AZ

Amazon meşəsində havanın çirklənməsi London və Pekin kimi böyük şəhərləri geridə qoyub

London, 4 noyabr, AZƏRTAC

Yeni məlumatlar göstərir ki, dünyanın “ağciyərləri” adlandırılan Amazon tropik meşəsində hava çirklənməsi səviyyəsi London, Pekin və San-Paulu kimi iri şəhərlərdəki göstəricilərdən daha yüksəkdir.

AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, beynəlxalq ekoloji təşkilat “Greenpeace International”ın apardığı tədqiqatın nəticələrinə əsasən, Amazon bölgəsində yaşayan 50 milyon insan zərərli PM2.5 hissəciklərinə daha çox məruz qalır. Bu hissəciklər insan sağlamlığı üçün son dərəcə təhlükəlidir və tənəffüs, ürək-damar xəstəlikləri, həmçinin demensiya riskini artırır.

Tədqiqatın nəticələrinə görə, çirklənmənin əsas səbəbi insanların meşələri yandırmasıdır. Yanğınlar nəticəsində atmosferə yayılan tüstü və kimyəvi hissəciklər bölgədə havanın keyfiyyətini kəskin şəkildə pisləşdirib.

“Söhbət təkcə meşələrin məhv edilməsindən getmir. Bu, xəstəxana çarpayılarında yatan uşaqlar, nəfəs almaqda çətinlik çəkən yaşlı insanlar və qlobal ət ticarətinə görə tüstüyə çevrilən meşələr deməkdir”,- deyə “Greenpeace International” təşkilatının nümayəndəsi Lis Kunya bildirib.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, PM2.5 hissəciklərinin təsirinə uzunmüddətli məruz qalmaq demensiya da daxil olmaqla, bir sıra ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
28
1
azertag.az

2Mənbələr