AZ

ABŞ administrasiyası Qəzzada beynəlxalq qüvvələrin ən azı 2 il qalmasını istəyir  

ABŞ administrasiyası BMT Təhlükəsizlik Şurasının bəzi üzvlərinə beynəlxalq qüvvələrin Qəzza zolağında ən azı iki il müddətinə yerləşdirilməsi tələb edən qətnamə layihəsi təqdim edib. Qətnamə layihəsinin təfərrüatları Axios xəbər saytında dərc edilib.

Məlumata görə, ABŞ Prezidenti Donald Trampın administrasiyası tərəfindən hazırlanan sənəd dünən BMT Təhlükəsizlik Şurasının bir neçə üzvünə göndərilib.

Bildirilir ki, layihə ABŞ-yə və digər iştirakçı ölkələrə Qəzzanı idarə etmək və təhlükəsizliyi təmin etmək üçün 2027-ci ilin sonuna qədər geniş səlahiyyətlər verəcək, lakin müddətin uzadılması ehtimalı var.

Adının çəkilməməsini istəyən ABŞ rəsmisi bildirib ki, qətnamə layihəsi yaxın günlərdə BMT Təhlükəsizlik Şurası üzvləri arasında danışıqlar üçün əsas təşkil edəcək. Onun sözlərinə görə, qətnamə layihəsi ilə bağlı səsvermənin yaxın həftələrdə keçirilməsi və ilk bölmələrin yanvar ayına qədər Qəzza zolağında yerləşdirilməsi gözlənilir.

Həmçinin qeyd edilib ki, Beynəlxalq Təhlükəsizlik Qüvvələri (ISF) sülhməramlı  deyil, "icraedici qüvvə" olacaq.

Bir neçə ölkənin təhlükəsizlik qüvvələrini əhatə edəcək ISF, Qəzza zolağının İsrail və Misirlə sərhədlərinin təhlükəsizliyini təmin etmək, mülki şəxsləri və humanitar dəhlizləri qorumaq və yeni Fələstin polis qüvvələrini hazırlamaq vəzifəsi daşıyacaq.

Layihədə həmçinin ISF-in Qəzzada hərbi infrastrukturun məhv edilməsi, bölgənin silahsızlaşdırılması və Fələstin qruplarının tərksilah edilməsi vəzifələrini yerinə yetirəcəyi qeyd olunur.

ISF missiyasına həmçinin, könüllü olaraq bunu etmədiyi təqdirdə, HƏMAS-ın hərbi qanadı olan “İzzəddin əl-Qəssam” briqadalarının tərksilah edilməsi də daxildir.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Seçilən
33
azerbaijan-news.az

1Mənbələr