AZ

QHT rəhbəri Hafiz Həsənova ittiham aktı elan edildi

"QHT işi" üzrə ittiham olunanlardan biri - "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilənə ittiham aktını elan edib.

İttihamda bildirilib ki, Hafiz Həsənov rəhbərlik etdiyi qeyri-hökumət təşkilatında (QHT) layihələr keçirmək adı ilə ABŞ-nin German Marşal Fondundan ümumilikdə 415 min manatdan artıq pul vəsaitini qrant alaraq leqallaşdırıb.

Hafiz Həsənov elan olunmuş ittihamla bağlı özünü təqsirli bilməyib.

Növbəti proses dekabrın 3-nə təyin edilib.

Qeyd edək ki, Hafiz Həsənov Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.

Onun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib, sonradan bu qərar polis nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəz olunub.

Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.

Cinayət işi üzrə bir sıra QHT, onların rəhbərləri, həmçinin xarici QHT-lərin filial və nümayəndəliklərinin fəaliyyətlərində qanun pozuntuları araşdırılır.

"İştirak Evi " MMC-nin təsisçisi və direktoru Məmməd Alpay (Məmmədzadə), "Benefisiar: Hüquqi Yardım Mərkəzi və Vətəndaş Hüquqları İnstitutu"nun rəhbəri Bəşir Süleymanlı və Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

Məmməd Alpay (Məmmədzadə) və Bəşir Süleymanlı barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Sübhan Həsənli istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.

"Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənov Baş Prokurorluğun İstintaq İdarəsində yerli və beynəlxalq QHT haqqında cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanınıb və onun barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Daha sonra cinayət işi üzrə Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, sosial işçi - hüquq müdafiəçisi Zamin Zəki və Əhməd Abbas oğlu Məmmədzadə həbs ediliblər.

Seçilən
7
49
avtosfer.az

10Mənbələr