AZ

Özbəkistan turizm sektorunun nümayəndələri Azərbaycana səfər edəcək

Türk dövlətlərinin turizmi müştərək inkişaf etdirmək üçün geniş imkanları var.

Bu fikri APA-nın Xivəyə ezam olunan əməkdaşına “Arda Xivə” turizm kompleksinin rəsmisi Azamat Povlanov deyib.

“Bizim bir mənşəyimiz, mentalitetimiz var. Buna görə bir-birimizə qonaq gedəndə özümüzü evimizdəki kimi hiss edirik. Odur ki, Türk dövlətlərinin turizmi müştərək inkişaf etdirmək üçün geniş imkanları var”, - turizm eksperti bildirib.

Ölkənin turizm komitəsinin Özbəkistanın turizm potensialını təbliğ etmək üçün xarici ölkələrə səfərlər təşkil etdiyini qeyd edən Povlanov gələn ilin martında nümayəndə heyətinin Azərbaycana səfərinin planlaşdırıldığını vurğulayıb.

Qeyd edək ki, Azərbaycanın media nümayəndələrinin Özbəkistana səfəri çərçivəsində jurnalistlər bu gün Xorəzm vilayətində yerləşən müasir “Arda Xivə” turizm kompleksini ziyarət ediblər. Jurnalistlərə kompleksin infrastruktur imkanları, yaradılmış istirahət və əyləncə zonaları, həmçinin regionun sosial-iqtisadi inkişafına verdiyi töhfə barədə məlumat verilib. Bildirilib ki, 25 hektar ərazidə salınan “Arda Xivə” ildə 2-3 milyon turist qəbul etmək gücünə malikdir və burada 20-dən çox mehmanxana, amfiteatr, su attraksionları, sənətkarlıq emalatxanaları və milli bazar fəaliyyət göstərir. Səfər zamanı azərbaycanlı jurnalistlər kompleksin memarlıq xüsusiyyətləri, “Şərq Venesiyası” adlandırılan kanal zonası və yeni yaradılan ekoturizm sahələri ilə də tanış olublar.

Qeyd edək ki, səfər “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair Yol Xəritəsi” çərçivəsində həyata keçirilir. Səfərin məqsədi Xivə bölgəsinin iqtisadi, sosial və turizm potensialını yerində öyrənmək, həmçinin onun mədəni irsinin Azərbaycan ictimaiyyətinə daha geniş tanıdılmasıdır.

Seçilən
21
2
apa.az

3Mənbələr