AZ

Demokratlar ABŞ-də 2025-ci ilin əsas seçkilərində qələbə qazandılar

Zöhran Mamdani Nyu-Yorkun ilk müsəlman meri olub...

Poliqon xəbər verir ki, ABŞ-də keçirilən 2025-ci ilin mühüm seçkilərində Demokratlar bir sıra önəmli qələbələr əldə ediblər. Bu qələbələrin ən diqqətçəkəni Nyu-Yorkda baş verib. Demokrat Partiyasının sol qanadını təmsil edən və Fələstin tərəfdarı kimi tanınan Zöhran Mamdani şəhər meri seçilərək 50,4 faiz səslə qalib gəlib. O, ABŞ-nin ən böyük şəhərinə rəhbərlik edən ilk müsəlman və ilk açıq sosialist siyasətçi kimi tarixə düşüb.

34 yaşlı Mamdani seçki kampaniyasında sosial bərabərlik və iqtisadi ədalət vədləri ilə çıxış edib. O, şəhərin hər rayonunda bələdiyyə mağazaları açmağı, ictimai nəqliyyatı, xüsusilə avtobusları tamamilə pulsuz etməyi, bütün 5 yaşadək uşaqlar üçün pulsuz məktəbəqədər təhsil təmin etməyi və 1 milyon mənzil üçün kirayə haqqını dondurmağı planlaşdırır. Bu təşəbbüsləri maliyyələşdirmək üçün o, varlılar üçün vergilərin artırılmasını təklif edir.

Mamdani, həmçinin İsrailin Qəzza zolağındakı hərbi əməliyyatlarını kəskin tənqid edib və İsrailin baş naziri Benyamin Netanyahunu “Nyu-Yorka gələrsə, həbs etdirəcəyini” bəyan edib. Onun fikrincə, İsrail bütün dinlərin nümayəndələrinə bərabər hüquqlar tanımalıdır və dövlət siyasətində yəhudilərə üstünlük verməkdən imtina etməlidir. O, həmçinin Qəzzada baş verənləri “soyqırım” kimi qiymətləndirən mövqeyi dəstəkləyib.

ABŞ prezidenti Donald Tramp Mamdanini “Nyu-Yorku məhv edəcək kommunist dəlisi” adlandırıb və onun seçkidə qalib gələcəyi halda şəhərə ayrılan federal vəsaitlərin azaldılacağı ilə hədələyib. Nyu-York Tramp üçün xüsusi əhəmiyyət daşıyır, çünki məhz burada o, atasından miras qalan sərvəti çoxaldıb və “Trump” adını beynəlxalq brendə çevirib. Mamdaninin təklif etdiyi vergi artımları Tramp ailəsinin maliyyə maraqlarına toxuna bilər, buna görə də prezident bu seçkilərə şəxsi diqqət yetirib.

Zöhran Mamdani 2026-cı il yanvarın 1-dən vəzifəsinə başlayacaq.

Digər mühüm nəticələrə gəlincə, Demokrat Partiyasından Mikki Şerill Nyu-Cersi ştatının yeni qubernatoru olub, Ebiqeyl Spanberqer isə Virciniyanın tarixində ilk qadın qubernator seçilib. Həmin ştatda Demokrat Cey Cons da baş prokuror seçkilərində qalib gəlib.

Bundan başqa, Kaliforniyada Demokratlar üçün əlverişli olan yeni konqres dairələrinin xəritəsi barədə qanun layihəsi qəbul edilib, Pensilvaniyada isə partiya ştat Ali Məhkəməsindəki çoxluğunu qoruyub saxlayıb.

Poliqon.info

Seçilən
53
poliqon.info

1Mənbələr