AZ

Zahid Oruc: “Konstitusiyamız Zəfər qanunu ilə təsdiqlənib – indi o da Şuşa kimi azaddır” » AzadMedia.az


Bu gün Bakıda “XXI əsrdə dövlət suverenliyi və milli konstitusiyalar: qlobal çağırışlar, tendensiyalar və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Tədbir Azərbaycan Sosial Tədqiqatlar Mərkəzi və Türkiyənin İstanbul Universiteti Hüquq Fakültəsinin birgə təşkilatçılığı ilə, “2025 – Azərbaycan Respublikasında Konstitusiya və Suverenlik İli” çərçivəsində baş tutub.

Konfransda Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc çıxış edərək dövlət suverenliyi, konstitusion inkişaf və milli ideologiyanın yenilənməsi barədə dərin təhlil təqdim edib.

Zahid Oruc çıxışında qeyd edib ki, 8 Noyabr – Zəfər Günü ərəfəsində keçirilən bu konfrans, müasir Azərbaycanın siyasi təqviminin ən parlaq günlərindən birinə təsadüf edir. Onun sözlərinə görə, əsrlər boyu ağır sınaqlardan keçən Azərbaycan xalqı qazandığı bu Qələbəni təkcə ərazi bütövlüyünün bərpası kimi deyil, həm də “qalib yüz ilin və yeni milli kimliyin başlanğıcı” kimi dəyərləndirir.

STM sədri tarixi ardıcıllığa toxunaraq qeyd edib ki, 1918-ci ildə Şərqdə ilk demokratik respublikanı quran babalarımız müstəqil Konstitusiya qəbul etməyə macal tapmadan bolşevik işğalına məruz qaldılar. Sovet hakimiyyəti illərində – xüsusilə Heydər Əliyevin rəhbərlik dövründə – Azərbaycan Konstitusiyası ideoloji məhdudiyyətlərə baxmayaraq, milli ruhu qorumağı bacardı və gələcək müstəqilliyin əsasını qoydu.

“Heydər Əliyev xalqa xidmətin siyasi formasiyadan asılı olmadığını sübut etdi. O, sovet və ya başqa müstəmləkə keçmişinə qayıtmağa imkan vermədi, dini və milli kimliyimizi müasirliklə və dünyəviliklə uzlaşdırdı,” – deyə Zahid Oruc vurğulayıb.

Zahid Orucun sözlərinə görə, 1995-ci ildə qəbul edilən Konstitusiya yalnız bir hüquqi sənəd deyil, həm də “Azərbaycan dövlətçiliyinin milli manifestidir”. O xatırladıb ki, sənədin hazırlanmasına və ümumxalq müzakirələrinə şəxsən Heydər Əliyev rəhbərlik edib.

“Konstitusiyamız Heydər Əliyevin dövlət kitabıdır. O, bəşəri dəyərlərlə milli-mənəvi dəyərləri birləşdirdi və müstəqil dövlətin hüquqi təməllərini yaratdı,” – deyə Oruc bildirib.

Ana Qanunun qəbul olunduğu dövrdə ölkə 20 faiz ərazisini itirmişdi, milyonlarla insan məcburi köçkün idi. Buna baxmayaraq, Azərbaycan həmin şəraitdə belə insan hüquq və azadlıqlarını təsbit edən konstitusiyanı qəbul etdi. STM rəhbəri bunu “işğala qarşı ilk ümumxalq proqramı və milli müqavimətin hüquqi Baş planı” kimi dəyərləndirib.

Zahid Oruc çıxışında vurğulayıb ki, 2020-ci ildəki Vətən müharibəsi Konstitusiyanın “Azərbaycan vahid və bölünməz dövlətdir” müddəasını faktiki olaraq torpaqda qanla möhürlədi.

“İndi Konstitusiyamız da Şuşa kimi azaddır. Zəfər qanunu şəhidlərimiz təsdiqlədi. Biz savaşdan əvvəl hüquqla silahlanmışdıq. Ordumuz güclü idi, amma biz haqlı olduğumuz üçün qalib gəldik,” – deyə o qeyd edib.

Onun fikrincə, bu Qələbə yalnız ərazi bütövlüyünü deyil, həm də Azərbaycanın beynəlxalq statusunu, regional təsirini və siyasi gələcəyini dəyişib. “İndi Azərbaycanın taleyi yad paytaxtlarda deyil, öz torpaqlarında müəyyənləşir”, – deyə Zahid Oruc əlavə edib.

STM sədri diqqəti çağdaş dövrün yeni təhlükələrinə yönəldib – rəqəmsal əsarət, saxta informasiya, ideoloji müstəmləkəçilik və süni intellektin idarə etdiyi hibrid hücumlar.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin qarşıya qoyduğu “yeni milli ideologiyanın formalaşdırılması” tapşırığı məhz bu kontekstdə strateji əhəmiyyət daşıyır:

“Müasir dövrdə suverenliyə ən böyük təhdid silahlı ordulardan yox, xaricdən yönləndirilən şəbəkələrdən, media və texnologiya monopoliyalarından gəlir. Ona görə də biz yeni ‘Vətən informasiya müharibəsi’ aparmalıyıq.”

Zahid Oruc həmçinin bəzi beynəlxalq qurumların, o cümlədən OCCRP, USAID, NED və NDİ kimi təsisatların Azərbaycanın daxili işlərinə qarışmaq, suverenliyə qəsd etmək cəhdlərini tənqid edib və onları “işğal partiyası” adlandırıb.

Çıxışın sonunda Zahid Oruc qeyd edib ki, Azərbaycanın gələcək mərhələsi “Qurtuluşdan Böyük Qayıdışa, müdafiədən quruculuğa keçid dövrüdür.” Qarabağda bərpa olunan hər ev, açılan hər məktəb və yaradılan mədəniyyət ocağı milli suverenliyin simvoludur.

“Prezident azad torpaqlarda hər evin açarını əbədi qayıdışın simvolu kimi təqdim edir. Qarabağ artıq dağıdıcılığın yox, quruculuğun məkanıdır. Azərbaycan gələcəyini özü qurur,” – deyə Oruc bildirib.

Sonda STM sədri Azərbaycan xalqını 8 Noyabr – Zəfər Günü, 9 Noyabr – Bayraq Günü və 12 Noyabr – Konstitusiya Günü münasibətilə təbrik edərək çıxışını belə yekunlaşdırıb:

“Konstitusiyalar yalnız döyüşlər üçün deyil, barış və birgə gələcəyin kitabı olmalıdır.
Qoy Konstitusion bütövlüyümüz hər bir azərbaycanlıya firavanlıq gətirsin!”



Seçilən
36
1
azadmedia.az

2Mənbələr