AZ

Uşaqlarda miopiya artır: ekran vaxtını məhdudlaşdırmaq vacibdir

Texnologiyanın geniş yayılması uşaqlarda miopiya hallarının artmasına səbəb olur.

E-saglam.az xəbər verir ki, oftalmoloq Tahsin Erdal Kabadere xəbərdarlıq edir ki, ekran qarşısında uzun müddət qalmaq və günəş işığından az yararlanmaq miopiya riskini artırır.

Mütəxəssisin sözlərinə görə, əvvəllər 8-10 yaşda müşahidə olunan miopiya indi daha erkən yaşlarda və daha yüksək dərəcədə rast gəlinir. Əsas səbəb uzun müddət yaxın məsafəyə baxmaq və ekranlardan gələn mavi işığa məruz qalmaqdır.

Dr. Kabadere bildirir: “Şəhər mühitində uşaqlar açıq havadan çox evdə, ekran qarşısında vaxt keçirirlər. Ekran vaxtı nə qədər çox olarsa, miopiyanın yaranma ehtimalı da o qədər artır.”

Valideynlərə tövsiyə:

- 0–3 yaş: heç bir cihaz göstərilməməlidir.

- 3–6 yaş: maksimum 30 dəqiqəlik məhdudiyyət qoyulmalıdır.

- 6 yaşdan yuxarı: gündə 1 saata qədər ekran vaxtı kifayətdir.

Həkim əlavə edir ki, gündə ən az 1,5–2 saat açıq havada vaxt keçirmək göz sağlamlığı üçün vacibdir. Gün işığı gözün inkişafını tarazlaşdırır və miopiyanın irəliləməsini ləngidir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bu gün dünyada insanların 30 faizi miopiyadan əziyyət çəkir və bu göstəricinin 2050-ci ilə qədər 50 faizə çatacağı proqnozlaşdırılır.

Dr. Kabadere xəbərdarlıq edir: “Yüksək miopiya gələcəkdə qlaukoma, makula degenerasiyası və retina qopması kimi ciddi fəsadlara səbəb ola bilər. Buna görə də erkən nəzarət və düzgün vərdişlər çox vacibdir.”

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
42
e-saglam.az

1Mənbələr