AZ

Ərəblər Cənub Qaz Dəhlizində pay alır

Bu, SOCAR ilə XRG/ADNOC arasında əldə olunan üçüncü razılaşmadır

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən ADIPEC sərgisi çərçivəsində ADNOC şirkətinin beynəlxalq enerji investisiya qolu olan XRG tərəfindən Azərbaycan İqtisadiyyat Nazirliyindən “Cənub Qaz Dəhlizi” QSC-də pay əldə olunmasına dair hüquqi öhdəlik yaratmayan Əsas Şərtlərlə bağlı Razılaşma imzalanıb.

İqtisadiyyat Nazirliyi xəbər verir ki, razılaşmanı iqtisadiyyat naziri, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və XRG-nin icraçı sədri, baş icraçı direktoru Sultan Əl Cabir imzalayıblar.

Bildirilir ki, bu razılaşma SOCAR və XRG arasında əməkdaşlığı qaz hasilatından Avropada enerji təchizatını şaxələndirmək istəyən bazarlara enerji resurslarının etibarlı çatdırılmasına qədər genişləndirmək potensialına malikdir: “Eyni zamanda Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərin, o cümlədən iqtisadi əlaqələrin, enerji layihələri üzrə əməkdaşlığın daha da genişləndirilməsinə, həmçinin ölkəmizin iqtisadi inkişafına və etibarlı tərəfdaş kimi rolunun daha da möhkəmlənmasinə töhfə verəcək”.

Qeyd edək ki, imzalanan sənəd SOCAR ilə XRG/ADNOC arasında əldə olunan üçüncü razılaşmadır. Belə ki, tərəflər bundan öncə SARB və Umm Lulu yataqlarında iştirak payının SOCAR-a verilməsi, həmçinin ADNOC şirkətinə “Abşeron” qaz-kondensat yatağında iştirak payının satışına dair razılıq əldə ediblər.

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” QSC qaz hasilatı üzrə aktivlərdə və ümumi uzunluğu 3 500 kilometr olan boru kəməri şəbəkəsində paya malikdir. Bu infrastruktur illik 26 milyard kubmetr həcmədək nəql gücünə malik olmaqla Xəzər hövzəsindən təbii qazın Türkiyə üzərindən Cənubi Avropaya nəqlinə imkan yaradır. 

QSC 2014-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə yaradılıb. Sərəncam əsasən “Şahdəniz” yatağının işlənməsi, hasil olunan qazın dünya bazarında çıxarılması layihələri üzrə Dövlətə məxsus payların konsolidasiya edilməsi, idarə olunması və maliyyələşdirilməsi məqsədilə Dövlət (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) (51faiz) və SOCAR-ın (49 faiz) təsisçiliyi ilə “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti formalaşdırılıb.  Sərəncama uyğun olaraq, SOCAR-ın Layihələr üzrə bütün iştirak payları “CQD” QSC-yə ötürülüb və bu payların maliyyələşdirilməsi və səmərəli şəkildə idarə olunması “CQD” QSC tərəfindən həyata keçirilir.

Azərbaycan Prezidentinin 10 dekabr 2024-cü ildə imzaladığı növbəti sərəncamla CQD QSC-nin İqtisadiyyat Nazirliyində olan payının 2 faizi SOCAR-a verilib. Beləliklə, hazırda QSC-nin səhmlərinin 49 faizi dövlətə (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi), 51 faizi SOCAR-a məxsusdur.

CQD-nin adından layihələr üzrə əməliyyat işlərini SOCAR həyata keçirir.

QSC-nin Şahdəniz HPBS və əlaqəli müqavilələrdə 16,02 faiz, Azərbaycan qazını dünya bazarına çıxaran TANAP-da 51 faiz, TAP-da 20 faiz, "Azerbaijan Gaz Supply Company Limited"də 12,816 faiz, Cənubi Qafqaz Qaz Boru Kəmərində 21,02 faiz payı var. 

CQD-nin birbaşa dövlətə (İqtisadiyyat Nazirliyi - red.) məxsus olan səhmlərinin maliyyələşdirilməsi isə Prezident sərəncamı ilə Dövlət Neft Fonduna həvalə olunub. Neft Fonduna Cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi, eləcə də cəmiyyətə keçən layihələrdəki iştirak paylarının maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin, geri qaytarılmaq şərti ilə cəmiyyətə uzunmüddətli investisiya edilməsi tapşırılıb. Həmin səhmlər üzrə dividentlər ARDNF-yə köçürülməlidir.

2014-cü ildə Prezident sərəncamına uyğun olaraq ARDNF tərəfindən cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan hissəsinin maliyyələşdirilməsini təmin etmək məqsədilə 51 milyon ABŞ dolları İqtisadiyyat Nazirliyinin dövlət xəzinədarlığındakı müvafiq hesabına köçürülüb. Bundan  əlavə, Neft Fondu 2014-cü il ərzində cəmiyyətə keçən layihələrdəki iştirak paylarının maliyyələşdirilməsi üçün 2 milyard 517,0 milyon ABŞ dolları məbləğində vəsaiti geri qaytarılmaq şərti ilə cəmiyyətə uzunmüddətli investisiya edib.

Bundan əlavə, 2014-cü ildə layihələrin həyata keçirilməsi üzrə Prezidentin sərəncamı ilə yaradılmış Dövlət Komissiyası tərəfindən 2015-ci ildən etibarən layihələrin maliyyələşdirilməsi cəmiyyətin nizamnamə kapitalının İN və ARDNŞ-yə məxsus paylarının faiz nisbətinin qorunması şərtilə hər iki aydan bir artırılması şəklində səhmdarlar tərəfindən həyata keçirilməsi qərara alınıb. Bu qərarın icrası çərçivəsində 2017-ci ilin iyunun sonunadək Cəmiyyətin Müşahidə Şurasının və Ümumi Yığıncağının müvafiq qərarlarına əsasən nizamnamə kapitalı 2 milyard 415,8 milyon ABŞ dolları məbləğinə qədər artırılıb. Bu zaman ARDNF tərəfindən cəmiyyətin nizamnamə kapitalının artırılması üçün əlavə olaraq ümumilikdə 1 milyard 232,1 milyon ABŞ dolları (51 faiz) vəsait ayrılıb. Beləliklə, Neft Fondunun CQD QSC-yə yatırımları 3 milyard 749,1 milyon dollara yüksəlib. 

İndiyədək bu yatırımlardan fonda hər hansı divident daxil olmayıb. Fondun 2025-ci il büdcəsində cari il ilk dəfə olaraq QSC-nin dövlətə məxsus səhmləri üzrə 233,1 mln ABŞ dolları və ya 396,2 mln manat dividentlərin ödənilməsi nəzərdə tutulub. Lakin  ARDNF-nin 9 aylıq büdcə göstəricilərində bu maddə üzrə hər hansı daxilolma qeydə alınmayıb. Bu isə QSC-yə yatırımlardan gəlir əldə olunmadığını deməyə əsas verir. Yeri gəlmişkən, Prezident İlham Əliyev də Azərbaycanın Cənub Qaz Dəhlizinə yatırdığı investisiyaları hələ geri qaytarmadığını açıqlayıb.

Neft Fondunun CQD-nin payçı olduğu “Şahdəniz” layihəsindən əldə etdiyi gəlirləri bu il xeyli azalıb. Belə ki, bu ilin yanvar-sentyabrında Dövlət Neft Fonduna “Şahdəniz” yatağından (qaz və kondensat) 697milyon manat məbləğində vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 813,2 milyon manat civarındaydı. 

“Şahdəniz”də çalışan şirkətlərin dövlət büdcəsinə ödədikləri mənfəət vergisində isə artım var. Maliyyə Nazirliyinin açıqladığı məlumat görə, doqquz ayda “Şahdəniz” yatağı üzrə dövlət büdcəsinə 1 milyard 748,4 milyon manat mənfəət vergisi daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 729,7 milyon manata bərabər olmuşdu.

Gələn ilin dövlət büdcəsi layihəsində “Şahdəniz” layihəsi üzrə mənfəət vergisi 1 milyard 600 milyon manat proqnozlaşdırılır ki, bu da 2025-ci ilin proqnozu ilə müqayisədə 100 milyon manat və ya 6,7 faiz çox, 2024-cü ilin icrası ilə müqayisədə isə 741,0 milyon manat və ya 31,7 faiz azdır. 2025-ci ilin proqnozu ilə müqayisədə artım, təbii qazın orta satış qiymətinin cari il üzrə nəzərdə tutulmuş göstəricidən 8,3 faiz və ya 20 ABŞ dolları yüksək götürülməsi ilə əlaqədardır.

Onu da qeyd edək ki, Neft Fondu da ADNOC-la investisiya əməkdaşlığına başlayıb. Bu ilin may ayında qurum Əbu-Dabidə yerləşən, qlobal alternativ investisiya şirkəti olan “Lunate Capital” (“Lunate”) tərəfindən idarə olunan ixtisaslaşmış investisiya fondu vasitəsilə “ADNOC Gas Pipeline Assets LLC” (“AGPA”) şirkətinə 50 milyon ABŞ dolları həcmində investisiya yatırıb. Fondun yaydığı məlumata görə, bu investisiya ARDNF-nin investisiya portfelini şaxələndirmək və Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) regionundakı fəaliyyətini genişləndirmək strategiyasına xidmət edir. Dövlət Neft Fondunun İcraçı direktoru İsrafil Məmmədov bu yatırımı qurumun daha yüksək gəlirli aktivlərə investisiya etmək siyasətinin nəticəsi hesab edir. Onun sözlərinə görə, Neft Fondu son illərdə 7-8 faiz gəlirliyi və uzunmüddətli dövlət təminatı olan daha az risklə səciyyələnən aktivlərə yatırım edir. İ.Məmmədov bildirib ki, fond sözügedən şirkətə daha çox investiya edə bilərdi. Amma bu tipli şirkətlərin səhmlərinə tələb yüksəkdir. Fond ona görə də investisiya həcmini 50 milyon dollarla məhdudlaşdırmalı olub.

Energetika Nazirliyinin açıqladığı məlumata görə, 2025-ci ilin yanvar-sentyabr aylarında ölkədə 38,2 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 10,2 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 20,9 milyard kubmetri “Şahdəniz”in, 1,2 milyard kubmetri “Abşeron” yatağının, 5,9 milyard kubmetri isə SOCAR-ın payına düşüb. 9 ay ərzində xaricə qaz ixracı 18,3 milyard kubmetr təşkil edib. Bunun 9,4 milyard kubmetri Avropanın, 7,3  milyard kubmetri Türkiyənin (o cümlədən TANAP-la 4,3 milyard kubmetr), 1,6 milyard kubmetrə yaxını isə Gürcüstanın payına düşüb.

Enerji məsələləri üzrə ekspert, Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şabanın “Yeni Müsavat”a bildirdiyinə görə, CQD “Şahdəniz” layihəsində və Azərbaycanın qaz ixracı infrastrukturunda paylara sahibdir: “XRG ilə razılaşmanın İqtisadiyyat Nazirliyi ilə imzalanması deməyə əsas verir ki, şirkət pay alarsa, bu, İqtisadiyyat Nazirliyinin Cənub Qaz Dəhlizi QSC-dəki 49 faizlik payından bir hissə olacaq. Digər tərəfdən, nə ərəblər, nə də bizimkilər payın hansı hissəsinin satılacağını açıqlamayıb. Bu, yəqin  ki, alqı-satqı müqaviləsi imzalandıqda açıqlanacaq. Belə müqavilə imzalanarsa, normal qiymətləndirmək olar. Biznesdə bu, risklərin bölüşdürülməsidir və normal praktikadır. Səhmdar cəmiyyətdirsə, bu, tam təbiidir. Dövlət öz maliyyə yükünü azaldır”. 

Ekspert qeyd edir ki, ADNOC Azərbaycan tərəfi ilə çox aktiv əməkdaşlıq edir: “Onlar hətta Petronas şirkəti ilə Türkmənistanın şelfində yataqların işlənməsində də ortaqlığa nail olmağa çalışırlar. Məncə, bu akvatoriyada məhz qaz layihələrində iştirakla bağlı aktiv siyasət yürüdülməsi, ikinci bir tərəfdən, Dövlət Neft Şirkətinin körfəzdə ADNOC neft layihəsində pay alması qarşılıqlı etimad, bir-birinə olan inam və birgə biznesin qarşılıqlı maraqlar çərçivəsində böyüdülməsi hesab olunmalıdır”.

Yeri gəlmişkən, ADNOC-un 30 faiz pay aldığı “Abşeron” yatağının işlənməsi üzrə ikinci mərhələnin investisiya qərarının bu ilin sentyabrına qədər verilməsi nəzərdə tutulurdu. Lakin il başa çatmaqdadır, belə qərar açıqlanmayıb.

Dünya SAKİT,
“Yeni Müsavat”

Seçilən
34
musavat.com

1Mənbələr