Azərbaycançılıq ideyası Azərbaycan xalqının milli-mənəvi kimliyinin əsasını təşkil edən, dövlətçilik düşüncəmizi, milli birliyimizi və vətənpərvərlik hissimizi dərin mənada ifadə edən ideoloji əsaslardan biridir.
Bu ideya xalqın tarixi, dili, mədəniyyəti, dini və əxlaqi dəyərlərini bir bütöv milli şüurda birləşdirən konsepsiyadır. Azərbaycançılıq həm də müasir dövlət quruculuğunun mənəvi dayağı, vətəndaş cəmiyyətinin ideoloji sütunudur.
Azərbaycançılıq uzun tarixi inkişaf yolu keçib
Azərbaycançılıq ideyasının formalaşması uzun tarixi inkişaf yolu keçib. XIX əsrdə maarifçilik hərəkatı dövründə Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə kimi ziyalılar xalqın maariflənməsi, milli özünüdərkin güclənməsi, azərbaycanlı kimliyinin formalaşması üçün mühüm işlər görüblər. XX əsrin əvvəllərində Məhəmməd Əmin Rəsulzadə bu ideyanı siyasi səviyyəyə qaldıraraq “Bir kərə yüksələn bayraq bir daha enməz” şüarı altında müstəqil Azərbaycan ideyasını irəli sürdü. Bununla yanaşı, müstəqillik dövründə Azərbaycançılıq ideyası ümummilli lider Heydər Əliyevin fəaliyyəti nəticəsində dövlət ideologiyası səviyyəsinə yüksəldi. Heydər Əliyev Azərbaycançılığı həm milli, həm də vətəndaşlıq məfkurəsi kimi formalaşdıraraq qeyd edirdi ki, “Azərbaycançılıq bu, bizim dövlətçiliyimizin, milli birliyimizin əsasını təşkil edən ideologiyadır”. Bu ideya hər bir azərbaycanlının milli mənsubiyyətindən, dini baxışından və siyasi düşüncəsindən asılı olmayaraq, vahid məqsədə müstəqil Azərbaycan dövlətinin inkişafına xidmət edir.
50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir
Azərbaycançılığı var edən həm də Azərbaycan dilidir. Prezident İlham Əliyev AMEA-nın 80 illik yubiley yığıncağında deyib ki, biz öz dilimizi qorumasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik: “On il bundan əvvəl mən bu kürsüdən, eyni zamanda, Azərbaycan dili haqqında danışmışdım, öz narahatlığımı ifadə etmişdim. Deyə bilərəm ki, son 10 il ərzində bu istiqamətdə lazımi addımlar atılıb. Ancaq desəm ki, vəziyyət məni tam qane edir, əlbəttə ki, səmimi olmaram. Azərbaycan dili çox zəngin dildir. Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Ancaq təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik - müstəqil Azərbaycan dövləti. Mən azərbaycanlıların yaşadıqları müxtəlif bölgələrdə vəziyyətlə müntəzəm surətdə olaraq tanış oluram, diqqətdə saxlayıram, lazımi tədbirlər görürəm. Görürəm ki, bəzi yerlərdə bizim ədəbi dilimiz digər ölkələrdə yaşayan azərbaycanlılar arasında itirilir. Daha çox məişət dili kimi istifadə olunur, xarici kəlmələrlə dolu olur. Ona görə biz öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik. Hər bir millət, hər bir xalq üçün onun Ana dili onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır. Bizim dilimiz qədimdir. Yenə də deyirəm, 50 milyondan çox insan üçün Ana dilidir, çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur. Düzdür, beynəlxalq leksikon var və hər birimiz bu leksikondan istifadə edirik. Amma əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu, ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir”.
Prezident onu da qeyd edibki, Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır: “Yəni, dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər. Yenə də deyirəm, 10 il bundan əvvəl mən bu məsələni qaldırmışdım. Çünki bu, məni narahat edirdi. On il ərzində lazımi tədbirlər görüldü ki, biz dilimizi kənar kəlmələrdən qoruya bilək. Amma yenə də oradan-buradan eşidirəm, - həm televiziyalarda, həm yazılı mediada, həm bəzi insanların çıxışlarında, - buna heç bir gərək yoxdur. Yəni, biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər. Əminəm ki, mənim sözlərim hər kəsə çatacaq və özüm də daim bu məsələ ilə bağlı məşğul olacağam, izləyəcəyəm, lazımi tədbirlər görəcəyəm. Azərbaycan alimlərindən də bax, bu məsələyə də öz münasibətini və dəstəyini göstərmək çağırışını edirəm”.
Efirlərdə, müxtəlif saytlarda ədəbi dilimiz bərbad günə qoyulur
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən media ekspert Yadigar Məmmədlinin fikrincə, Prezidentin AMEA-da çıxışında toxunduğu məsələlər çox ciddidir: “Onlardan biri də məhz Azərbaycan dilinin mövcud vəziyyəti ilə bağlıdır. Hələ 2013-cü ildə cənab Prezidentin sərəncamı var. Yəni qloballaşma şəraitində Azərbaycan dilinin yad təsirlərdən qorunması üçün xüsusi proqram qəbul olundu. Prezidentin sərəncamı məhz bununla bağlı idi. Ancaq Prezident AMEA-dakı çıxışında bildirdi ki, bu vəziyyət məni qane etmir. Problem ondadır ki, Azərbaycan dilinin məişət dili səviyyəsinə salınması prosesi çox sürətlə gedir. Bunu ən çox edən elə biz jurnalistlərik. Efirlərdə, müxtəlif saytlarda ədəbi dilimiz bərbad günə qoyulur. Ədəbi dil normaları qorunmur. Hesab edirəm bu, çox ciddi problemdir. Bundan başqa, ölkəmizdə çoxsaylı reklam şitləri var və orada Azərbaycan dilində reklamlar yazılmır. Xarici dillərdə yazılır. Əsasən ingilis, rus dillərində yazılır. Düzdür, son dövrlər rus dilində olan reklamlar xeyli azalıb. Reklamlar daha çox ingilis dilindədir. Ancaq bu da qəbulolunan deyil. Əsas məsələ odur ki, bizim jurnalistlər peşəkar olmalıdılar. Əvvəl belə idi ki, qəzetlərdə dilimiz çox ciddi qorunurdu. Ancaq indi çox təəssüf ki, göbələk kimi artan portallarda dilimiz acınacaqlı vəziyyətdədir. Materialı elə təqdim edirlər ki, baxırsan dilimizi bərbad günə qoyublar. Bəzi televiziyalarda da bənzər vəziyyət hökm sürür. Xüsusən də şou proqramlarda ədəbi dilin qaydaları qorunmur. Bununla bağlı Dilçilik İnstitutunun monitorinq qurumu var. Bir ara həmin qurum aktiv idi, indi biz bunu görmürük. Bir sözlə, bütün cavabdeh qurumlar Azərbaycan dilinin qorunması ilə bağlı sistemli işlər görməlidir”.
Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.