AZ

UNESCO-nun tarixi qərarı: 15 dekabr - Türk dillərinin qlobal irs günü

Xəbər verildiyi kimi, UNESCO 15 dekabrı Dünya Türk Dili Ailəsi Günü elan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy sosail media hesabında açıqlayıb.

UNESCO-nun 15 dekabrı “Dünya Türk Dilləri Ailəsi Günü” elan etməsi təkcə mədəni hadisə deyil, həm də türk dünyasının elmi, dilçilik və identiklik baxımından beynəlxalq səviyyədə tanınmasının simvolik mərhələsidir. Bu qərar, türk dillərinin çoxəsrlik inkişaf yoluna, ortaq mədəni yaddaşa və bəşəriyyətin qeyri-maddi irsinə verdiyi töhfələrin qlobal səviyyədə təsdiqi kimi dəyərləndirilə bilər.

Əlamətdar günün məhz Orxon-Yenisey abidələrinin oxunmasının ildönümünə təsadüf etməsi də təsadüfi deyil. Bu abidələr türk xalqlarının yazılı nitq mədəniyyətinin başlanğıc nöqtəsini, milli kimlik və dövlətçilik düşüncəsinin formalaşmasını simvolizə edir. UNESCO-nun qərarı bu tarixi faktın beynəlxalq humanitar kontekstdə yenidən aktuallaşdırılmasına, türk dillərinin ortaq mənəvi irs kimi təqdim edilməsinə xidmət edir.

Siyasi və mədəni aspektdən baxıldıqda, bu qərar həm də Türk Dövlətləri Təşkilatının son illərdə artan nüfuzunun və koordinasiyalı fəaliyyətinin nəticəsi kimi görülə bilər. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan kimi ölkələrin dil, elm və mədəniyyət sahəsində apardıqları birgə təşəbbüslər artıq beynəlxalq təsisatların qərarlarında əksini tapmağa başlayıb.

Nəticə etibarilə, “Dünya Türk Dilləri Ailəsi Günü” türk xalqlarının ortaq kimliyini gücləndirən, elmi tədqiqatların və tərcümə proqramlarının inkişafını təşviq edən mühüm platformaya çevrilə bilər. Bu, həm də UNESCO-nun mədəni müxtəlifliyin qorunması prinsipinə uyğun olaraq, türk dillərinin qlobal miqyasda daha görünən və dəyərli hala gəlməsinə şərait yaradır.

Zülfü Məmmədov

Seçilən
18
1
bakivaxti.az

2Mənbələr