AZ

“26 milyonluq nöqsan”dan illər əvvəl deputat AZTV ilə bağlı nə demişdi?

Çox yaxşı yadımdadır ki, hələ 2017-ci ildə Milli Məclisdəki çıxışında deputat Qüdrət Həsənquliyev bildirdi ki, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün bizim ingilis dilində telekanal açmağımız lazımdır:

“Biz 32 milyon AzTV-yə, 12 milyon da İTV-yə vəsait ayırırıq. Ancaq bu kanalların digər özəl kanallardan heç bir üstünlüyü yoxdur. Olmazmı ki, biz bu vəsaiti ingilis dilində yayımlanan kanalların açılmasına yönəldək? Prezidentin sərəncamını oxuduğuna görə AzTV-ni saxlayıb, ora 32 milyon ayırmağa heç bir ehtiyac yoxdur. Onsuz da digər televiziyalar böyük həvəslə prezidentin sərəncamlarını oxuyur, səfərlərini işıqlandırırlar”.

Buna baxmayaraq, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfində qeyd edildi ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə 33 milyon, “Mir” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyinə 601 min 920 manat, İctimai Televiziya və Radio Yayımları Şirkətinə 12 milyon 32 min 421 manat vəsait ayrılıb”.

Daha sonra: Prezident İlham Əliyev 2022-ci ilin may ayının 30-da “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin audiovizual arxiv materiallarının rəqəmsallaşdırılması və vahid bazasının yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb, işlərin görülməsi üçün Prezidentin ehtiyat fondundan 1 milyon manat vəsait ayrılıb.

Və nəhayət: AzTV-də ciddi nöqsanlar aşkar edilib

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) QSC üzrə dövlət vəsaitlərinin və digər əmlakın idarə olunmasının auditinin nəticələri açıqlanıb. Qeyd edilib ki, audit nəticəsində “AzTV” QSC tərəfindən əmək müqaviləsi əsasında fəaliyyət göstərən işçilərə əmək funksiyalarının icrası ilə bağlı əməkhaqqı formasında ödənilməli vəsaitlərin qonorar adı ilə rəsmiləşdirilməsinə və ödənilməsinə (ümumilikdə, 26,0 mln. manat, o cümlədən 2023-cü ildə 11,3 mln. manat, 2024-cü ildə 11,6 mln. manat, 2025-ci ilin 1-ci rübündə 3,1 mln. manat) yol verildiyi müəyyən edilib. Bu, əmək münasibətlərinin mülki-hüquq münasibətləri kimi yanlış təsnif edilərək Əmək Məcəlləsi və Vergi Məcəlləsinin şərtləri ilə uyğunsuzluqlara səbəb olub, nəticə etibarilə məcburi sosial ayırmaların tam həcmdə tutulmaması işçilərin sosial təminat hüquqlarının məhdudlaşdırılması ilə səciyyələnib.

Deməli, Qüdrət Həsənquliyev demiş, AzTV sərəncam oxumaqdan, rəsmi səfərləri işıqlandırmaqdan başqa da işlər görürmüş… Amma, 26 milyonluq nöqsan üzə çıxandan sonra Qüdrət Həsənquliyevə haqq qazandırmamaq mümkün deyil…

Əntiqə Rəşid

NOCOMMET.az

 

 

 

 

 

 

Seçilən
36
nocomment.az

1Mənbələr