AZ

Gənclər arasında ürək-damar xəstəlikləri artır - Kardioloq səbəb və çıxış yollarını AÇIQLADI

Təəssüflə qeyd etməliyik ki, bəlkə də hər gün bir nəfərin ürək tutmasından vəfat etdiyi xəbəri ilə qarşılaşırıq. Daha da üzücü olan odur ki, bu halların çoxu gənc insanlar arasında baş verir.

Gənc yaşda ürək-damar xəstəliklərinin artması narahatlıq doğurur və bir sualı aktuallaşdırır: ürəyimizi necə qoruyaq ki, daha sağlam olsun?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən həkim-kardioloq Gülanə Ağayeva bildirdi ki, həqiqətən də, son illərdə ölkəmizdə ürək-damar xəstəlikləri xeyli gəncləşib:

"Təəssüf ki, artıq bu xəstəlikləri yalnız yaşlı insanlarda deyil, gənclərdə - 25, 30, 40 yaşlı şəxslərdə də müşahidə edirik. Bunun əsas səbəblərindən biri genetika olsa da, ən böyük problemlərdən biri həyat tərzidir. Son illərdə həyat tərzimizin, qidalanma rejimimizin dəyişməsi, oturaq həyat tərzi, əsəb və stres kimi faktorlar ürək-damar sistemi xəstəliklərinin gəncləşməsinə səbəb olur. Ürək problemlərindən qorunmağın ən effektiv yolu profilaktikadır. Profilaktika xəstəliyin yaranmasından əvvəl onu yarada biləcək riskləri azaltmaq deməkdir. Bunun üçün ilk növbədə qidalanmamıza diqqət yetirməliyik. Gündəlik qidalanmada duz, yağ və şəkərin miqdarını minimuma endirmək lazımdır. Hazır, paketlənmiş qidalar və qırmızı ət nisbətən azaldılmalı, tərəvəz, balıq, tam taxıllar, zeytun yağı və zeytun yağında bişirilmiş yeməklərə üstünlük verilməlidir.

Digər vacib amil hərəkətdir. Gün ərzində ən azı 30 dəqiqə gəzinti və ya yüngül fiziki aktivlik tövsiyə olunur. Bundan əlavə, siqaret və alkoqoldan uzaq durmaq çox vacibdir. Çünki siqaret ürək-damar sisteminə ən çox zərər verən amillərdəndir. Stresin idarə olunması da mühüm rol oynayır. Emosional gərginlik və yuxusuzluq ürək-damar xəstəliklərinin ağırlaşmasına səbəb ola bilər. Təbii ki, vaxtında və düzgün müayinələrdən keçmək də önəmlidir. Ümumilikdə, xüsusilə 35 yaşdan yuxarı şəxslərə ildə bir dəfə ürək müayinəsindən keçmək tövsiyə edilir. Ən vacib müayinələrə arterial təzyiqin müntəzəm yoxlanılması, xolesterin və şəkər səviyyəsinin ölçülməsi, həmçinin elektrokardioqramma daxildir. Bu müayinələrdə hər hansı problem aşkarlandıqda, əlavə və daha dərin analizlərə ehtiyac ola bilər".

Nuriyyə NATİQQIZI

Seçilən
8
3
redaktor.az

4Mənbələr