AZ

Astarada naringi yığımı: Bol məhsul, aşağı qiymət… – Alıcı yoxdur / FOTOLAR

Məhsul bol, xırdalığına görə aşağı qiymət təklif olunsa da, alıcı demək olar yoxdur.

NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə, bir neçə gündür Astaranın sitrus bağlarında naringi yığımına başlanılıb.

Fermerlər qiymətin aşağı olmasından narazıdır. Onları narahat edən digər məsələ isə məhsullarını xarici bazarlara çıxara bilməmələridir. Fermerlər deyir ki, qeyri-sabit hava şəraiti meyvəyə də, məhsuldarlığa da öz mənfi təsirini göstərib.

İlk yığımda 1 manat -1,50 manata satılan məhsulu indi 0,30-0,70 qəpiyə təklif olunsa da, alıcı yoxdur.

Hazırda bağlarda naringinin tez yetişən sortu olan “karli” yığılır.

Fermerləri narahat edən digər problem isə məhsulu xarici bazarlara çıxara bilməmələridir. Məhsulu xarici bazarlara çıxartmaq üçün bəzi qurumlar fermerlərdən müxtəlif sənədlər tələb edir. Həmin sənədlər toplanılana kimi məhsul zay olur. Həm də rayon ərazisində saxlama kameraları yoxdur ki, yığılan məhsul kameralarda saxlanılsın.

Məhsul yığımı əsasən rayonun Siyəkü kənd ərazi vahidliyinə daxil olan dağ ətəyi kəndlərində aparılır. Bu günə kimi 1000 tondan artıq məhsul yığılıb.

Astara Rayon İcra Hakimiyyəti başçısının Siyəkü kənd icra nümayəndəsinin müavini Höküməli Əliyev bildirir ki, ərazi 24 parakənddən ibarətdir. Həmin kəndlərdə 350 ha yuxarı naringi ağacları əkilib.

“Bu il məhsuldarlıq yaxşı idi. Amma bir az xırdadır. Bu da hava şəraiti ilə bağlıdır. Çox isti qızmar keçdiyi üçün məhsulun inkişafı bir az dayandı zəif oldu, xırda oldu zəif oldu. Bu vaxta kimi təqribən 1000 tondan yuxarı “karli” sortu əhali tərəfindən məhsul yığılıb, daxili bazarlarda satılıb.Bu dəqiqə ərazidə qiymət 60-70 qəpiyədir, yəni qarışıq mal 60-70 qəpiyədir. Bu da fermerlərə sərf eləmir, çox aşağı qiymətdir. Onlar tərəfindən bizə dəfələrlə müraciət olunub ki, ərazi vahidliyində saxlama kameraları qurulsun. Şərait yaradılsın ki, məhsullarını orda müəyyən vaxt saxlasınlar. Müəyyən müddətdən sonra yaxşı qiymətə sata bilsinlər. Biz də yuxarı təşkilatlara müraciət etmişik. Artıq aidiyyəti qurumlar söz veriblər ki, yaxın gələcəkdə bizim üçün məhsulun saxlama kamerası şərait yaradılacaq”.

Qeyd edək ki, yaxın günlərdə bağlardan “yerli” və “elit” sort naringilərin yığımına başlanılacaq.

Seçilən
34
nocomment.az

1Mənbələr