AZ

Dövlət Vergi Xidmətinin məqsədi inklüziv iş mühiti və öyrənən komanda formalaşdırmaqdır - Aytən Kərimova

BAKI,TurkicWorld

Dövlət Vergi Xidməti insan kapitalının gücləndirilməsi, inklüziv iş mühitinin qurulması və innovativ idarəetmə yanaşmalarının tətbiqi istiqamətində genişmiqyaslı layihələr həyata keçirir.

TurkicWorld xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin rəisinin müşaviri, İnsan resursları baş idarəsinin rəisi Aytən Kərimova müsahibəsində bildirib.

Aytən Kərimova qeyd edib ki, Xidmətin 2025–2028-ci illəri əhatə edən inkişaf strategiyasının əsas istiqamətlərindən biri “güclü insan kapitalı”nın formalaşdırılmasıdır. Onun sözlərinə görə, vergi idarəçiliyinin səmərəliliyi bilikli, motivasiyalı və dəyərlərə sadiq kadrların üzərində qurulur.

“Məqsədimiz daha inklüziv iş mühiti yaratmaq, çevik və öyrənən komanda formalaşdırmaqdır. İstedadlı kadrların cəlbi, əməkdaşların davamlı inkişafı, gender bərabərliyi və müasir idarəetmə mədəniyyəti əsas prioritetlərimizdir,” — deyə Kərimova bildirib.

Aytən Kərimovanın sözlərinə görə, DVX-in ən uğurlu layihələrindən biri Yay Təcrübə Proqramıdır. Artıq 4 ildir icra edilən proqram çərçivəsində 250-yə yaxın tələbə təcrübə keçib, onlardan 40-a yaxını hazırda vergi xidmətində çalışır.

“Bu proqram bizim üçün təkcə təcrübə mexanizmi deyil, gələcək kadr potensialına investisiyadır. Tələbələr dövlət idarəçiliyi ilə yaxından tanış olur, komanda işi və analitik düşünmə bacarıqları qazanırlar,” — o vurğulayıb.

Komitə rəsmisi bildirib ki, gender bərabərliyi DVX-də yalnız statistik göstərici deyil, idarəetmə mədəniyyətinin ayrılmaz hissəsidir:

xanım əməkdaşlar üçün liderlik proqramları təşkil olunur,

iş–şəxsi həyat balansı üçün əlavə imtiyazlar tətbiq edilir,

universitetlərlə əməkdaşlıq gücləndirilir.

“Məqsədimiz qadınların yalnız iştirakçı deyil, idarəetmə qərarlarının fəal formalaşdırıcıları olmasıdır. Müxtəlifliyin olduğu komandalar daha yaradıcı və çevik olur,” — deyə Aytən Kərimova bildirib.

O əlavə edib ki, DVX-də gender siyasəti OECD və BMT-nin tövsiyələrinə uyğunlaşdırılıb.

Təlim və qiymətləndirmə sistemində yeniliklər

DVX əməkdaşların inkişafı üçün çoxpilləli təlim modeli tətbiq edir: ilkin hazırlıq, ixtisasartırma, qısamüddətli kurslar, onlayn platformalar, mentorluq və praktiki məşğələlər.

Yeni fəaliyyətin qiymətləndirilməsi sistemi isə obyektivlik və motivasiya mühiti yaradır:

Əsas fəaliyyət göstəriciləri (ƏFG) əsasında qiymətləndirmə,

360 dərəcə idarəçilik səriştələrinin analizi,

yüksək potensiallı əməkdaşların ehtiyat bazası.

Bu sistem gələcək rəhbər kadrların formalaşdırılmasına və performans mədəniyyətinin gücləndirilməsinə şərait yaradır.

Hazırda Xidmət yeni işə qəbul mərhələsi elan edib. Sənəd qəbulu 30 oktyabr tarixindən başlayıb.

“DVX-də işə qəbul tam şəffaf və obyektiv prinsiplərlə həyata keçirilir. DİM imtahanında uğur qazananlar müsahibə mərhələsinə keçəcəklər. Biz motivasiyalı, məsuliyyətli və öyrənməyə açıq gəncləri dəvət edirik,” — deyə Kərimova bildirib.

O, həmçinin DVX-də kadr ehtiyatının mövcud olmasına baxmayaraq yeni elanların verilməsini izah edərək deyib ki, təşkilat gələcək tələblərə uyğun kadr planlaşdırması aparır və inkişaf edən struktur üçün yeni resurslara ehtiyac yaranır.

“Namizədlər bu prosesi sadəcə imtahan kimi deyil, öz potensiallarını nümayiş etdirmək fürsəti kimi görməlidirlər. DVX-də uğurun açarı bilik, etik dəyərlər və komanda düşüncəsidir,” — deyə o vurğulayıb.

Seçilən
40
turkic.world

1Mənbələr