AZ

Böyük Misir Muzeyi yeni ünvanda

Qədim sivilizasiyanın əbədi ruhunun təcəssümü

Sivilizasiyaların beşiyi olan Misir bəşəriyyətin yaddaşında silinməz iz qoyub. Nilin əzəli həyat verdiyi bu torpaq, minilliklərdir ki, sirli fironları, göylərə ucalan piramidaları və misilsiz mədəniyyəti ilə bütün dünyanı heyrətə salır. Böyük fironların əbədiyyəti təmin etmək üçün inşa etdikləri ehramların əzəmətli kölgəsində Misir bu gün keçmişini müasir sənət və elm platformasına çevirərək yeni bir mədəni dirçəliş elan edir.

Qədim Giza yaylasının ətəyində, dünyanın yeganə salamat qalmış yeddi möcüzəsindən biri – Böyük Piramidaların və Böyük Sfinksin yaxınlığında ucalan Giza Böyük Misir Muzeyinin (GEM) bu günlərdə rəsmi açılışı mədəni təqvimdə misilsiz bir hadisə kimi yazıldı. Bəşəriyyətin ən qədim sivilizasiyalarından birinin xəzinələrini özündə birləşdirən bu kompleks, sadəcə bir mədəniyyət ocağı deyil, tarixin yükünü gələcəyə daşıyan monumental nailiyyətdir.

Misirin qlobal səhnədəki mövqeyini bir daha təsdiqləyən möhtəşəm muzeyin açılışına dünyanın 70-dən çox ölkəsindən rəsmi nümayəndə heyətləri qatıldı. Onların arasında krallar, şahzadələr, dövlət və hökumət başçıları da daxil olmaqla onlarla yüksək səviyyəli lider var idi. Misir Ərəb Respublikasına işgüzar səfəri çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova da Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib.

Təntənəli mərasimdə Misir prezidenti Əbdülfəttah əs-Sisi çıxışında muzeyin divarları arasında sadəcə əşyaların deyil, Misir xalqının minilliklər boyu yaratdığı zəka və ruhun yaşadığını vurğuladı. Prezident nəhəng piramidaları ucaldan və məbədlərin daşlarına əbədiyyət dastanını həkk edən Misir oğullarının dahiliyinə GEM-in ən böyük canlı şahid olduğunu bəyan etdi: "Bu, bir sivilizasiyaya həsr olunmuş dünyanın ən böyük muzeyidir: Misir sivilizasiyası, onun parıltısı əbədidir və onun əzəməti heç vaxt sönməyəcəkdir".

Dünyanın səkkizinci möcüzəsi adlandırılan nəhəng arxeoloji mərkəz 7000 illik Misir tarixinin canlandığı mədəniyyət platformasıdır. 50 hektarlıq geniş ərazisi və milyard dollarlıq dəyəri ilə GEM, Misir incəsənətini qorumaqla yanaşı, ölkəni qlobal turizm xəritəsində tamamilə yeni bir səviyyəyə qaldıracaq iddialı layihədir.

İrlandiyalı Heneghan Peng Architects firması tərəfindən dizayn edilən bu bənzərsiz binanın trapesiya formalı, yarışəffaf divarları Misir səhrasının relyefini və üçbucaq, piramidal motivləri əks etdirir, bununla da qədim və müasir memarlıq arasında vizual bir dialoq yaradır. Ekspozisiyada Misir gücünün monumental rəmzi – II Ramsesin nəhəng heykəli yer alır. Əsas Atriumda yerləşdirilən və hündürlüyü 11 metr ağırlığı isə 83 ton olan 3200 illik abidə, muzeyin nə qədər nəhəg olduğunu sübut edir.

Muzeyin şübhəsiz ki, ən cəlbedici kolleksiyası, gənc firon Tutanhamonun tam arxeoloji kolleksiyasıdır. İlk dəfə olaraq, 1922-ci ildə Kəşflər Vadisində (Valley of the Kings) tapılmış 5398 ədəd artefakt, o cümlədən məşhur Qızıl Ölüm Maskası, taxtları, libasları və cəvahiratları vahid bir məkanda birləşdirilmişdir. Bu, ziyarətçilərə fironun həyatını və axirətə hazırlığını tam kontekstdə görməyə imkan verən bənzərsiz bir təqdimatdır.

Tutanhamon kolleksiyasından başqa, GEM-in mərkəzi elementi hesab edilən Böyük Pilləkən (Grand Staircase) hissəsi xüsusilə diqqətəlayiqdir. Bu pilləkən boyunca Misirin qədim sivilizasiyasının müxtəlif dövrlərinə aid 70-dən çox monumental heykəl nümayiş olunur. Yuxarı qalxdıqca isə burada heykəllər qalereyası açılır və ziyarətçilərə pəncərələrdən Giza piramidalarına möhtəşəm bir mənzərə təqdim edilir. Ekspozisiya, həmçinin GEM-in əsas qalereyaları Misir tarixini Predinastik dövrdən Qreko-Roma dövrünə qədər xronoloji və tematik ardıcıllıqla nümayiş etdirir.

Ən nadir və tarixi cəhətdən əhəmiyyətli eksponatlardan biri də Böyük Piramidanın sahibi, Firon Xufunun 4600 illik Günəş Qayığıdır. Livan sidrindən hazırlanmış möhtəşəm qayığın uzunluğu təxminən 43 metrdir. Fironun ruhunun axirət dünyasında Günəş Tanrısı Ra ilə səma səyahətini təmin etmək məqsədi daşıyan qədim Misir inancının simvolu olan bu qayıq 2021-ci ildə ehtiyatla və xüsusi texniki vasitələrlə köçürüldükdən sonra GEM-in daxilindəki xüsusi pavilyona yerləşdirilib.

Müasir muzey standartlarına cavab verən ekspozisiyada sadəcə artefaktlar sərgilənmir. Burada təhsil mərkəzləri, uşaq muzeyi və ən müasir Bərpa və Qoruma Mərkəzi ilə yanaşı, güclü interaktiv imkanlar təklif olunur. Ziyarətçilər fironların məzarlarını virtual reallıq (VR) vasitəsilə kəşf edə, qədim Misir həyatının interaktiv rekonstruksiyalarında iştirak edə bilərlər.

Bu cür texnoloji yanaşma, qədim tarixi yeni nəsil üçün daha əlçatan və cəlbedici edir. Böyük Misir Muzeyi sadəcə Misir üçün deyil, bütün dünya üçün bir mədəniyyət nailiyyətidir. Minilliklərin xəzinəsini müasir texnologiya ilə birləşdirən bu mərkəz Misir sivilizasiyasına yeni nəzərlə baxmaq və bu qədim tarixə toxunmaq üçün ən ideal məkandır.

Arzu ƏLİYEVA
XQ

Seçilən
29
1
xalqqazeti.az

2Mənbələr