AZ

Mehdiyevin “çevriliş komandası” ifşa olunur – yeni həbslər, şok adlar

Sabiq PA rəhbərinin köməkçisi dövlətə xəyanət ittihamı ilə istintaqa cəlb edildi – prosesin genişlənəcəyi qaçılmazdır

Noyabrın 4-də sabiq PA rəhbəri Ramiz Mehdiyevin ayağına qandal vurulmaqla ev dustaqlığına göndərilməsinin 20-ci günü tamamlanır. Ötən günlər ərzində onun klanına qarşı aparılan istintaq prosesi yeni mərhələyə daxil olub. Uzun illər dövlətin müxtəlif strukturlarında gizli şəbəkə kimi fəaliyyət göstərmiş bu qrupun üzvlərinə qarşı həm kadr, həm maliyyə, həm də hüquqi istiqamətlərdə ciddi addımlar atılır. Musavat.com-un əldə etdiyi məlumatlara görə, istintaq artıq Ramiz Mehdiyevin yaxın çevrəsini əhatə edən bir sıra işlər üzrə real nəticələr əldə edib. Azərbaycan Milli Elmlər Akademiyasında baş vermiş mənimsəmə hallarının araşdırılması sürətlə davam edir. Xüsusilə AMEA-nın təsərrüfat və təchizat işlərinə rəhbərlik etmiş Elton Məmmədovun mənimsədiyi 3 milyon manatın dövlətə qaytarılması faktı istintaqın Ramiz Mehdiyev ətrafında toplanmış maliyyə resurslarını dövlətə qaytarmaq istiqamətində planlı fəaliyyət apardığını açıq göstərir.

Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin həbsi klanın təsir dairəsində olan məmurlara qarşı atılmış növbəti addım kimi qiymətləndirilir. Uzun illər Ramiz Mehdiyevin çevrəsi ilə sıx əlaqədə olan İslam Rzayev, təyinat və himayə sistemində mühüm fiqurlardan biri olub. Müşahidəçilər hesab edirlər ki, bu istintaq dalğası yalnız AMEA və Balakənlə məhdudlaşmır; klanın iqtisadi dayaqlarını tamamilə çökdürmək və dövlət resurslarını geri qaytarmaq məqsədini güdür.

Qalina

Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva ali təhsil müəssisəsindəki vəzifəsindən uzaqlaşdırılıb. Bundan əvvəl də onun istintaqa dəvət olunması xəbərləri yayılmışdı. Bu addımlar  Ramiz Mehdiyev ailəsinin dövlət strukturlarında illərlə qorunan nüfuz dairəsinin sarsıldığını göstərir. Ən çox diqqət çəkən isə Ramiz Mehdiyevin oğlu, Fövqəladə Hallar Nazirinin müavini Teymur Mehdiyevin fəaliyyətsizliyidir. Son günlər o, vətəndaş qəbullarına qatılmayıb, qəbulu əvəzinə polkovnik Riyad Muğanlinski həyata keçirir. Siyasi müşahidəçilər hesab edirlər ki, bu addım klanın dövlət strukturlarındakı son dayaqlarının da çöküşünü simvolizə edir.

AMEA katibliyinin keçmiş rəisi, Prezident Administrasiyasının sabiq əməkdaşı Eldar Əmirov Ramiz Mehdiyev işi çərçivəsində həbs edilib. Səbayel Rayon Məhkəməsi onu 4 ay müddətinə həbs-qətimkan tədbiri ilə saxlayıb. Eldar Əmirov dövlətə xəyanət, dövlət çevrilişinə cəhddə ittiham olunur.

Eldar

Qeyd edək ki, Eldar Əmirov Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri olduğu vaxt onun köməkçisi olub. Eldar Əmirov uzun illər Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) müxtəlif vəzifələrdə çalışıb. O, siyasi elmlər üzrə fəlsəfə doktorudur və uzun müddət Ramiz Mehdiyevin ən yaxın çevrəsində yer alıb.

2019-cu ildə Ramiz Mehdiyev AMEA prezidenti təyin edildikdən sonra Eldar Əmirov akademiyanın strukturunda əsas fiqurlardan birinə çevrilib. Mətbuatda o, “AMEA-nın de-fakto rəhbəri”, “Mehdiyevin sağ əli” kimi təqdim olunurdu.

Əmirovun kadr siyasətinə və institutdaxili proseslərə ciddi təsir göstərdiyi, bir çox hallarda qərarların məhz onun vasitəsilə icra edildiyi iddia edilir.

Məlumata görə, Eldar Əmirov barəsində Daxili İşlər Nazirliyinə daxil olan çoxsaylı şikayətlər əsasında araşdırma aparılıb. İddialara əsasən, o, AMEA-da vəzifələrin verilməsi və digər inzibati məsələlərdə “maddi maraqlar” müqabilində qərarlar çıxarıb.

Hazırda onun fəaliyyəti ilə bağlı istintaq aparılır və araşdırmalar davam edir.

Putin

Mətbuatda Eldar Əmirovun “AMEA-nın kölgə rəhbəri” kimi tanınan Ramiz Mehdiyevin prezidentliyi dövründə AMEA-nın idarəçiliyində əsas söz sahibi olduğu vurğulanır. O, elmi idarəetmə sistemini öz nəzarətində saxlayan, kadr təyinatlarında həlledici rol oynayan şəxs kimi təqdim olunurdu.

Onun həbsi ilə bağlı xəbərlər AMEA-nın son illərdəki idarəçilik modelini və oradakı şəxsi maraqlar sistemini yenidən gündəmə gətirib.

Bundan əlavə, Elton Məmmədov da istintaqa cəlb olunub. Baş Prokurorluq bildirir ki, Elton Məmmədov tərəfindən mənimsənilmiş 3 milyon manat dövlət büdcəsinə tam şəkildə qaytarılıb, həmçinin mediada yayılan yanlış açıqlamalarla bağlı ona xəbərdarlıq edilib.

SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılov isə uzun illər Ramiz Mehdiyevin himayəsi altında fəaliyyət göstərib. Dövlət Neft Şirkətinin iri layihələrindən əldə edilən vəsaitlərin böyük hissəsi klana və şəxsi şəbəkəsinə yönləndirilib. Məlumatlara görə, Mikayıl İsmayılovun xaricdəki daşınmaz əmlak imperiyası ifşa olunub.

Şabran rayonundan olan sahibkar Mansur İbrahimov deyir ki, Ramiz Mehdiyev və qohumları, o cümlədən kürəkəni İlham Əlisəftər oğlu Əliyev vəzifədə olarkən onun qiyməti milyonlarla manat olan əmlakını təzyiq göstərməklə, aldadaraq əlindən alıblar.

Mansur İbrahimov bildirib ki, Quba, Xaçmaz və Şabran rayonlarında böyük ərazilər və mülklər Ramiz Mehdiyevin qohumları tərəfindən zəbt olunub. O, konkret faktlar təqdim edib. Bildirib ki, 2006-cı ildə təsis etdiyi “Turaz” MMC və “Dostluq-MK” MMC-ni, həmçinin 100 hektara yaxın torpaq sahələrini Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev və qohumları ələ keçirib. 3 milyon manat dəyərində alqı-satqı müqaviləsi formal olaraq rəsmiləşdirilsə də, faktiki ödəniş edilməyib. Sahibkarın hüquqları məhkəmələrdə də müdafiə olunmayıb, hakimlər klanın təsirindən çıxış edərək xeyrinə qərar çıxarmayıblar.

“Mən möhtərəm cənab Prezident İlham Əliyevin kənd təsərrüfatı ilə bağlı tədbirlərinə 10 il ardıcıl dəvətli sahibkarlardan olmuşam. Möhtərəm cənab Prezidentimizin fındıq bağlarının salınması ilə bağlı biz sahibkarlara çağırışı ilə Şabranda 12 hektar fındıq bağı salmışdım. Həmin fındıq bağı Ramiz Mehdiyevin şəxsən əraziyə gəlməsi və tapşırıq verməsi ilə yerlə bir edildi, əkdiyimiz ağaclar məhv olundu”, – Mansur İbrahimov ölkə rəhbərliyinə müraciətində yazıb.

Sahibkar əlavə edib ki, Ramiz Mehdiyevin adamları yalnız onun deyil, bölgədəki digər sahibkarların da əmlaklarını ələ keçirib. Ramiz Mehdiyevin kürəkəninin də bu və digər qanunsuz, cinayətə bərabər əməllərinə görə istintaqa cəlb olunacağı gözlənilir.

Hazırkı proseslər göstərir ki, istintaq orqanları Ramiz Mehdiyev şəbəkəsinin illərlə dövlət resurslarını mənimsəmə mexanizmini tam ifşa etməyə və həmin vəsaitləri geri qaytarmağa yönəlib. Dövlət strukturlarında illərlə qorunan nüfuz dairələrinin dağıdılması və maliyyə mənimsəmələrinin üzə çıxarılması prosesi vətəndaş cəmiyyətinə açıq mesaj verir ki, heç bir yüksək vəzifəli şəxs qanundan kənarda deyil.

Musavat.com

Seçilən
25
3
editor.az

4Mənbələr