AZ

Sankt-Peterburqda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın Sankt-Peterburq şəhərindəki baş konsulluğunda 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev, Türkiyənin Sankt-Peterburqdakı baş konsulu Başar Başol, Pakistanın fəxri konsulu Rauf Abdul Rind, MDB PA Şurası Baş katibinin müavini –Milli Məclisin MDB PA-da səlahiyyətli nümayəndəsi Aydın Cəfərov, Rusiya Müdafiə Nazirliyinin ali hərbi təhsil müəssisələrində təhsil alan azərbaycanlı zabitlər və diaspor nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə qəhrəmancasına şəhid olmuş igidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Səfir Rəhman Mustafayev və baş konsul vəzifəsini icra edən Anar Yusifzadə çıxışlarında 8 Noyabr – Zəfər Gününün Azərbaycan dövlətçiliyi tarixində xüsusi əhəmiyyət daşıdığını, bu Zəfərin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalqın birliyi, Ordunun qəhrəmanlığı və ölkənin iqtisadi qüdrəti sayəsində qazanıldığını vurğulayıblar.

Tədbir iştirakçılarına Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa, quruculuq və reinteqrasiya işləri barədə məlumat verilib.

Sonda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş fotosərgi və sənədli film nümayiş etdirilib, həmçinin ziyafət verilib.

Seçilən
36
1
sia.az

2Mənbələr