AZ

Naxçıvanda dövlət mülkiyyətində olan torpaq sahəsi bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib

Naxçıvan şəhərinin inzibati ərazisində dövlət mülkiyyətində olan torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.

Day.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Sənədə əsasən, qoyuluş gücü ilkin mərhələdə 50 MVt olan, sonrakı mərhələdə isə ixrac imkanlarından asılı olaraq genişləndiriləcək günəş elektrik stansiyasının tikintisi məqsədilə Naxçıvan şəhərinin inzibati ərazisində dövlət mülkiyyətində olan 688,0 hektar torpaq sahəsi bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.

Azərbaycan Respublikasının Energetika Nazirliyi yuxarıda müəyyən edilmiş bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi ilə bağlı "Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası"nın tələblərinə uyğun olaraq həyata keçirəcək.

Bu Qərar qüvvəyə mindiyi tarixdən elektrik enerjisinin istehsalı məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilmiş 688,0 hektar torpaq sahəsində günəş elektrik stansiyasının tikintisinə icazə "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" Qanunun 6.7-ci maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq alınacaq.

Naxçıvan Şəhər İcra Hakimiyyəti yuxarıdakı qaydaya uyğun tikintiyə icazə verildikdə həmin gündən, müəyyən edilmiş müddətdə tikintiyə icazə verilmədikdə isə müddət başa çatdığı gündən üç gün müddətində bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verəcək.

Bu Qərarın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinə həvalə ediləcək.

Seçilən
25
7
day.az

8Mənbələr