Özünü Prezidentin xüsusi nümayəndəsi kimi təqdim edərək Türkiyə vətəndaşı Muhammet Cilə qarşı xeyli miqdarda dələduzluq edən 1992-ci il təvəllüdlü Nicat Əhmədzadənin məhkəmə prosesi başa çatıb.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, N.Əhmədzadə Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 310-cu maddələri ilə üzrə təqsirli bilinib və 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Nicatın törətdiyi əmələ gəlincə, o, azad olunmuş ərazidə qurumların birinin texniki işçisi kimi fəaliyyət göstərib. Bu müddətdə Nicat Əhmədzadə Muhammet Cilə özünü rəhbər vəzifədə çalışan biri kimi təqdim edib və tezliklə Prezidentin Şuşa şəhəri xaric, digər işğaldan azad olunmuş ərazilər üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin olunacağına dair yalan məlumat verib. O, bunun üçün 8 min manata ehtiyacı olduğunu bildirərək həmin məbləği Türkiyə vətəndaşından alıb.
Ümumilikdə zərərçəkənə 14 min manat ziyan vuran 32 yaşlı Ağdam sakini növbəti görüşdə artıq təyinatının rəsmiləşdiyini, Muhammetə də onu özünə müavin götürəcəyini bildirib.
Prosesin davamında isə Nicat Əhmədzadə Türkiyə vətəndaşına guya müavin təyinatının da rəsmiləşdirdiyi bildirib və ona saxta şəxsi vəsiqənin fotoşəkilini göndərib. Bu azmış kimi, təqsirləndirilən şəxs təyinatla bağlı saxta məxfi məktub da hazırlayıb. Üstəlik ona maaşının artıq hesablandığını və bank kartının fotosunu da nümayiş etdirib.