AZ

5 il öncə BU GÜN – 4 noyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ – ADLAR

Bu gün Vətən Müharibəsi şəhidlərindən daha bir neçəsinin Anım Günüdür.

Bizim.Media 4 noyabr 2020-ci ildə şəhid olan qəhrəmanlarımızı təqdim edirik.

Taleh İsmayılov


26 noyabr 1986-cı ildə Lənkəran rayonunun Boladi kəndində anadan olub.

2005-ci ildə Goranboy rayonu "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olub.

Taleh 2014-cü ildə müddətdən artıq hərbi qulluqçu kimi xidmətə yazılmaq qərarına gəlib. İxtisasca sürücü olsa da, artilleriya divizionunda xidmət etdiyi müddətdə istər silahla fərdi davranış, istərsə də 122 mm-lik D-30 haubitsa-topu barədə biliklərə yiyələnib.

2015-ci il yanvarında Ağcabədi rayon "N" saylı hərbi hissəsində müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlayıb, 2016-cı ildə “Aprel döyüşləri”ndə fəal iştirak edib.

2020-ci il sentyabrın 27-də başlanan ikinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl, Qubadlı, Xocavənd və Ağdam rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

44 günlük Vətən müharibəsinin 39 gününü döyüşlərdə iştirak edən Taleh İsmayılov Şuşanın azadlığı uğrunda gedən döyüşlər zamanı 4 noyabr 2020-ci il tarixində qəhrəmancasına şəhid olub.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Taleh İsmayılov ölümündən sonra "Şücaətə görə","Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

Fərid Əsgərov


1996-cı il mayın 21-də Neftçala rayonunun Qaçaqkənd kəndində hərbçi ailəsində anadan olub. 

Fərid hərbiçi ailəsində dünyaya gəlib. Atası Ərəstun Əsgərov birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Füzuli, Ağdərə istiqamətində döyüşüb, Horadiz əməliyyatına qatılıb. O, uzun illər hərbiçi kimi müxtəlif bölgələrdə xidmət edib. Azərbaycan Respublikası Silahlı Qüvvələrin veteranı, həm də Qarabağ müharibəsi veteranıdır.

2012-ci ildə Lənkəran şəhər 6 nömrəli liseyi bitirib, 2013-2017-ci illərdə Lənkəran Dövlət Universitetinin İngilis dili fakültəsində təhsil alıb. 2017-ci və 2018-ci illərdə Beyləqan ərazisində N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib. Hərbi xidmətdən sonra Bakıda mühafizə idarəsində çalışıb. O, 44 günlük Vətən müharibəsinə könüllü olaraq qatılıb, oktyabrın 3-də cəbhəyə yollanıb. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edərək igidliklər göstərib. Noyabrın 4-də Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” , “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

İsmət Qurbanov


İsmət Qurbanov 1998 -ci il aprelin 22-də Şəmkir rayonunun Varlı Həyat kəndində anadan olub.
 

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İsmət Qurbanov noyabrın 4-də Füzuli döyüşləri zamanı şəhid olub.


Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İsmət Qurbanov ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Əmrah Səfərli


2 aprel 1998-ci ildə İmişli rayonu Göbəktala kəndində dünyaya gəlib.

Azərbaycan Ordusunun əsgəri Əmrah Səfərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Əmrah Səfərli 4 noyabr 2020-ci ildə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Əmrah Səfərli ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "İgidliyə görə", "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Elçin İsmayılov


7 fevral 1991-ci ildə İmişli şəhərində anadan olub. 1997-ci ildə şəhərin 7 saylı məktəbinin 1-ci sinfinə daxil olub. 2008-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib. 2009-cu ilin aprel ayında hərbi xidmətə yollanıb. Elçin Tovuz rayonunun Ağdam kəndində xidmət edib. İxtisasca snayper olub. 2010-cu ilin oktyabr ayında tərxis olunub. 2018-ci ilin dekabr ayından yenidən orduya qayıdıb, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətini davam etdirib.

Azərbaycan Ordusunun MAHHXHQ əsgəri olan Elçin İsmayılov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Zəngilanın, Xocavəndin, Laçının, Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub. Noyabr ayının əvvəllərindən başlayan Şuşa döyüşlərində də iştirak edən MAHHXHQ əsgər Elçin İsmayılov 4 noyabr 2020-ci ildə Şuşa istiqamətində şəhid olub.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elçin İsmayılov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

Naibə Məmmədova, Bizim.Media

Seçilən
37
1
bizim.media

2Mənbələr