AZ

BMT-də Azərbaycanın ayrı-seçkiliyə qarşı mübarizədə atdığı addımlar vurğulanıb

Rasizm, irqi ayrı-seçkilik, ksenofobiya və onlarla bağlı dözümsüzlük insan ləyaqətinə təhqirdir və insan hüquqları ilə əsas azadlıqların ciddi şəkildə pozulması deməkdir.

 

Trend xəbər verir ki, bunu Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Şahriyar Hacıyev BMT Baş Assambleyasının səksəninci sessiyasının Üçüncü Komitəsinin iclasında müasir rasizm formaları üzrə Xüsusi Məruzəçi ilə keçirilən interaktiv dialoq zamanı bildirib.

 

“Rasizm, irqi ayrı-seçkilik, ksenofobiya və onlarla bağlı dözümsüzlük insan ləyaqətinə zidd olmaqla, insan hüquqları və əsas azadlıqların ciddi pozuntusunu təşkil edir. Bu hallar həmçinin bütün insan hüquqlarının tam reallaşdırılması üçün bərabər imkanların təmin olunmasına mane olur.

 

Təəssüf ki, qeyd olunan davam edən və yenidən baş qaldıran hallar dünyanın bir çox bölgələrində müşahidə olunur. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində göstərilən məqsədlərə uyğun olaraq, beynəlxalq ictimaiyyət bu təhlükə ilə mübarizə aparmaq üçün birgə və gücləndirilmiş tədbirlər görməlidir.

 

Azərbaycanın Konstitusiyası ayrı-seçkiliyi qəti şəkildə qadağan edir və bütün vətəndaşların bərabər hüquq və azadlıqlarını təmin edir. Hökumət irqi ayrı-seçkiliyin ləğvi üzrə Komitə ilə mütəmadi dialoqu zamanı bu sahədə qəbul edilən milli tədbirlər barədə ətraflı məlumat təqdim edir.

 

Mədəni müxtəlifliyin təşviqi və qorunması, eləcə də müxtəlif mədəniyyətlər arasında qarşılıqlı anlaşma və körpülərin qurulması istiqamətində səylər rasizm, irqi ayrı-seçkilik, ksenofobiya və onlarla bağlı dözümsüzlüyə qarşı mübarizədə mühüm rol oynaya bilər. Dözümlülük, qarşılıqlı anlayış və inklüzivlik mühiti təbliğat və mədəni müxtəlifliyin fəal təşviqi vasitəsilə formalaşdırıla bilər.

 

Qeyd etmək lazımdır ki, irqi üstünlük ideologiyasına əsaslanan irqçi hərəkatlar insan həyatına ciddi təhlükə yaradır və münaqişədən sonrakı barışıq proseslərinə mane olur. Dövlətlər irqçi ayrı-seçkiliyi təşviq edən və qızışdıran təşkilatları açıq şəkildə qınamalı və qadağan etməli, habelə belə təşkilatlarda iştirak və ya onların fəaliyyətinə qoşulmanı milli qanunvericilik çərçivəsində cəzalandırılan cinayət kimi tanımalıdırlar.

 

Azərbaycan öz ərazisində yaşayan bütün şəxslərin irqi, dərisinin rəngi, mənşəyi, milli və ya etnik mənsubiyyətindən asılı olmayaraq, onların hüquq və ləyaqətinin qorunmasına sadiq qalır və həm milli, həm də qlobal səviyyədə irqi ayrı-seçkiliyin bütün formalarının və təzahürlərinin aradan qaldırılması məqsədinə doğru səylərini davam etdirəcək”, – deyə Hacıyev bildirib.

Seçilən
4
1
qaziler.az

2Mənbələr