AZ

Məhbuslar ədliyyə nazirinə müraciət etdi: 9 saylı cəzaçəkmə müəssisəsində bazar açılıb

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 9 saylı cəzaçəkmə müəssisəsinin bir qrup məhbusu Ədliyyə naziri Fərid Əhmədova müraciət edib.

Paytaxt.org bildirir ki, müraciətdə məhbuslar cəzaçəkmə müəssisəsində baş verənlərlə bağlı bir neçə dəfə müvafiq qurumlara, o cümlədən ölkə başçısına şikayət etdiyini bildirir:

“Burda baş verən rüşvət, bazar qaydaları, xüsusilə kapitan rütbəli İmran adlı işçinin əməlləri haqda müvafiq qurumlara yazmışdıq. Bir müddət həmin şəxs qanunsuz əməllərini dayandırdı. İndi yenidən bu kapitan qılıncını əlinə alıb və bütün məhbuslara haqq qoyur. Məhbusların qanunla müəyyənləşmiş imtiyazları üçün belə rüşvət istənilir. Bu da azmış kimi İmran müxtəlif vasitələrlə məhbusları şərləyərək onlardan pul qoparır. Hər bir məhkum ayda işıq pulu verir.

Müəssisədə 7 “barak” (məhkum yataqxanası-red.) var və hər bir “barak” zibil pulu verir. Orda ailəvi görüş otaqları var. Kim yüksək ödəniş edirsə ailəsi ilə təmirli otaqda görüşür, kimin pulu yoxdursa, o, bərbad otaqda görüşməlidir. Telefonla danışıq da pulladır. Adam var ki, pulu olduğu üçün gün ərzində 5 dəfə telefonla danışır, adam da var ki, pulu olmadığı üçün evi, ailəsi ilə ongünlərlə danışa bilmir. Bu pulların hamısını yığan kapitan rütbəli İmran adlı şəxsdir.

Əgər müvafiq qurumlar bununla bağlı araşdırma aparsalar, onda görərlər ki, indiyə qədər İmran məhbuslardan nə qədər pul yığıb. Bunlar hamısı məhkumlara gələn pullardır. Məhkum da qorxusundan heç nə deyə bilmir. Çünki əli-qolu bağlı adamdır.

Cənab Nazir!
Xahiş edirik ki, 9 saylı cəzaçəkmə müəssisəsində mövcud olan haqsızlıqlara, qanunazidd əməllərə son qoyulmasından ötrü lazımı tədbirlər görəsiniz”.Reportyor.info

Seçilən
32
paytaxt.org

1Mənbələr