AZ

Fransanın məşhur gəmiçilik şirkəti donanmasını artırmağa 2,5 milyard avro ayırıb

Paris, 4 noyabr, AZƏRTAC

Fransanın nəhəng gəmiçilik şirkəti CMA CGM şirkəti fransız bayrağı altında üzən donanmasını 33 faiz artırmaq niyyətindədir. Bu gün şirkət 2,5 milyard avro dəyərində 10 yeni konteyner gəmisi sifariş etdiyini elan edib.

AZƏRTAC xəbər verir ki, hazırda Çin gəmiqayırma zavodlarında tikilməkdə olan bu gəmilərdən birincisi 2026-cı ilin iyununda, axırıncısı isə 2028-ci ilin sonuna qədər təhvil veriləcək.

Bu sifarişlər tamamlandıqdan sonra CMA CGM-in fransız bayrağı altında üzən gəmilərinin sayı 30-dan 40-a yüksələcək. Şirkətin açıqlamasında bu qərarın Fransa dəniz donanmasının beynəlxalq arenada rolunu möhkəmləndirmək məqsədi daşıdığı bildirilib.

Hal-hazırda CMA CGM donanmasında 650-dən çox gəmi fəaliyyət göstərir. Onların təxminən yarısı şirkətin öz mülkiyyətində, qalanı isə icarə əsasındadır. Bu gəmilərin təxminən 5 faizi fransız bayrağı altında üzür.

CMA CGM-in bu böyük investisiyası Fransa hökumətinin 2026-cı il büdcəsi çərçivəsində dəniz daşımaları şirkətlərinə təqdim olunan vergi güzəştlərinin ləğvi ilə bağlı təklifi gündəmdən çıxarmasından bir neçə gün sonra elan olunub. Bu yeni qərarla CMA CGM həm Fransanın dənizçilik sənayesinə inamını, həm də ekoloji və texnoloji baxımdan müasir donanma qurmaq əzmini bir daha nümayiş etdirir.

 

Seçilən
75
1
azertag.az

2Mənbələr