaqla zərərçəkənin 362.000 manatını ələ keçirib.

İstintaq orqanı tərəfindən A. Məmmədovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

“Haqq-hesabları dəftərimdə qeyd etmişəm”

Ağa Məmmədov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, 2019-cu ildən “HBC” şirkətini Türkiyə vətəndaşından təhvil alıb, işləri yaxşı gedib, məşhur şəxslər onun müştərisi olub:

“Pandemiya dövründə işləməyə icazə verilmədiyindən qazancım azaldı, borc yükü çoxaldı. Qazancımın azalmasından narahat oldum, yanıma gedib-gələn müştərim Anara zəng vurub ondan faiz ödənilməklə pul istədim. Anar təklifimlə razılaşdı və bank kartıma 500 manat məbləğində pul yolladır. Pulu dövriyyəyə buraxdım. Protez saç satışına görə müştəridən 1100 manat məbləğində pul aldım. Həmin pulunun 800 manatını Anarın bank kartına göndərdim.

Bu hadisədən bir neçə gün sonra təklifim əsasında Anarla yenidən görüşdüm. O, gördüyüm işlə bağlı suallar verdi, qazancımlamaraqlandım. Ona gördüyüm işin olduqca gəlirli olduğunu bildirdim və 15000 manat məbləğində pul verdiyi təqdirdə 5000 manat qazanc verə biləcəyimi, onunla da bu məqsədlə görüşdüyümü bildirdim.

Anar mənimlə razılaşdı və qeyd olunan məbləği verdi. Mən də öz növbəmdə həmin pulu 5000 manat qazancla geri qaytardım. Bu minvalla Anarla aramızda borc-iş döngüsü yarandı və sonda mənim ona 50 min manata yaxın borcum qaldı. Anarla olan haqq-hesabları dəftərimdə qeyd etmişəm”.

“Evimi satmaq məcburiyyətində qalmışam”

Təqsirləndirilən şəxsin sözlərinə görə, Anarla arasında qalan məbləğ 50 min manata yaxındır, bunun 362 min 230 manat olması mümkün deyil: “İkinci dəfə Anardan 5000 manat almaqla 2750 manat qaytarmağım səbəbindən müştəri sifarişini tamamlaya bilmədim. Başqa bir şəxsdən 7250 manat alaraq Anarın borcunu bağladım. Yəni gəlirim olmaya-olmaya Anara artıq pul vermişəm. Ancaq bu dəfə artıq başqa şəxsə borclanmışam. Lakin müştəri sifarişinlərini tamamlaya bilmədiyimi Anara söyləməmişəm.

Anardan borc alaraq başqalarına, digər şəxslərdən alaraq ona qaytarmaq məcburiyyətində qalmışam. Anara 50 min manata yaxın, təxminən 48000 manat məbləğində borcum yaranıb. Məcburiyyət qarşısında qaldığım üçün Anarı aldadaraq ondan pul almışam.

Başqa şəxslərə də borcum olduğu üçün evimi satmaq məcburiyyətində qaldım. Borcumun daha da çox olmaması üçün Türkiyəyə qaçıb getmişəm”.

Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə hazırkı ifadəsi arasında bəzi ziddiyyətlər var. Bu səbəbdən onun həmin ifadəsi məhkəmədə açıqlanıb.

Təqsirləndirilən şəxs həmin ifadəsində zərərçəkmiş şəxsdən aldığı pulların məbləğini və harada almasını detalları ilə bildirib. O, ifadəsində götərib ki, Anarın ondan əl çəkmədiyni görüb, vaxtı uzatmaq məqsədilə Türkiyədə yaşayan dostu Okandan 22 min 472 ABŞ dollarının göndərilməsinə dair “Qarantiya Bank”ın saxta dekontunu hazırlayaraq göndərməsini xahiş edib: “O da həmin saxta dekontu hazırlayaraq göndərdi. Mən də dekontu Anara göndərdim.

Mənim Fəridlə işbirliyim olmayıb. Fərid “DEMO Saç” Protez Mərkəzinin sahibi olub. Anarın pullarını qaytara bilmədiyimi gördüm və onu aldatmaq üçün Fəriddən xahiş etdim ki, Anara mənə verdiyi pulları Okana göndərdiyini desin”.

“Pulları qaytaracağına söz verdi”

İş üzrə zərərçəkmiş Anar Məmmədovun sözlərinə görə, Ağa Məmmədovun qısa müddətdə müştərisi olub: “Onun müştəri bazasını gördükdə mənə olan təklifini dəyərləndirmək istədim. Ağanın təklifi ilə 2021-ci ildə onunla birgə Türkiyədən gələn süni saçların satışı ilə məşğul olmağa başladım.

Ağaya 2021-ci ilin yay ayında 15000 manat borc verdim, 5000 manat xeyirlə qaytardı. Bundan sonra həmin ilin sentyabrın 11-də ona 41 min 200 dollar, sentyabrın 14-də 20 min dolları 4 aylıq dövriyyə ilə Ağaya verdim. Aramızdakı razılaşmaya görə həmin pulları ilin sonu qaytararacağına dair söz verdi”.

Zərərçəkmiş şəxs qeyd edib ki, daha sonra həmin ilin sentyabrın 17-də 58 min manat verib: “Ağaya pulumu qaytarması üçün zəng etdim və Nərimanovdakı restoranlardan birinə dəvət edildim. Ona dəftərində hər şeyi qeyd edib-etmədiyini soruşdum. Ağa təsdiq cavabı verdi.

Bundan sonra Ağadan mənə 10 min manat pul verməli olduğunu və nəyə görə vermədiyini soruşdum. O, pul verməli olduğunu unutduğunu dedi, yarım saatdan sonra 10 mini mənə verdi.

Bundan başqa Ağa Gülnarə adlı xanımın adından məndən 35 min manat aldı, ayın 27-si həmin pulu da qaytardı. Ağaya hissə-hissə pullar vermişəm. Ona davamlı olaraq pul verməyimin səbəbi Ağaya qarşı inamımın formalaşması olub. Ağa da bu inamdan istifadə edib və bu inam formalaşandan sonra aramızda problemlər yaranmağa başladı.

Ağadan pulları kimə verdiyini soruşdum. O, malların Bakıdakı anbarda saxlanıldlğını, anbardarın isə Fərid Hacızadənin olduğunu bildirdi”.

“Anladım ki, ortada mal yoxdur, məni aldadırlar”

Anar Məmmədov qeyd edib ki, daha sonra Yasamal rayonu ərazisində yerləşən Musabəyov parkının yanında Ağa və Fəridlə görüşüblər: “Həmin vaxt Ağadan pulumu kimə verdiyini soruşdum. O, pulu Fəridə, Fərid də Okan adlı türk vətəndaşına verdiyini bildirdi. Mənim yanımda Okana zəng vurdular və onunla danışdılar.

Okan malı noyabrın 26-da göndərəcəyini bildirdi. Mən isə artıq mal deyil, pulumu istədiyimi söylədim. Çünki anladım ki, ortada mal yoxdur, məni aldadırlar.

Noyabrın 26-da Okan “Whatsapp” tətbiqi vasitəsilə Türkiyədə fəaliyyət göstərən “Qaranti bank”ın qəbzini yolladı və pulun hesabıma göndərildiyini bildirdi. Banka gedəndə pulun gəlmədiyini, göndərilmiş bank sənədinin saxta olduğunu öyrəndim”.

“Biznesi ilə məşğul olmuşam”

Zərərçəkmişin ifadəsinə görə, daha sonra Ağaya zəng edib və “Koroğlu” metrostansiyasında görüşüblər: “Ağa məni yenə aldadaraq pulun növbəti gün veriləcəyini bildirdi. Lakin o, xaricə qaçdı. Mən isə məcbur qalaraq hüquq-mühafizə orqanına müraciət etdim.

Ağaya ümumilikdə 362 min 230 manat məbləğində pul vermişəm. Mən mebel işi ilə məşğul olmuşam. 2007-ci ildən 2021-ci ilə qədər pərakəndə formada ticarətlə məşğul olmuşam, vergi ödəyicisi kimi qeydiyyatım var. Ağa mənə iş təklif edəndə restoran biznesi ilə məşğul idim”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Ağa Məmmədov 6 il 5 ay 21 gün müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilib. Müdafiəçi birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini, hüquqlarını müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, birinci instansiya məhkəməsi zərərçəkmiş şəxsin 362.000 manat məbləğində pulu harada, hansı şəraitdə təqsirləndirilən şəxsə verdiyini əsaslandırmayıb və bu, istintaq materialları ilə öz təsdiqini tapmayıb.

Qeyd olunub ki, nə istintaq, nə də ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin qeyd olunan etibardan sui-istifadə edərək dələduzluq cinayəti əməllərini törətdiyini sübut edə bilməyiblər.

Bu şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Şikayəti araşdıran hakimlər heyəti təqsirləndirilən şəxsin müdafiəçisinin şikayətini haqlı hesab etməyiblər.

Bu qərardan narazı qalan müdafiəçi kasasiya şikayəti verib. Şikayət araşdırılması üçün Ali Məhkəmənin hakimi İlqar Qılıcovun icraatına verilib. Yaxın günlərdə bu iş üzrə kasasiya şikayətinə baxılacaq.

Seçilən
6
2
veteninfo.az

3Mənbələr