AZ

COP30 ərəfəsində Aİ yeni iqlim hədəfini razılaşdırmağa çalışır

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 4 noyabr, AZƏRTAC

Oktyabrın 4-də Avropa İttifaqının (Aİ) ətraf mühit nazirləri noyabrın 6-da Braziliyanın Belem şəhərində açılacaq BMT-nin COP30 iqlim sammitindən əvvəl yenilənmiş iqlim hədəfini təsdiqləmək üçün təcili danışıqlar aparacaqlar.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, üzv ölkələrin vahid mövqedə razılığa gəlmək cəhdi son anda edilir: danışıqlarda fasilə Aİ-nin qlobal iqlim gündəliyində liderlik iddiasını sarsıda bilər. Belem müzakirələri ABŞ Prezidenti Donald Tramp da daxil olmaqla dünyanın ən varlı ölkələri liderlərinin siyasi müqavimətinə baxmayaraq, iqlim dəyişikliyinə qarşı mübarizəni davam etdirmək istəyini sınayacaq.

Çin, Böyük Britaniya və Avstraliyanın da yer aldığı bir sıra ölkələr artıq yenilənmiş iqlim öhdəliklərini təqdim ediblər. Lakin dünyanın ən iddialı karbon emissiyalarının azaldılması tədbirlərinə baxmayaraq, Avropa İttifaqı artan müdafiə və enerji xərcləri fonunda bu hədəflərə çatmağın iqtisadiyyata zərər verəcəyindən qorxan sənaye və hökumətlərin daxili müqaviməti ilə üzləşib.

Sentyabr ayında Aİ ölkələri 2040-cı il iqlim hədəfi ilə bağlı razılığa gələ bilməyib və indi nazirlər Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin COP30-da dünya liderləri ilə görüşündən bir neçə gün əvvəl kompromis əldə etməyə tələsirlər.

Aİ-nin iqlim komissarı Vopke Hoekstranın sözlərinə görə, geosiyasi vəziyyət əvvəlkindən daha mürəkkəbdir. “Buna baxmayaraq, Avropa İttifaqı Belemdə çoxtərəfli əməkdaşlığa və Paris Sazişinə sadiqliyini təsdiqləmək üçün əlindən gələni edəcək”, - deyə o, Kanadada keçirilən nazirlərin görüşündə qeyd edib.

Avropa Komissiyasının əsas təklifi 2050-ci ilə qədər iqlim neytrallığına nail olmaq məqsədini qorumaq üçün 2040-cı ilə qədər Aİ-də ümumi istixana qazı tullantılarının 1990-cı il səviyyəsi ilə müqayisədə 90% azaldılmasını ehtiva edir.

Lakin İtaliya, Polşa və Çexiya yüksək enerji qiymətləri, ucuz Çin idxalı və ABŞ tariflərindən əziyyət çəkən milli iqtisadiyyatları üçün bu cür tədbirlərin çox sərt olduğunu bildirib. Bu arada, Niderland, İspaniya və İsveç nümayəndələri iqlim vəziyyətinin pisləşməsinin və yaşıl texnologiyalarda Çinlə rəqabət aparmaq ehtiyacının daha qətiyyətli tədbirlər tələb etdiyini qeyd ediblər.

“Reuters” agentliyinin tanış olduğu kompromis sazişinin layihəsində Fransanın təklifi də yer alır. Bu bəndə görə, Aİ meşələrinin gözləniləndən daha az CO₂ udacağı təqdirdə iqlim hədəfinin yenidən nəzərdən keçirilməsinə icazə veriləcək.

Brüssel, həmçinin üzv dövlətlərin dəstəyini təmin etmək üçün bir sıra güzəştlərə getməyə hazırdır. Almaniya təklif etdiyi kimi, karbon qiymətlərinin tənzimlənməsi və 2035-ci ildən etibarən daxili yanma mühərrikli nəqliyyat vasitələrinə qoyulan qadağanın yumşaldılması nəzərdən keçirir.

Razılığa gəlmək üçün nazirlər 90 faizlik emissiya azalmasının hansı hissəsinin xarici karbon kreditləri almaqla kompensasiya edilə biləcəyini müəyyən etməlidirlər. Bu, milli sənaye sahələrinin yükünü effektiv şəkildə azalda bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
3
azertag.az

4Mənbələr