AZ

“Putin artıq heç vaxt Ukraynaya nəzarət etməyəcək” Cüzeppe Kavo Draqone

ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Bu, onun strateji məğlubiyyəti və insan həyatlarının mənasız itkisidir”

Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı məqsədlərinə çata bilmədi, üstəlik, müharibə onun strateji uğursuzluğu oldu.

“AzPolitika” xəbər verir ki, bunu NATO Hərbi Komitəsinin sədri admiral Cüzeppe Kavo Draqone BBC-yə verdiyi müsahibədə deyib.

O xatırladıb ki, 2022-ci ildə Ukraynaya müdaxilə Şimali Atlantika Alyansının genişlənməsinə səbəb olub. Rusiya ilə 1300 kilometrlik quru sərhədi olan Finlandiya və Baltik dənizinə çıxışı olan İsveç bloka qoşulub. Baxmayaraq ki, Putin "xüsusi əməliyyatın" başladığını elan edərkən "NATO hərbi maşınının" Rusiya sərhədlərinə yaxınlaşmasına icazə verməyəcəyini bildirmişdi.

Kavo Draqone qeyd edib ki, Kremlin Ukrayna Prezidenti Volodimir Zelenskini vəzifədən uzaqlaşdırmaq ümidləri də özünü doğrultmadı. Onun fikrincə, Putin artıq heç vaxt Ukraynanı nəzarətə götürə bilməyəcək: "Onlar Belarusdakı kimi dost və oyuncaq hakimiyyət əldə edə bilməyəcəklər".

Admiralın dediyi kimi, Avropa ölkələri "oyanıb", öz müdafiələrinə daha məsuliyyətli yanaşmağa başlayıblar və müdafiə xərclərini ÜDM-in 5%-nə qədər artırmaq qərarına gəliblər. Üstəlik, onlar Kremlin "silahsızlaşdırmaq" niyyətində olduğu Ukraynanı silahlandırmağa davam edirlər. Kavo Draqonenin sözlərinə görə, bütün bunlar Rusiyanın cəbhədə "yavaş və əhəmiyyətsiz uğurlarına" baxmayaraq, müharibəni başladan Putinin strateji məğlubiyyətinə işarə edir və bu uğurlar ağır itkilər bahasına əldə edilir.

Admiral həmçinin bildirib ki, operativ nöqteyi-nəzərdən müharibə dalana dirənib və "danışıqlar masasına oturmağın vaxtıdır, çünki bu, insan həyatlarının mənasız itkisidir". 

Kavo Draqone əlavə edib ki, NATO davamlı sülh əldə olunana qədər “Ukraynanın yanında dayanacaq".

Rusiyadan gələcək hücumların riski barədə danışan admiralın fikrincə, əgər belə bir hücum baş verərsə, bu, çox güman ki, Baltikyanı ölkələrdə: Estoniya, Latviya və ya Litvada olacaq.

O qeyd edib ki, bu halda NATO Nizamnaməsinin kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsi tətbiq olunacaq. Buna ABŞ-nin də qatılıb-qatılmayacağına gəlincə, Draqone deyib ki, "onlar bu öhdəliyi götürüblər və buna sadiq qaldıqlarını vurğulayıblar".

Admiralın sözlərinə görə, hava hücumundan müdafiə hazırda NATO-nun prioritetidir və Rusiya dronlarının Polşa və Rumıniyaya daxil olması ilə bağlı son hadisələr alyansı bu istiqaməti gücləndirməyə sövq edib.

Putinin uzunmənzilli nüvə sistemlərinin - "Burevestnik" qanadlı raketinin və "Poseidon" torpedasının sınaqları ilə bağlı açıqlamalarını şərh edən Kavo Draqone qeyd edib ki, NATO bu təhlükədən qorxmur: "Biz 32 dövlətimizin hamısını və onların bir milyard əhalisini müdafiə etməyə hazırıq. Biz nüvə ittifaqıyıq".

C.Məmmədli

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
49
azpolitika.info

1Mənbələr