AZ

Müharibənin dördüncü ili: “Nə Rusiya, nə də Ukrayna üstünlük qazana bilmir”- SƏBƏBLƏR

Ukraynada müharibənin başlamasından artıq dörd ilə yaxın vaxt keçməsinə baxmayaraq, cəbhə xəttində ciddi dönüş müşahidə olunmur. Rusiya ordusu Donbass və cənub istiqamətlərində lokal irəliləyişlər əldə etsə də, bu uğurların hər biri ağır itkilər və resurs tükənməsi ilə müşayiət olunur. Savaş nə Rusiya üçün siyasi qələbə gətirib, nə də Ukraynanın müqavimət ruhunu sındıra bilib. Ekspertlər hesab edirlər ki, Moskva hərbi strategiyada durğunluq və fiasko mərhələsinə qədəm qoyub.

Politoloq Fəqani Məhərrəmli Editor.az-a açıqlamasında bildirib ki, Rusiyanın Ukraynada hərbi baxımdan ciddi uğursuzluğa düçar olduğu artıq danılmaz faktdır:

“Artıq dörd ilə yaxındır ki, rus ordusu Donbass bölgəsi və ətrafında xırda taktiki irəliləyişlərlə kifayətlənir. Bu ‘uğurlar’ belə, minlərlə insan itkisi və ciddi hərbi resursların tükənməsi bahasına başa gəlir. Eyni zamanda, Ukrayna da ağır zərbələr alır – şəhərlər, yaşayış məntəqələri yerlə-yeksan olur. Nəticədə bu mənasız və məqsədsiz müharibə tərəfləri çıxılmaz vəziyyətə salıb”.

F.Məhərrəmlinin sözlərinə görə, hazırda rus ordusu Pokrovski istiqamətində fəal hücum əməliyyatları həyata keçirməyə çalışır:

“Pokrovsk şəhəri Zaporoji istiqamətində strateji əhəmiyyətə malik cəbhə nöqtəsidir. Rusiya qüvvələri bu şəhəri ələ keçirərək Dnepr çayının sahillərinə çıxmaq və daha sonra Zaporoji şəhərini nəzarətə götürmək niyyətindədirlər”.

Ekspert hesab edir ki, Moskva bu əməliyyatları qış fəslindən əvvəl başa çatdırmağa can atır:

“Rus ordusu əməliyyatı nəyin bahasına olursa-olsun qış gəlməzdən bitirməyə çalışır. Çünki sərt hava şəraiti döyüşlərin intensivliyini xeyli azaldacaq. Kreml hesab edir ki, Dnepr sahillərinə çıxmaqla Ukraynanı kapituliyasiyaya məcbur edə biləcək. Lakin Ukraynanın müqaviməti hələ də çox güclüdür. Hətta Pokrovski itirilsə belə, rus ordusunu Zaporoji istiqamətində daha ağır döyüşlər gözləyir”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
29
editor.az

1Mənbələr