AZ

Bununla uşaqlarımızın gələcəyini məhv edirik – Təhsil eksperti

Azərbaycanda uşaq filmləri mövzusu təkcə kino sənətinin yox, milli tərbiyə və dəyərlər sisteminin də göstəricisidir. Lakin bu sahə uzun illərdir unudulmuş vəziyyətdədir. Uşaqlar üçün film istehsalı nə peşəkar yanaşma, nə dövlət dəstəyi, nə də strateji baxışla idarə olunur. Nəticədə, cizgi filmləri, vətənpərvərlik mövzulu ekran əsərləri, ailə və dostluq münasibətlərini aşılayan bədii filmlər demək olar ki, yoxdur.

Tribuna xəbər verir ki, bu problemi təhsil eksperti Kamran Əsədov gündəmə gətirib. Ekspert bildirib ki, uşaqlara aid film, ekran işi, cizgi filmi olmadıqca uşaqlarımızın gələcəyini məhv edirik:

“Bugünkü nəsil ekran qarşısında milli qəhrəmanlarımızı yox, xarici personajları izləyir, dəyərlərini onlardan öyrənir. Halbuki uşaq filmləri gələcək vətəndaşın düşüncəsini, emosional dünyasını, davranış modelini formalaşdıran ən güclü vasitədir. Bu, təkcə Mədəniyyət Nazirliyinin, İctimai televiziya və akademik mühitin birgə məsuliyyətidir.

Ən ağrılısı isə odur ki, bizdə bu iş üçün nə sistemli siyasət, nə yaradıcılıq mühiti, nə dəyərli ssenarilər, nə vətənpərvərlik ruhu, nə də uzunmüddətli maliyyə baxışı var. Uşaq üçün film çəkmək texniki yox, ideoloji məsələdir. O ideologiya isə çoxdan itib.

Deyəsən, bu yoxluqların siyahısına bir gün gələcəyini itirmiş uşaqları da əlavə edəcəyik.
Sadəcə, təəssüflər”.

Gülşən Rəsul

Seçilən
30
1
tribunainfo.az

2Mənbələr