AZ

Azərbaycanın gələcəyi elm, bilik və milli ruh üzərində qurulacaq

Elm sosial və iqtisadi tərəqqinin açarıdır. Tərəqqi isə o ölkələrdə sürətlə gedir ki, orada mütəxəssislərin elmi və ixtisas səviyyəsi yüksək olur. Bu gün elmin inkişafına dövlət səviyyəsində qayğı, ölkənin daha da güclənməsinə və xalqın milli-mədəni tərəqqisinə, onun rifah halının yüksəldilməsinə xidmət edən siyasətin tərkib hissəsidir. Qloballaşma prosesinin dünyanı əhatə etdiyi və elmi-texniki tərəqqinin kifayət qədər yüksək sürətlə aparıldığı müasir dövrdə müstəqil Azərbaycan dövlətinin inkişafı elmi durumun səviyyəsindən və qazanılan nailiyyətlərin tətbiqindən əhəmiyyətli dərəcədə asılıdır. Ölkədə elmin inkişafında Azərbaycan Milli Elmlər Akademiyası müstəsna rol oynayıb.

Elm məbədimiz olan Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə keçirilən təntənəli tədbir ölkənin elmi ictimaiyyəti üçün əlamətdar hadisə olmaqla yanaşı, Azərbaycanın dövlətçilik tarixində də mühüm səhifəyə çevrildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AMEA-nın yubiley mərasimində etdiyi çıxış təkcə elmi nailiyyətlərin təqdiri deyil, həm də gələcəyə yönəlmiş dərin strateji baxışın ifadəsi oldu. Proqram xarakterli tarixi çıxışında dövlətimizin rəhbəri elmin milli gücün, texnoloji suverenliyin və mədəni kimliyin təməli kimi əhəmiyyətini xüsusi vurğuladı.

Ulu Öndər irsindən gələn inkişaf yolu

Prezident çıxışının əvvəlində AMEA-nın 80 illik tarixi yoluna nəzər salaraq bu sahənin ölkəmizin həyatında hər zaman aparıcı rol oynadığını qeyd etdi. Xatırlatdı ki, Ulu Öndər Heydər Əliyevin ötən əsrin 70-ci illərində elmin inkişafı, alimlərin sosial rifahı və gənclərin təhsili üçün gördüyü işlər Azərbaycanın bugünkü intellektual dayaqlarını formalaşdırıb: "Ulu Öndər Heydər Əliyev hər zaman Azərbaycan alimlərini dəstəkləmək üçün öz səylərini əsirgəmirdi. Hələ ötən əsrin 70-ci illərində onun rəhbərliyi ilə akademiyanın fəaliyyəti təkmilləşdi, bir neçə yeni elmi-tədqiqat institutları yaradıldı, elmin inkişafına böyük vəsait ayrıldı". Bu, ölkəmizin intellektual potensialını möhkəmləndirdi.

Bu siyasət müstəqillik dövründə də davam etdirilib. Lakin ilk illər çox ağır və faciəvi oldu. Tarix və həyat sanki Azərbaycan elmini də sınağa çəkirdi. Amma bu sınaqda bizim elmi ictimaiyyəti tarixi bir qismət, əlamətdar hadisə xilas etdi: bu, Heydər Əliyev şəxsiyyəti və fenomeni idi. Böyük siyasi xadimin hakimiyyətə gəlişi bir çox tərəddüdə və narahatlığa son qoydu, Azərbaycanın elmi potensialının tamam dağılmasının qarşısını aldı, bu müqəddəs elm məbədinin nüfuzunun bərpası üçün konkret tədbirlər həyata keçirildi. Bu qayıdış Azərbaycanın sosializm dövründən qalmış iqtisadi və mədəni-mənəvi sərvətlərinın dağıdılması proseslərini dayandırdı və yeni quruculuq işləri varislik prinsipi əsasında, əvvəlki mərhələlərdə xalqımızın əldə etdiyi nailiyyətlərin davamı kimi həyata keçirilməyə başlandı. 1993-cü ildə Ulu Öndər Heydər Əliyev Azərbaycana gələn kimi ilk növbədə ölkənin intellektual elitası ilə görüşdü. Bu görüş respublikadakı siyasi böhranın mütləq həll ediləcəyi inamı ilə yanaşı, Elmlər Akademiyasının nüfuzunun qaytarılması üçün də ciddi siqnal oldu. Görüş faktının özü elm ocağının statusunun yüksəldilməsi işinə tarixi bir töhfə idi.

Tezliklə akademiyanın statusu və taleyi ilə bağlı açıq və pərdəarxası diskussiyalar birmənalı şəkildə həll edildi. Elmlər Akademiyasının işi daim ölkə rəhbərliyinin diqqət mərkəzində oldu. Bütün sahələrdə elmi-tədqiqat işləri aparılmağa başlandı. Fundamental tədqiqatların əhəmiyyəti və onların inkişafının təminatı sahəsində bir çox əməli işlər görüldü. Bu işlərdə riyaziyyat, fizika, neft kimyası, geologiya və biologiyanın müasir sahələri üzrə yaradılmış elmi məktəblər daha da inkişaf etdirildi, keçmiş ideologiyadan azad olmuş tarix, ədəbiyyat, dil, iqtisadiyyat, fəlsəfə və hüquq elmləri yeni demokratik dövlətin möhkəmlənməsinə öz töhfələrini verdi. Fundamental tədqiqatlar əsasən respublikamızın sosial-iqtisadi inkişaf məqsədləri və elmin özünün məntiqi inkişaf tələblərinə cavab verən istiqamətlərdə aparılırdı. Fundamental tədqiqatlar, ilk növbədə respublikamızın yanacaq-enerji kompleksinin yenidən qurulması, neft-kimya, metallurgiya, maşınqayırma komplekslərinin inkişafı, radikal torpaq və aqrar islahatların səmərəliliyinin və sürətinin artırılması ilə bağlı problemlərin həllinə yönəlmişdir.  

2001-ci ilin mayında ölkə rəhbərinin fərmanı ilə akademiyanın dövlət statusu möhkəmləndirildi. Bununla da AMEA-nın fundamental elmin inkişafında əldə etdiyi nailiyyətləri, Azərbaycan xalqının mədəni və mənəvi təşəkkülündə oynadığı rolu, nüfuzu və akademik elmin ölkənin inkişafının əsas təminatçısı olduğu bir daha təsdiqləndi. 2001-ci ilin iyun ayında AMEA-nın həqiqi və müxbir üzvlərinin seçkiləri keçirildi. Bu seçkilər akademiyanın tarixində xüsusi yer tutmuşdur. Fundamental elmə verdikləri əsaslı töhfələri, özlərinin hərtərəfli bilikləri və dünyagörüşləri ilə fərqlənən alimlər akademiyanın tərkibinə seçildilər. 

2002-ci il avqustun 7-də Heydər Əliyev "Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin təsis edilməsi haqqında" son dərəcə vacib və xüsusi əhəmiyyət daşıyan yeni bir sərəncam imzaladı. Elm tariximizdə misilsiz dəyərə malik olan bu sənəd Naxçıvanın Azərbaycanın zəngin elmi mərkəzlərindən birinə çevrilməsinə real imkanlar açdı. 

Prezident İlham Əliyev çıxışında xüsusi vurğuladı ki, o vaxt maliyyə imkanlarımız çox məhdud idi: "Azərbaycan böyük humanitar fəlakətlə üz-üzə idi. Bir milyondan çox qaçqın və məcburi köçkün, torpaqlarımızın işğal altına düşməsi və çox böyük iqtisadi, maliyyə çətinlikləri. Amma buna baxmayaraq yenə də akademiyanın işinə, akademiyanın qorunmasına, alimlərin fəaliyyəti üçün vəsait ayrılırdı. Təbii ki, illər keçdikcə, Azərbaycan inkişaf etdikcə bu vəsait daha böyük həcmdə ayrılır. Son on il ərzində Azərbaycan elminə ayrılan vəsait iki dəfədən çox artmışdır. Mənim prezidentlik dövrümdə də bu istiqamətdə, yəni Azərbaycan elminin inkişafına göstərilən diqqət Ulu Öndərin siyasətinə uyğun şəkildə aparıldı". 

Son onilliklərdə AMEA-nın maddi-texniki bazası yeniləndi, Elm Fondu yaradıldı, "Elm haqqında" qanun və Elmin İnkişafı üzrə Milli Strategiya qəbul olundu. Bütün bunlar göstərir ki, Azərbaycanda elmin inkişafı ardıcıl dövlət siyasəti kimi həyata keçirilir və Heydər Əliyev kursu bu gün yeni məzmunla zənginləşir.

Yeni əsr, yeni çağırışlar: Elmin texnoloji mərhələsi

Azərbaycan Prezidenti çıxışında 10 il əvvəl AMEA-nın 70 illik yubileyindəki nitqini xatırlatdı və qeyd etdi ki, dünya iqtisadiyyatı tamamilə dəyişmiş, beynəlxalq aləmdə gedən siyasi proseslər, müharibələr, hərbi toqquşmalar, beynəlxalq hüququn pozulması, mövcud olan qaydaların tamamilə aradan qaldırılması göz önündədir: "Azərbaycana gəldikdə, son 10 il bizim üçün inkişaf və zəfərlərlə zəngin illər olmuşdur. Əsas vəzifə - torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası, suverenliyimizin bərpası layiqincə təmin edilmişdir. Bu gün Azərbaycan bütün suveren torpaqlara sahibdir. Bizim ərazimizdə işğalçı qüvvələr yoxdur. Bizim ərazimizdə xarici hərbi birləşmələr yoxdur. Bu gün biz bu torpaqlarda qurub-yaradırıq. Biz bir neçə gündən sonra şanlı Zəfərimizin beşinci ildönümünü qeyd edəcəyik. Son beş il ərzində dünyada bir çox yerlərdə müharibələr, toqquşmalar, münaqişələr baş verirdi və hər şey müqayisə ilə ölçülür. Bunu da alimlər yaxşı bilirlər. Deyə bilərəm ki, bizim qədər parlaq, tam və mütləq Qələbə qazanan ikinci ölkə olmamışdır". 

Prezident İlham Əliyev hələ AMEA-nın 70 illik yubileyində dünyadakı yeni vəziyyətlə əlaqədar alimləri öz dəyərli təkliflərini verməyə çağırmışdı, onları qeyri-neft sənayesinin inkişafı, ərzaq təhlükəsizliyi ilə bağlı fəal olmağa səsləmişdi. Dövlətimizin başçısı hərbi sənaye sahəsində də Azərbaycan alimlərinin fəaliyyəti üçün geniş meydanın olduğunu söyləmişdi. 

Bu gün artıq hər kəsə bəllidir ki, ölkənin tərəqqisini təbii resurslardan çox, məhz cəmiyyətin intellektual potensialı, texnoloji inkişaf müəyyən edir: "Təbii sərvətlər tükənən sərvətlərdir, gec-tez tükənəcək. Tükənməz sərvət isə intellektual potensialdır, amma o halda əgər buna sərmayə qoyularsa. O sərmayəni dövlət qoymalıdır. Ölkənin elm ictimaiyyəti, alimlər bu istiqamətdə öz səylərini göstərməlidirlər. Ona görə bu gün əsas vəzifələrdən biri texnoloji inkişafdır", - Prezident İlham Əliyev AMEA-nın 80 illik yubileyində xüsusi vurğulamışdır.

Dövlətimizin başçısı çıxışında onu da qeyd etdi ki, elm artıq yalnız elmi tədqiqat obyekti deyil, milli təhlükəsizlik və iqtisadi müstəqilliyin təməlidir. Prezidentin bu fikri çağdaş dövrdə elmin strateji mahiyyətini açır. Azərbaycanın sosial-iqtisadi nailiyyətlərinin, həmçinin Vətən müharibəsindəki tarixi Zəfərimizin arxasında da məhz bu baxış - bilik, innovasiya və texnologiyaya söykənən inkişaf modeli dayanır.

Dövlət başçısı elmi ictimaiyyətə çağırış edərək bildirdi ki, Azərbaycan alimləri bu yeni mərhələdə ölkənin texnoloji tərəqqisinin aparıcı qüvvəsinə çevrilməlidirlər.

Süni intellekt və rəqəmsallaşma: gələcəyin reallığı

Prezident İlham Əliyev çıxışında dünyanın süni intellekt əsrində yaşadığını vurğuladı. On il əvvəl bu anlayış haqqında, demək olar ki, heç kim danışmırdı, bu gün isə o, iqtisadiyyatın, təhlükəsizliyin və idarəçiliyin ayrılmaz hissəsinə çevrilib.

"Biz burada geri qalmamalıyıq. Ona görə dövlət lazımi addımları atır… Azərbaycanda süni intellektin həm inkişafı, həm də həyatda, iqtisadiyyatda, texnoloji inkişafda tətbiqi bu gün reallıqdır və əlbəttə ki, biz burada Azərbaycan alimlərinin fəal iştirakını gözləyirik", - Prezident dedi.

Dövlət başçısının fikrincə, süni intellekt yalnız texnologiya deyil, eyni zamanda yeni düşüncə tərzidir. Prezident alimlərə müraciətlə bildirdi ki, bu istiqamətdə elmi potensialın birləşdirilməsi və milli tətbiq modellərinin yaradılması vacibdir. Rəqəmsallaşma sahəsində görülən işlər də artıq konkret nəticələr verir: dövlət idarəçiliyində elektron sistemlərin tətbiqi şəffaflığı və səmərəliliyi artırıb.

Eyni zamanda Prezident İlham Əliyev kibertəhlükəsizliyi ayrıca strateji istiqamət kimi qiymətləndirdi: "Kibertəhlükəsizlik, yəni virtual təhlükəsizlik deyil. Bu hər bir ölkənin fiziki təhlükəsizliyidir… Bu sahəyə əgər lazımi diqqət göstərilməsə, heç bir başqa müdafiə imkanı bizi böyük problemlərdən qoruya bilməz".

Bu sözlər bir daha göstərir ki, dövlətin texnoloji prioritetləri elmi potensialla sıx əlaqələndirilir. Elm artıq ölkənin müdafiə və iqtisadi təhlükəsizliyinin mühüm komponentinə çevrilib.

Elm və sənaye ittifaqı: innovasiyanın praktiki gücü

Azərbaycan Prezidenti çıxışında elmin yalnız nəzəri deyil, praktiki nəticələr verməsinin də zəruriliyini vurğuladı. Azərbaycanın hərbi sənaye kompleksini bu sahədə nümunə kimi göstərdi: son illərdə dövlət və özəl sektorun iştirakı ilə istehsal olunan hərbi məhsullar daxili tələbatı qarşılayır və ixrac potensialı yaradır.

"Elm iqtisadiyyatla, sənaye ilə sıx bağlı olmalıdır… Burada bu kürsüdən dövlət strukturlarına da göstəriş vermək istəyirəm ki, Azərbaycan alimləri ilə daha sıx işləsinlər. Bizim elmimizin praktik  nəticələri olmalıdır. Təkcə elmi əsərlərdə yox, real həyatda və iqtisadiyyatın sürətli inkişafını nəzərə alaraq, əlbəttə ki, burada əlaqələndirmə, uzlaşma yüksək səviyyədə olmalıdır".

Prezident alimlərə və dövlət qurumlarına birgə fəaliyyət göstərişi verərək elm-sənaye inteqrasiyasını prioritet elan etdi. Bu çağırış Azərbaycanın gələcək texnoloji modelini müəyyənləşdirir: elmi tədqiqatların kommersiyalaşdırılması, innovasiyaların sənayeləşdirilməsi və texnoparkların genişləndirilməsi dövlət siyasətinin əsas xətti kimi diqqətə çatdırılır. 

İqtisadi sabitlik və elmi tərəqqi: paralel inkişaf

Dövlətimizin rəhbəri Azərbaycanın iqtisadi vəziyyətinə toxunaraq qeyd etdi ki, ölkə iqtisadiyyatı sağlam, borcu minimal, valyuta ehtiyatları rekord səviyyədədir.

Hazırda Azərbaycanın xarici borcu ümumi daxili məhsulun cəmi 6 faizindən bir qədər çoxdur, valyuta ehtiyatları isə 80 milyard dollardan artıqdır. Bu göstərici ilə Azərbaycan dünyada maliyyə dayanıqlılığı baxımından ön sıralardadır.

Bu sabitlik dövlətə həm hərbi gücünü, həm də elmi potensialını artırmaq üçün yeni imkanlar yaradır. Prezident onu da qeyd etdi ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri güclü iqtisadi bazanın nəticəsidir, həmin bölgələrdə müasir sənaye, texnologiya və elm mərkəzlərinin formalaşması gələcək illərin prioritetlərindəndir.

Çıxışda diqqətçəkən əsas istiqamətlərdən biri də bərpaolunan enerji sektoru ilə bağlıdır: "yaşıl enerji" və geoloji elmin yüksəlişi! Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan bu sahədə də ön sıralardadır. Son beş ildə Qarabağ və Şərqi Zəngəzurda 30-dan çox su-elektrik stansiyası tikilib, yeni günəş və külək-elektrik stansiyaları layihələri reallaşdırılır. Dövlətimizin başçısı dedi: "2030-cu ilə qədər günəş, külək və su-elektrik stansiyalarının generasiya gücü 6 min meqavata çatmalıdır. Bu, böyük bir sənaye sahəsidir, sənayenin inkişafının növbəti istiqamətidir. Azərbaycan alimlərini burada da fəal olmağa dəvət edirəm".

Eyni zamanda Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı geoloji kəşfiyyat işləri aparılır. Müasir peyk texnologiyalarından istifadə ilə aparılan bu tədqiqatlar bölgənin təbii resurs potensialını daha dərindən öyrənməyə imkan verir. Prezident bu sahədə də alimlərin fəal iştirakını zəruri saydı.

Tarixi həqiqətlərin elmi müdafiəsi

Cənab İlham Əliyev çıxışında Azərbaycanın tarixi və mədəni irsinin elmi əsaslarla təbliğini vacib vəzifə kimi göstərdi. Ermənistanın illərlə apardığı təhriflərə qarşı Azərbaycan tarixinin orijinal mənbələrə söykənən tədqiqi və beynəlxalq səviyyədə tanıdılmasını əsas vəzifələrdən biri kimi irəli sürdü. Xüsusi vurğulandı ki, biz öz tariximizi tədqiq və təbliğ etməliyik. Daha çox elmi əsərlər, sərgilər, xəritələr hazırlanmalıdır. Çar Rusiyasının dərc etdiyi xəritələrdə indiki Ermənistan ərazisindəki toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Cənab İlham Əliyevin bu çağırışı tarix elminin milli ideoloji təhlükəsizlikdəki rolunu aydın göstərir və alimlərə, ictimai təşkilatlara açıq mesaj verir: Azərbaycanın tarixi gerçəkləri yalnız elmi əsaslarla, sistemli şəkildə dünya ictimaiyyətinə çatdırılmalıdır.

Azərbaycan dili - milli kimliyin dayağı

Prezident İlham Əliyevin çıxışının mühüm bir hissəsi də milli dəyərlərə, xüsusilə Azərbaycan dilinə həsr olundu. Dövlət başçısı dilin saflığının qorunmasını hər bir vətəndaşın vəzifəsi adlandırdı.

Prezident xatırlatdı ki, bu məsələni o, on il əvvəl də AMEA-nın 70 illiyində qaldırmışdı. Həmin vaxtdan bəri dilin saflığının qorunması istiqamətində bir sıra tədbirlər görülsə də, hələ də narahatedici halların qalması dövlətimizin başçısının diqqətindən yayınmayıb: "Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Yəni dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər".

Prezident vurğuladı ki, Azərbaycan dili 50 milyondan çox insan üçün Ana dilidir və bu onu dünyanın ən çox istifadə olunan və zəngin dillərindən birinə çevirir. Lakin bu zənginliyin qorunması yalnız rəsmi qərarlarla deyil, hər bir vətəndaşın şəxsi məsuliyyəti və dili sevmə mədəniyyəti ilə mümkündür. Eyni zamanda xəbərdarlıq olundu ki, xarici sözlərin həddindən artıq işlədilməsi, mediada və ictimai nitqlərdə ədəbi dil qaydalarının pozulması milli kimliyin təməllərinə zərbə vura bilər. Biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş milli kimliyimiz də sarsıla bilər.

Prezidentin fikrincə, Azərbaycan dilinin qorunması təkcə dilçilərin işi deyil. Bu bütün cəmiyyətin ortaq vəzifəsidir. Alimlər, media nümayəndələri, ədəbiyyat xadimləri, siyasətçilər və müəllimlər dilin saflığını həm tədrisdə, həm də gündəlik nitqdə qorumağa borcludurlar.

Bu istiqamətdə dövlət səviyyəsində aparılan işlərin davam edəcəyini vurğulayan Prezident onu da qeyd etdi ki, Azərbaycan dövləti ədəbi dilin əsas qoruyucusudur, lakin xalq özü bu dəyərlərə sahib çıxmasa, hər cəhd natamam qalacaq. Dövlət başçısı xaricdə yaşayan azərbaycanlı icmalarında da ana dilimizin vəziyyətinə toxundu, bəzi ölkələrdə ədəbi dilin unudulması təhlükəsinin yarandığını nəzərə çatdırdı: "Görürəm ki, bəzi yerlərdə bizim ədəbi dilimiz digər ölkələrdə yaşayan azərbaycanlılar arasında itirilir. Daha çox məişət dili kimi istifadə olunur, xarici kəlmələrlə dolu olur. Ona görə də biz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda  dilimizi yavaş-yavaş itirə bilərik".

Prezidentin bu fikirləri Azərbaycan dilinin yalnız ölkə daxilində deyil, həm də dünya azərbaycanlıları arasında qorunmasının strateji prioritetə çevrildiyini göstərir. Ölkə rəhbərimiz dilin dövlətçilikdəki rolunu belə dəyərləndirir: "Hər bir millət, hər bir xalq  üçün onun Ana dili onun milli mənsubiyyətinin əsas amilidir… Azərbaycan dili çox zəngindir, xarici kəlmələrə ehtiyac da yoxdur… Əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən söz gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir".

Bu çağırış həm də mədəni müstəqillik konsepsiyasının ifadəsidir. Çünki dil - təkcə sözlər toplusu deyil, həm də xalqın düşüncə tərzi, hiss dünyası və varlıq fəlsəfəsidir.

Cənab İlham Əliyevin çıxışının bu hissəsi bir daha sübut etdi ki, Azərbaycan dilinin saflığı dövlət ideologiyasının mənəvi əsaslarından biridir. Bu həm milli təhlükəsizlik, həm də gələcək nəsillərin kimliyini qoruma məsələsidir.

Bütün bu qeydlər Azərbaycan Prezidentinin AMEA-nın 80 illik yubileyindəki çıxışının nə qədər mühüm strateji məzmun daşıdığını göstərir. Bu nitqdə dövlətin elmə yanaşması milli ideologiyanın ayrılmaz hissəsi kimi təqdim olunur. Elmin ölkənin gücünü, texnologiyanın təhlükəsizliyini və inkişafını, dil və tarixin isə milli kimliyi qoruması həqiqəti təsbit edilir. Azərbaycan bu gün təkcə təbii sərvətləri ilə deyil, intellektual potensialı, süni intellektə əsaslanan texnoloji inkişafı və elmə verilən dəyəri ilə də regionda fərqləndiyini göstərir. 

Prezident İlham Əliyevin irəli sürdüyü tezis, qarşıya qoyduğu strateji hədəf kifayət qədər konkret və aydındır: Azərbaycanın gələcəyi elm, bilik və milli ruh üzərində qurulacaq.

İradə ƏLİYEVA,

"Azərbaycan"

Seçilən
51
azerbaijan-news.az

1Mənbələr